Avropada hər üç
qadından biri şiddət
qurbanıdır
25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür. Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb. Tarixin seçilməsi isə 1960-cı il noyabrın 25-də Dominikanda diktator rejiminə qarşı mübarizə aparan Mirabal bacılarının edam olunması ilə bağlıdır. Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir, ondan həmçinin oxşar hadisələrdə istifadə edilir. Son illər onun mövcudluğu tədricən ölkələrin çoxunda tanınır. Lakin qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır. Qadınlara qarşı məişət zorakılığı planetin hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Təəccüblü deyil ki, müstəqil və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər. Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək. Çox səbirli olmağın əsası hələ uşaqlıqda qoyulur. Qadın ya elə ailədə böyüyüb ki, orada zorakılıq adi hal olub, ya uşaq vaxtı valideyn sevgisindən məhrum olub, ya da zülm altında böyüyüb, ona xoş sözlər deyən və hədiyyə verən olmayıb və nəticədə onda özünü aşağı qiymətləndirmə keyfiyyəti formalaşıb.
Ölkəmizdə qadın zorakılığına qarşı mübarizə ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. 25 noyabr dünyada ənənəvi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilib. Bu vətəndaş cəmiyyəti təşəbbüsünə dəstək olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai və ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gill sosial media istifadəçilərinə videoismarıc göndərərək, onları qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb və gender əsaslı zorakılığın aradan qaldırılmasında təhsilin rolunun vacibliyini vurğulayıblar.
Ölkəmizdə qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunan “Gender əsaslı zorakılığa qarşı 16 günlük fFəallıq” təbliğat-maarifləndirmə kampaniyası AQUPDK, BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), Avropa Birliyinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, ABŞ Dövlət Departamentinin Narkotiklər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə Bürosu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakı Metropoliteni” QSC-nin təşkilatçılıqı ilə həyata keçirilir.
Kampaniya çərçivəsində təşkilatçılar tərəfindən ölkə ərazisində yerləşən “ASAN xidmət” mərkəzlərində bukletlərin paylanması, Azərbaycan Futbol Liqasının oyunları vasitəsilə maarifləndirmənin aparılması, “Ganjlik Mall”-da gənclər tərəfindən flashmob-un təşkil olunması kimi ictimai məlumatlandırma tədbirləri həyata keçiriləcək.
“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq Kampaniyası” hər il noyabr ayının 25-də başlayır və 10 dekabra qədər (Beynəlxalq İnsan Hüquqları Günü) davam edir. Kampaniya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması olduğunu vurğulayır. Daha çox “16 günlük kampaniya” kimi tanınan bu fəaliyyət fərdlər və təşkilatlar tərəfindən bütün dünyada qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırış etmək üçün birgə strategiya kimi istifadə olunur. İlk dəfə 1991-ci ildə Qadınların Qlobal Liderliyi İnsititutu kampaniyanın keçirilməsinə başlayıb və kampaniya Qadınların Qlobal Liderliyi Mərkəzi tərəfindən koordinasiya edilir.
Gender əsaslı zorakılıq - məhz qadın olduğuna görə qadınlara qarşı yönəlmiş və ya qadınlara qeyri-barabər əsasda təsir edən zorakılıq hallarını əhatə edir. Buraya istər ictimai, istərsə də şəxsi həyatda meydana gəlməsindən asılı olmayaraq fiziki, cinsi, psixoloji və iqtisadi ziyan və zərərlər, o cümlədən təhdidlər, məcburi və ya əsassız azadlıqdan məhrum etmə kimi hallarla nəticələnən və ya nəticələnə bilən bütün zorakılıq hərəkətləri daxildir. Bu 16 gün qadın və qızlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin birliyini göstərəcək və hərəkətə keçmək üçün lazımı mexanizmlərin yaranmasını təşviq edəcək.
Avropada zorakılığa məruz qalanların yalnız 12 faizi polisə müraciət edir
Avropa Birliyi Statistika Ofisi (Eurostat) 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı AB daxilində qadına yönəlmiş zorakılıqla əlaqədar məlumatı ictimaiyyətə açıqlayıb.
Eurostat-ın məlumatına görə, AB ölkələrində hər üç qadından biri həyatında bir dəfə cinsi və ya fiziki zorakılığa məruz qalır. Qadınların 55 faizinin hazırda ən az bir dəfə təcavüzə məruz qaldığının ifadə edildiyi araşdırmada, hər 20 qadından birinin də təcavüzə uğradığı bildirilir.
