Onun dünyasında heç nə dəyişmir...
O özünü
hər zaman güclü,
müstəqil dövləti olan bir xalqın
nümayəndəsi
olaraq göstərir
Azərbaycandan kənarda yaşayan hər bir soydaşımız diaspor məsuliyyəti daşıyır. Onların bu məsuliyyəti dövlət, xalq qarşısındadır. Diasporda çalışan soydaşlarımızın hər hansı xüsusi peşə sahibi olması isə onların məsuliyyətini ikiqat artırır. Çünki həm diaspor məsuliyyəti, həm də peşə məsuliyyəti hiss edirlər. Öz peşəsini mükəmməl bilən üçün, əslində, bu, həm də bir avantajdır. Yəni onlar yaşadıqları ölkələrdə peşələrində tanınmış birisi olmaqla, eyni zamanda Azərbaycanı tanıtmış sayılırlar. Bu baxımdan Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri və cüdo ustası Natiq Bağırov milli diasporda flaqmandır. O, nəinki Azərbaycanda və Belarusda, ümumiyyətlə, dünyada tanınmış bir idmançıdır. Natiq müəllim Azərbaycan və Belarus sərhədlərini aşaraq bir idmançı kimi dünyada ölkəmizin təbliğçisidir.
Sambo və cüdo üzrə 4 dəfə dünya, 5 dəfə Avropa çempionu, Belarusun Əməkdar idman ustası olan Natiq Bağırovun keçmiş, indiki və gələcək ömür yolunu analiz etsək təxmini belə bölgü aparmaq olar: idmançı (bu da bölünür Azərbaycanda və Belarusda), diaspor üzvü və ictimai xadim. Onun 50 illiyi münasibəti ilə 2 dildə çap olunan “Natiq Bağırov - idman onun həyatıdır” adlı miniatür kitabını oxuyandan sonra bu bölgü daha dəqiq anlaşılır. Tanınmış jurnalist İradə Əliyevanın müəllifi olduğu bu kitabda Natiq Bağırovun həyat yolunun sanki eskizi çəkilib. Bu həyat yolu haqqında “rəngli çalarlara” yazmaq üçün isə, hər halda, bir kitab bəs etməz. Çünki Natiq Bağırov dövlət və xalq üçün faydalı əməyi ilə ensiklopedik həyat yaşayır.
Onun avtobioqrafiyasını oxuyanda görünür ki, necə zəhmətkeş insandır. Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, bu yaxınlarda çap olunan “Dünya azərbaycanlılarının palitrası” adlı kitabımda Natiq müəllimlə də müsahibəm yer alıb. Diqqətçəkən məqam odur ki, kitabda ən genişhəcmli avtobioqrafiya məhz Natiq müəllimə məxsusdur.
Hər diaspor üzvü yaşadığı ölkədə bu səviyyəyə çata bilmir...
İ.Əliyeva öz kitabında qəhrəmanının avtobioqrafiyasına geniş şəkildə yer verib. Lakin ondan özəl və vacib bir hissə xüsusi qeyd edilməlidir: “Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Natiq Bağırovu şəxsən tanıyır. Həm Əməkdar idman ustası, həm də Azərbaycan-Belarus xalqları arasında dostluğun möhkəmləndirilməsi işinə əvəzsiz töhfələrini verən ictimai xadim kimi. Dünya- şöhrətli idmançımızın ömür yolu, vətənpərvər ictimai-siyasi fəaliyyəti bu gün onun əsl ziyalı və şəxsiyyət obrazını tamamlayır”. Hər diaspor üzvü yaşadığı ölkədə bu səviyyəyə çata bilmir. Belarus prezidenti səviyyəsində tanınması bir diaspor üzvü olaraq Natiq müəllimi bir çoxlarından fərqləndirir. Bu da onun diaspor fəaliyyətində hədəflərini doğru və düzgün müəyyən etməsindən irəli gəlir. Çünki diasporun dövlətlərarası münasibətlərin inkişafında özünəməxsus rolu var. Məhz Natiq müəllimin hərtərəfli fəaliyyəti ilə iki ölkə arasında münasibətlər ildən-ilə daha da yaxşılaşır. O, diaspor olaraq tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi Belarusda layiqincə tanıtmaqla bu ölkənin istər yerli, istər rəsmi dairələrinin diqqətini çəkmiş olur. Bununla yanaşı, Belarusun ictimai-siyasi proseslərində fəallıq göstərir. Keçirdiyi tədbirlərə ölkənin daha çox siyasi və akademik elitasını cəlb edir. Belə olduqda Belarus hökumətinin və xaqlının marağını qazanır. Xaricdə daimi yaşayan, işləyən, təhsil alan hər bir azərbaycanlı bu münasibətlərin inkişafında əhəmiyyətli rol oynamalıdır.
