Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri

 

Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.

Heydər Əliyev

 

Məlumdur ki, Azərbaycanda multikulturalizm xalqın həyat tərzi kimi böyük tarixi inkişaf yolu keçərək, bu gün dövlətin əsas siyasi xətlərindən birinə çevrilib. Dünyada milli, dini diskriminasiyanın, irqçiliyin yayıldığı bir dövrdə Azərbaycan dövlətinin multkulturalizmə, tolerantlığa özünün dövlət siyasətinin aparıcı istiqaməti kimi yanaşması mühüm əhəmiyyət kəsb edir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı diyar, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.

Bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqi böyük əhəmiyyət kəsb edir.

Məhz buna görə də, mövzunun aktuallığı nəzərə alınaraq məqalədə mültikulturalizm, Azərbaycanın mültikultiralizm təcrübəsi və qlobal perspektivləri araşdırılaraq, təhlil edilmişdir. Məqalənin birinci hissəsində multikulturalizmin anlayışı, əhəmiyyəti, ikinci hissəsində Azərbaycanın çox əsrlik multikulturalizm ənənələri, Azərbaycan multikulturalizminin inkişafında Ulu Öndərin töhfələri, üçüncü hissəsində isə Azərbaycan multikulturalizm modelinin qlobal perspektivləri təhlil edilmişdir. Nəticə hissəsində isə, gəlinən ümumi nəticələr və təkliflər öz əksini tapmışdır.

Multikulturalizmin anlayışı və əhəmiyyəti

Multikulturalizm — İngilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir. Çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə yaxud ideologiya olaraq multikulturalizm, tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.

Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, onların nümayəndələrinə hörmət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqonu qurmaq mümkünsüz olar.

Bir çox minilliklərlə ölçülən təkamül nəticəsində ruhi mədəniyyət bəşəriyyətin sosial inkişafının, intellektual və mənəvi tərəqqisinin universal əsası olmuşdur. O, informasiya və etik qlobal cəmiyyətin formalaşması səviyyəsinə və tempinə, istehlak sənayesinə, xalqların tarixi məsuliyyətinə, siyasətə və idarəçiliyə, sülh və beynəlxalq münasibətlər mədəniyyətinə böyük təsir göstərmişdir. Mədəni mübadilə və qarşılıqlı zənginləşmə, xalqların sosial, mədəni inkişaf təcrübəsini, dünya mədəniyyətinin tarixi qanuna uyğunluqlarını bilmə və yaradıcı şəkildə istifadə etmə qloballaşma şəraitində ölkələrin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz inkişafı üçün mühüm nəzəri və praktik əhəmiyyət kəsb etmişdir.

Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır. Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır, multikulturalizm də konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.

Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından, davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir. Xarakter fərdi və milli kimliyi müəyyən edir. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır.

Multikulturalizm cəmiyyətdə mövcud olan dəyərləri çoxaldır. Bu dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm cəmiyyətə xarici mədəni elementlərin axınını təmin edir. Bu axın sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət regionu meydana gəlir. Dəyərlər sistemi zənginləşir. Multikulturalizm sayəsində dünyanın mədəniyyət potensialı bir məkana cəlb olunur.

Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada sürətlə tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət müstəvisini meydana gətirir. Multikulturalizm fərdin beynəlmiləlləşməsini təmin edir, xalqların mədəni bütövlüyünü meydana gətirir. Milli mədəniyyətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir.

Multikulturalizmin əhəmiyyəti həm də ondan ibarət olur ki, kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük xalqların mədəni elementlərindən faydalanmaq imkanları əldə edirlər. Bu da özlüyündə kiçik xalqların ruhunu zənginləşdirir. Multikulturalizm çoxlu sayda xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirir. Bunun da sayəsində yaradıcılıq və quruculuğun genişlənməsi prosesləri baş verir.

Multikulturalizm monoton dövlətlərin və cəmiyyətlərin yaranmasının qarşısını alır və kasıb mədəni regionların formalaşmasına mane olur. Bu baxımdan da regionlarda müharibələrin qarşısını alan faktorlar rolunda çıxış edir. Multikulturalizm xalqın və dövlətin beynəlxalq təhlükəsizliyini təmin edir. Regional qarışıq mədəni elementlər bu elementlərə xas olan dövlətlərin gücünü artırır, əlaqələrini genişləndirir və sərhəd təhlükəsizliklərini təmin edir. Məsələn, bir dövlət ərazisində yaşayan digər xalqlar hesabına (qonşu xalqlar nəzərdə tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi təmin olunur və iqtisadi əlaqələri də genişlənir.

 

 

Azərbaycanda çox əsrlik multikulturalizm ənənələri

Multikulturalizmin Azərbaycanda öz tarixi kökləri vardır. Vətənimizdə uzun əsrlərdir ki, fərqli dini konfessiyalar, müxtəlif xalqlar və etnik qruplar sülh, dostluq, qardaşlıq şəraitində yanaşı yaşayırlar. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşamışdırlar.

Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq, dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamışdır və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar da yaşayırlar. Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur. Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər.

Fərəhləndirici haldır ki, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi doqquz milyon vətəndaşı olan Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. O cümlədən, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılmışdır. Bu isə bir daha Azərbaycanda bütün dinlərin bərabər yaşaması üçün geniş imkanların yaradıldığından xəbər verir.

 

Azərbaycan multikulturalizminin inkişafında Ulu Öndərin töhfələri

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini məhz ümummilli liderimiz Heydər Əliyevin siyasi gücü bərpa etmişdir. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab etmişdir. O, etnik azlıqların hüquq və azadlıqlarının, onların etnomədəni və dini dəyərlərinin qorunmasını insan hüquqları və əsas azadlıqları çərçivəsində nəzərdən keçirmişdir.

Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli, mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş, əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda da uğurla davam etdirilməkdədir.

 

Əliyeva, Sara.

 

Palitra.-2016.-22 noyabr.-S.12.