Araşdırmada fikirlərinə müraciət edilən hər dörd adamdan biri, ailəsində və ya yaxın ətrafında şiddət qurbanı bir qadını tanıdığını ifadə edib. Ancaq statistikaya görə, zərər çəkmiş qurbanların yalnız 12 faizi polisə müraciət edir.
Avropa Birliyi Komissiyasının məsul şəxsi Vera Jourova, iqtisadi böhrandan təsirlənən ölkələrdə qadına yönələn zorakılığın artdığına diqqət çəkib. Komissiya üzvü "insanların iqtisadi asılılığı artdıqca, qadınlara və uşaqlara yönəlmiş zorakılıq artır" deyib. Avropa ölkələrindəki məsul nazirlərlə ünsiyyətdə olduğunu bildirən Jourova, qadına qarşı zorakılığın Avropa ölkələrinə illik xərcinin 226 milyard avro olduğuna diqqət çəkib.
Almaniyada 130 min adam ailədaxili zorakılıq qurbanıdır
Federal Təhlükəsizlik Təşkilatının ictimaiyyətə açıqladığı məlumata görə, Almaniyada keçən il təxminən 130 min adam ailədaxili zorakılığa məruz qalıb. Zərər çəkənlərin çoxunu qadınlar təşkil edir.
Federal Təhlükəsizlik Təşkilatının (BKA) araşdırmasına görə, ailədaxili zorakılığa məruz qalan 130 min adamın 82 faizini qadınların təşkil etdiyi, bunların təxminən yarısının da hadisənin meydana gəldiyi sırada təcavüzkar ilə eyni mənzildə yaşadığı müəyyən olunub. Federal Ailə naziri Manuela Schwesig bu rəqəmləri "şok edici" olaraq xarakterizə edib.
Almaniyada ailədaxili zorakılığa məruz qalan qadınların 30 və 39 yaş arasında olduqları müəyyənləşib
Federal Təhlükəsizlik Təşkilatı başçısı Holger Munch təqdimat əsnasında çıxışında qadınlara qarşı zorakılığın, cinsi və müxtəlif fiziki zorakılığa çatan halların olduğuna diqqət çəkib. 415 adamın tərəf müqabili tərəfindən öldürüldüyünü açıqlayan Munch, bunların 331-nin qadın olduğunu da vurğulayıb. Onu da qeyd edək ki, Almaniyada ailədaxili zorakılığa dair rəqəmlər və məlumatlar ilk dəfə statistik bir araşdırmanın mövzusu olub.
Məlumatlara görə, ailədaxili zorakılığa məruz qalan qadın qurbanların 30 və 39 yaş arasında olduqları müəyyənləşib. Zorakılıq tətbiq edən kişilərin böyük bir qisminin də bu yaş qrupuna daxil olduğu göstərilir. Bir çox hadisədə ailə daxilində uşaqlara zərər gəlməməsi üçün ya da iqtisadi asılılıq səbəbiylə polisə şikayət edilmir.
Federal Ailə naziri Manuela Schwesig, tərəflər arasındakı şiddətin əhəmiyyətsiz bir mövzu olmadığını, zərər çəkmişlərə cəsarət verilməsinin lazım olduğunu söyləyib və nazirliyin hər saat anonim olaraq məsləhət xidməti verəcək bir telefon xətti yaradıldığını bildirib. Federal Təhlükəsizlik Təşkilatı başçısı Munch isə susqunluğu pozmanın yardımları mümkün hala gətirəcəyini xatırladaraq, susmanın yalnız şiddət tətbiq işinə yaradığını vurğulayıb.
İstanbulda İkinci Beynəlxalq Qadın və Ədalət Sammiti
Qeyd edək ki, dünən İstanbulda İkinci Beynəlxalq Qadın və Ədalət Sammiti işə başlayıb. Əvvəlcə qadınlara qarşı zorakılığı əks etdirən film nümayiş olunub.
Sammitin rəsmi açılışında Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, BMT-nin qadın məsələlərinə dair Avropa və Orta Asiya üzrə bölgə direktoru xanım İngibjörg Solrun Gisladottir və “Qadın və demokratiya” Dərnəyinin rəhbəri Sare Aydın Yılmazın çıxışları dinlənilib. Sammitin birinci günü “Qaçqın qadınların problemləri” və “Qadın və sülh” mövzularında müzakirələr aparılıb.
Azərbaycanı sammitdə Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran
Hüseynovanın rəhbərliyi ilə nümayəndə
heyəti təmsil edir.
Nigar Abdullayeva
Palitra.-2016.-26 noyabr.-S.7.