Onu da deyim ki, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olan Natiq Bağırov 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilib.
Dünya
cüdo aləminə
səs salan idmançı
30 ilə yaxındır
Minskdə yaşayan soydaşımız Belarusda
idmanın inkişafına
da öz töhfəsini verib. Hazırda Belarusun
cüdo üzrə milli komandasına rəhbərlik edən Natiq müəllim gənc nəslə bu idman növünün
incəliklərini də
öyrədir. İ.Əliyeva
kitabda haqlı olaraq qeyd edir
ki, Natiq Bağırovun sevdiyi sənətə bağlılığı
ona daha çox güc, qüvvət, möhkəmlik,
cəsarət və qətiyyət verirdi: “Çox düşündükdən
sonra Belarus yığmasına
rəhbərlik etmək
təklifi ilə razılaşdı. Məşqçi kimi də özünə
inamlı idi. İdmanla məşğul
olduğu dövrlərdə
az məşqçi
görməmişdi. Onların ən
yaxşı keyfiyyətlərini
əxz edə bilmişdi”.
Natiq Bağırov
dünya cüdo aləminə səs salan idmançılardandır. O səsin
uğultuları bu gün hələ də qulaqlarda qalıb. Çünki bu gün cüdonun tarixindən danışanda ilk yada düşən Natiq müəllim olur. “Mənim dünyamda
heç nə dəyişmir” deyən Natiq Bağırov sambo və cüdoya
təkcə bir idman növü kimi deyil, eyni
zamanda elmi nöqteyi-nəzərdən yanaşır.
O, “Sambo və cüdo yarışlarının
başqa bir fəlsəfəsi var...” deyərək öz peşəsinin dərin elmi qatlarına belə, nüfuz edir. Məhz elə bunun
nəticəsidir ki,
o, adi idmançılardan
fərqli olaraq cüdoda bir sıra reformalar edib. Kitabda müəllif bu barədə yazır: “Hər bir peşənin,
sənətin öz xüsusiyyətləri var. İdman,
ilk növbədə insana
möhkəm xarakter, başladığı işi
sona çatdırmaq,
fiziki güc və iradə bəxş edir. Digər sahələrdə səni
kimsə əvəz edə bilər, idmanda isə bu, mümkün deyil. Həmyerlimiz cüdoda bir
sıra yeniliklər də edib. Doğrudur, bir çox hakimlər onun bu döyüş
üsullarını qəbul
etmək istəməyiblər...
O, hətta yarışın
gedişində bədahətən
nə isə təzə bir şey fikirləşib tətbiq edə bilər”.
Hər kəs istər ki, onun kimi
olsun
Ümumiyyətlə, Natiq müəllim hərtərəfli insandır. Kitabı
oxuyanda onun haqqında bilmədiyimiz məqamları da öyrənmək olar: “Natiq Bağırov 9 dil bilir. Onun yeni
dillər öyrənmək
istəyi tükənmir.
Doğma
Azərbaycan dilini isə heç vaxt yaddan çıxarmır.
27 ildir xaricdə
yaşamasına və
çevrəsindəki insanların
çoxu ilə rus, Belarus, ingilis dillərində ünsiyyətdə
olmasına baxmayaraq, istənilən an azərbaycanca
danışmağa çətinlik
çəkmir. Həmişə öz xalqı, Vətəni, torpağı,
milləti ilə fəxr edir. Azərbaycan üçün qəlbindən
keçirdiyi qürur
hissi hər yerdə Natiqin stimulu və ilham mənbəyi olur”.
