“Gənclər üçün
İKT ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərinin
keçirilməsi vacibdir“
Seymur Hüseynov:
“Gənclərimiz
üçün İKT sahəsinin
inkişafı məlumata çıxışı
asanlaşdıraraq hər bir insana təhsil almaq,
öyrənmək üçün bərabər
imkanlar yaradır”
Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynovla
müsahibəni təqdim edirik.
- Öncə rəhbəri olduğunuz təşkilat haqqında danışmağınızi istərdik.
-Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 114 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatların yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.
ARGTMŞ 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
2002-ci ildə ARGTMŞ Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edir. İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 2004-cü ilin may ayında keçirilən 31-ci görüşündə isə təşəbbüsün dəstəklənməsi qərara alınır.
2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət “Dünya Azərbaycanlı Gənclər Birliyini”, 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrinin iştirakı ilə isə “Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi”ni təsis etmişdir.
ARGTMŞ-nin missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasıdır.
ARGTMŞ öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır.
Milli Şura öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı və missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (Gənclər) strategiyasını qəbul edib. “3G” strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir və gənclərə yönəldilib. Əsas prioritet istiqamətlər bunlardır:
(1) gənclər siyasətinə dəstək , (2) gənclərin əməkdaşlıq imkanlarının artırılması və (3) gənclər təşkilatları institutunun gücləndirilməsi .
-Bildiyimiz
kimi, artıq İKT insanların bütün həyatına sirayət edib. Ümumiyyətlə, İKT-nin
inkişafı gənclərin həyatını nə dərəcədə
asanlaşdırıb?
-Dövrümüzdə İKT insanların həyatının bütün sahələrində işlərini asanlaşdırıb. Artıq insanlar evdən çıxmadan alış-verişlərini, kommunal ödəmələrini bir neçə dəqiqə içində edə, banka getmədən əməliyyatlarını həyata keçirə, distant təhsil və onlayn resurslardan istifadə edə bilərlər. Biznes, sənaye və kənd təsərrüfatı sahələri də İKT-nin inkişafı hesabına öz potensialını qat-qat artırıb, şirkətlər müştərilərinə birbaşa çıxış əldə edib, müştərilərlə birbaşa ünsiyyətdə ola bilirlər. Dövlət idarəetməsində İKT-dən istifadə şəffaflığın artırılması və vətəndaşlara keyfiyyətli dövlət xidmətlərini təqdim etmək imkanı yaradır.
Hesab edirəm ki, gənclərimiz üçün ən əsası bu sahənin inkişafı məlumata çıxışı asanlaşdıraraq hər bir insana təhsil almaq, öyrənmək üçün bərabər imkanlar yaradır. İKT imkanlarından istifadə edərək biz dünyaya daha yaxın ola, sərhədləri aşa bilirik. Ölkəmizi tanıtmaq üçün əlavə alətlər əldə edirik.
İnformasiya kommunikasiya texnologiyalarının inkişafı müasir dövrdə bəşəriyyətin post-industrial informasiya cəmiyyətinə keçidi mümkün edib. Ümumiyyətlə, informasiya cəmiyyətinin əsas fəlsəfi mənası bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiya mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarətdir. Onun əsas məqsədi informasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə bir tərəfdən bəşəriyyətin qarşısında duran problemləri həll etmək, digər tərəfdən isə cəmiyyətin inkişafını təmin etməkdir.
İnformasiya cəmiyyətinə keçid prosesinin vacib fenomeni internetdə sosial şəbəkələrin yaranması və sürətlə həyatımızın bir parçasına çevrilməsidir.
-Gəncləri bir araya gətirmək
baxımından sosial şəbəkələrin
nə kimi rolu var?
-Qeyd edim ki, bu gün Azərbaycanda 1.5 milyon “Facebook” sosial şəbəkəsinin istifadəçisi var. Onlardan təxminən 1.1 milyonunu, yəni 73%-ni gənclər və yeniyetmələr təşkil edir. Müasir dünyada gənclər vaxtlarının təxminən yarısını sosial şəbəkələrdə keçirir. Artıq gənclər dostları ilə əlaqələrini sosial şəbəkələr vasitəsi ilə saxlayır, yeni insanları tanıyır, məlumatların əksəriyyətini sosial şəbəkələrdən alır, eləcə də bütün qurum və müəssisələr hər hansı bir tədbir olduqda sosial şəbəkələrdə tədbir təşkil edir və insanlarla əlaqə saxlayırlar. Eyni və ya oxşar maraqlara sahib olan gənclər sosial şəbəkələr vasitəsi ilə şəbəkələşir və müəyyən fəaliyyətlərlə məşğul ola bilirlər. Ümumilikdə, sosial şəbəkələr daha çox kütlələrə çatmaq üçün ən sərfəli və ən sürətli vasitə rolunu öz öhdəsinə götürmüşdür.
Xüsusən, gənclərin İKT sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması, sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunması məqsədilə Milli Şura tərəfindən 2013-cü ildə “Xətdə” Proqramına start verib. Bu proqram çərçivəsində 1000-dən artıq gənc təlimləndirilib, ölkəmizin ictimai-siyasi həyatında vacib hadisələr zamanı - Prezident seçkiləri, Ümumxalq Referendumu, “Avroviziya-2012” mahnı yarışması, “Bakı-2015” Avropa Oyunları, Dağlıq Qarabağla bağlı məsələlərdə yüzlərlə gənci təşkilatlandırıb, milyonlarla şəxs arasında təbliğat-təşviqat işləri aparılıb.
-İKT ilə
bağlı gənclər arasında maarifləndirmə tədbirlərinin
keçirilməsinə nə dərəcədə ehtiyac var?
-Qeyd etdiyim kimi, İKT sahəsi gündən-günə dəyişən, inkişafda olan və yeni imkanlar təklif edən bir sahə olduğundan bu sahədə baş verən yenilikləri daima izləmək və öyrənmək lazımdır. Bunun üçün də gənclər üçün mütəmadi olaraq İKT sahəsi, onun imkanları və bu imkanlardan effektiv istifadə olunması haqqında maarifləndirmə tədbirlərinə ehtiyac var. Həmçinin İKT sahəsinin çox sayda faydaları olmaqla yanaşı, ondan düzgün istifadə edilməməsi bir çox problemlərə gətirib çıxara bilər. Bir çox vebsayt və proqramlar insanların şəxsi məlumat bazasına sahib olur, təbii ki, bu məsələ birbaşa onların informasiya təhlükəsizliyinə toxunur. Buna görə də, İKT resurslarından istifadə edərkən gənclərin təhlükəsizlik və məxfilik qaydalarını bilməsi yönündə maarifləndirilməsi də ən əsas istiqamətlərdəndir.
Hesab edirəm ki, ölkədə informasiya cəmiyyətinin bərqərar
olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin,
dövlətin inkişafı üçün
səmərəli istifadə edilməsi, ölkənin
davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində
hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni
sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi
məqsədi daşıyan “İnformasiya
Cəmiyyətinin inkişafına dair
2014-2020-ci illər üçün Milli Strategiya” və Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2016-2020-ci illər üçün
Dövlət Proqramı bu sahənin
inkişafı üçün yeni imkanlar yaradacaq
və gənclərimiz bu istiqamətdə
fəal rol oynayacaqlar.
Fuad Hüseynzadə
Palitra.-2016.-23 noyabr.-S.11.