Qazaxıstanda azərbaycanlı iş adamlarının yeni
təşkilatı yaradılıb
Qazaxıstanda yaşayan azərbaycanlı iş adamları yeni təşkilat təsis ediblər. Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü və yaxından köməyi ilə yaradılan, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarların İttifaqının əsas məqsədi bu ölkədə xırda və orta bizneslə məşğul olan hüquqi və fiziki şəxslərə konsaltinq, marketinq xidmətləri göstərmək və onların hüquqlarını qorumaqdır.
İttifaqın sədri Gündüz
Məmmədli bildirib ki,
yeni təşkilat Qazaxıstanda fəaliyyət
göstərən azərbaycanlı iş
adamlarına və onların tərəf müqabillərinə
böyük imkanlar açacaq. Yeni qurum Prezident İlham Əliyevin tapşırığı
ilə İqtisadiyyat Nazirliyinin
ixracın təşviqi istiqamətində apardığı
siyasətə uyğun olaraq
Qazaxıstanda layihələrin reallaşdırılması məqsədilə
AZPROMO ilə sıx əməkdaşlıq edəcək. Bununla əlaqədar,
təşkilat azərbaycanlı sahibkarlara
Qazaxıstanda tərəf müqabillərin
tapılmasında, ölkəmizdə fəaliyyət göstərən
istehsal müəssisələrinin, eləcə
də kənd təsərrüfatı məhsullarının
mütəmadi olaraq bu
ölkədə satışının təşkil
olunması üçün
distribüterlər, iri ticarət və
topdansatış şirkətləri ilə birbaşa
əlaqələrin qurulmasında mühüm
rol oynayacaq, onların
informasiya təminatında iştirak
edəcək. Xırda və orta
bizneslə məşğul olan azərbaycanlı
sahibkarların fəaliyyətinin genişləndirilməsi, Azərbaycan
məhsullarının Qazaxıstana ixracı, bu
məqsədlə yeni bazarların müəyyən
edilməsi, eləcə də Qazaxıstandan ölkəmizə
məhsulların idxalının təşkil edilməsinə
dəstək təşkilatın qarşısında duran mühüm vəzifələrdən
olacaq. G.Məmmədli bildirib
ki, “Made in Azerbaijan” brendinin bu ölkədə
təşviqi məqsədilə ittifaq mühüm layihələr həyata
keçirəcək. Artıq Qazaxıstanın
6 vilayətində - Almatı, Qərbi Qazaxıstan, Manqistau, Atırau, Akmola, Cənubi
Qazaxıstan və Qızılorda vilayətlərində səfirliyin
yaxından iştirakı və köməyi ilə yerli Sahibkarlar Palatası
ilə əməkdaşlıq barədə sazişlər və
memorandumlar imzalanıb, konkret
biznes layihələrinin icrası üçün işçi
qruplar yaradılıb. Qazaxıstanda
fəaliyyət göstərən azərbaycanlı iş adamlarından ibarət ittifaqı bu bazara üz
tutan azərbaycanlı iş
adamları və şirkətlərimiz arasında daimi işgüzar əlaqələrin
yaradılmasını təmin edəcək, onlarla
birgə investisiya layihələrinin
işlənilməsinə kömək edəcək. Yeni qurum Azərbaycan səfirliyi
ilə də sıx işləyəcək, regional
nümayəndəliklərini yaratmaqla
inkişafını təmin edəcək.
Anar
Palitra.-2016.-26 noyabr.-S.10.