Onun bacarıqları
təkcə bununla bitmir. Natiq müəllimin güclü
musiqi istedadı var.
O, professional şəkildə gitarada ifa edə
bilir. Bununla yanaşı, hələ
şeir yazmağı
da var. Hətta özünün xəbəri
olmadan 50 illiyi münasibətilə ailəsi
onun şeirlər kitabını çap etdirib.
Yeri gəlmişkən,
Natiq Bağırovun övladları da onun yolunun davamçısıdır. Belarus mediası onun özü ilə yanaşı, övladlarının
da uğurlarına geniş yer verir. Kitabda Belarus jurnalistlərinin fikirlərindən
bu iqtibas diqqət çəkir: “Azərbaycanda uşaqları
xüsusi bir məhəbbətlə sevirlər.
Natiqin iki oğlu var. Anar və Arif.
Hər ikisi cüdo və sambo ilə
məşğul olur.
Anar bir neçə dəfə Belarus çempionu
olub və beynəlxalq turnirlərdə
birinci yeri tutub. Sonradan təhsilə daha
çox diqqət yetirdiyi üçün peşəkar idmanı tərk edib. Arif isə Belarus Milli Komandasının üzvüdür,
Avropa çempionatının
qalibidir. Gənclər arasında dünya birinciliyinin gümüş
mükafatçısıdır”.
Natiq müəllim
hər zaman başqalarına örnək
olub. Və hər kəs
istər ki, Natiq Bağırov kimi olsun. O öz səmimiyyəti, müsbət aurası ilə gənclər üçün motivasiya mənbəyinə çevrilib.
Müəllif də buna görə kitabda Natiq müəllimin
gənclər üçün
tövsiyələrini qeyd
edib: “"İlk növbədə onlar (gənclər-F.H.) bilməlidirlər
ki, bu iş,
idmanla məşğul
olmaq onlara lazımdırmı? Hələ uşaqlıqdan
qoyulan bünövrə,
bazis budur. Əgər belədirsə, qarşına
məqsəd qoymalı
və ona doğru getməlisən.
Əgər böyük nəticə
əldə etmək istəyirsənsə, peşəkar
olmalısan. Əgər idmanla
məşğul olursansa,
vicdanla məşq etməlisən. Əqli imkanlardan
səmərəli istifadə
etmək, yəni daim oxumaq, öyrənmək
lazımdır. Yalnız
ağılsız adam deyə bilər ki, idmanda bilik lazım
deyil. Erkən yaşlarından idmanla məşğul olan uşaqlara məktəbdə dərslərdən
geridə qalmağa imkan verilməməlidir.
Məşqçiyə diqqətlə qulaq
asmaq, səhvləri təkrar etməmək vacibdir. Və əlbəttə ki, özünə inam bəsləmək, valideynləri, dostları sevmək, heç vaxt kobudluq etməmək
lazımdır. Hünərli, qətiyyətli olmalısan.
Hər şey məhz bunlardan başlanır.
Mən əsl idmançının
yolunu belə görürəm”.
Bu gün Natiq Bağırov həm bir idmançı, həm diaspor, həm də ictimai xadim kimi Belarusun tanınmış simalarındandır. İdmanda qazandığı zəfərlər, Belarusdakı soydaşlarımızın xeyir-şərinə yaraması onu hamı tərəfindən sevdirib. Onun diaspor fəaliyyətinin özəlliyi bundan ibarətdir ki, Belarusda Konqresin, xüsusən, regional təşkilatların fəaliyyətinin daha da güclənməsinə çalışır. Həmçinin Belarus xalqına böyük bir güclə Azərbaycanı daha geniş şəkildə tanıdır. Eyni zamanda gənclərin fəaliyyətinə də geniş yer verir. Natiq müəllim hər zaman özünü güclü, müstəqil dövləti olan bir xalqın nümayəndəsi olaraq göstərir. Prezident İlham Əliyevin “dünyada yaşayan bütün azərbaycanlılar həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır” sözlərinə inanaraq hər zaman Azərbaycan dövlətinə arxalanır.
Fuad Hüseynzadə
Palitra.-2016.-24 noyabr.-S.7.