“Məktəb İcmaları” sosial şəbəkələrdəki təhlükələrlə
mübarizə aparacaq
Seminarın
təşkil edilməsində əsas məqsəd valideynlərə
uşaq psixologiyası haqqında daha dolğun məlumat
vermək, onların ünsiyyət qurmaq
bacarığını inkişaf etdirmək,
övladlarını sosial şəbəkələrdə
yaranan müxtəlif təhlükələrdən
qorumaqda yardımçı olmaqdır
Təhsilin müxtəlif pillələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqi vacibdir. Ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda da bu istiqamətdə tədbirlər öz əksini tapıb. Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılmasıdır. Həmçinin burada göstərilir ki, informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi önəmlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində gözlənilən nəticələrdən biri də odur ki, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək.
Hazırda təhsildə İKT ilə bağlı bir sıra layihələr reallaşdırılır ki, onlardan biri də “Məktəb İcmaları”dır. Dünən Təhsil Nazirliyinin təşəbbüsü ilə “Community.az ” portalı “Məktəb İcmaları” layihəsi çərçivəsində “XXI əsrdə uşaqların düzgün tərbiyə edilməsi və sosial şəbəkələrdəki təhlükələrlə mübarizənin yolları” mövzusunda seminar keçirilib. Seminarın təşkil edilməsində əsas məqsəd valideynlərə uşaq psixologiyası haqqında daha dolğun məlumat vermək, onların ünsiyyət qurmaq bacarığını inkişaf etdirmək, övladlarını sosial şəbəkələrdə yaranan müxtəlif təhlükələrdən qorumaqda yardımçı olmaqdır. Seminarın məruzəçisi Almaniyanın Psixoloqlar Assosiasiyasının üzvü, Berlin şəhəri “Ailə və təhsil” mərkəzinin müşaviri Qalina Heinzelmanndır.
Qeyd edək ki, “Məktəb İcmaları” artıq bir müddətdir ki, fəaliyyət göstərir. Şagird, valideyn və müəllimlərin birliyindən ibarət olan məktəb icmaları məktəb həyatını birlikdə daha yaxşı etmək üçün yaradılıb. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən “Məktəb İcması”na şagirdlər, valideynlər və sinif rəhbərləri daxildir. “Məktəb İcması”na icma sədri və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir. Pilot layihə çərçivəsində 54 məktəbin hər birinin 3 sinfində sinif və məktəb icmalarının yaradılmasına dəstək göstərilib. Bu məqsədlə hər bir məktəbdə layihənin psixoloqu valideynlər, müəllimlər və uşaqların ilk birgə iclaslarının keçirilməsinə kömək edib. Hazırlıq dövründə pilot layihənin icra olunduğu məktəblərdə valideynlərin də fikirləri öyrənilib və nəzərə alınıb. Onu da xatırladaq ki, məktəb icmalarının sosial şəbəkəsi yaradılıb və icma üzvləri “www.community.az” saytı vasitəsilə virtual ünsiyyət yarada, təcrübələrini bölüşə bilirlər. Artıq icmalar yaranan məktəblərdə ilkin müsbət nəticələr qeydə alınır. Təhsil Nazirliyinin məlumatına görə, icmaların fəaliyyəti nəticəsində məktəblərdə dərsə davamiyyətdə müsbət istiqamətdə dəyişikliklər var. Valideynlər məktəb həyatında daha fəal şəkildə iştirak etməyə çalışırlar. Qeyd olunur ki, indi uğurlu məktəb formulu valideyn, şagird və müəllimlərin birgə məktəb həyatında iştirakına çox bağlıdır. Tərəflərdən birinin prosesdən kənarda qalması lazım olan nəticəni almağa imkan vermir.
Qeyd edək ki, Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihənin həyata keçirilməsinə qədər olan mərhələdə “Allianz Consult” şirkəti tərəfindən zəruri təşkilati tədbirlər görülub, valideyn və müəllimlər üçün tədris-seminarlar təşkil olunub.
“Məktəb
İcmaları” üçün
kitab marafonu
Qeyd edək ki, “Məktəb İcmaları” layihəsi çərçivəsində bir sıra tədbirlər reallaşdırılıb. Belə ki, onlardan biri “Kitab Kvest-i” adlı müsabiqədir. Onlayn formatda keçirilən müsabiqədə uşaqlar, valideynlər və müəllimlər “Məktəb İcması”nın ən geniş oxu bilgisinə malik olan iştirakçısı adı uğrunda mübarizə aparıblar. “Community.az ” portalı tərəfindən təşkil edilən müsabiqənin məqsədi şagirdlərin, müəllimlərin və valideynlərin ədəbiyyata olan maraqlarını artırmaqdır.
Müsabiqənin şərtlərinə əsasən, kitab marafonunda iştirak etmək üçün “Bahar kitab marafonu” qrupuna daxil olmaqla orada müsabiqənin bütün mərhələlərinin sualları, həmçinin iştirakçılar haqqında məlumatlar əldə edilir. Hər mərhələ bitdikdən sonra “Bahar kitab marafonu”nda bütün iştirakçıların göstərdikləri nəticələr, həmçinin növbəti mərhələyə keçənlərin siyahısı dərc olunur. Müsabiqə 3 mərhələdə keçirilib. Hər mərhələdə iştirakçılara dünya bədii ədəbiyyatı üzrə 10 sual verilir və hər düzgün cavab 1 balla qiymətləndirilir. Növbəti mərhələyə maksimal bal yığan iştirakçılar keçir. Kitab marafonu qalibləri portalın tərəfdaşları tərəfindən dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirlər.
“Mənim ailəmin
hekayəsindən”
Bundan başqa, 18 saylı tam orta məktəbdə “Məktəb İcması" layihəsi çərçivəsində “Mənim ailəmin hekayəsindən” adlı ilk onlayn müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müsabiqənin təşkilatçıları, məktəblilər, valideynlər iştirak ediblər. Çıxış edənlər müsabiqənin əhəmiyyətindən danışaraq, yazıların şagirdlərin tədris nailiyyətlərinin yüksəlməsinə müsbət təsir göstərdiyini bildiriblər. Qeyd olunub ki, “Məktəb İcması" layihəsi müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsində mühüm rol oyanır. Bu il ərzində Bakı şəhərində fəaliyyət göstərən bir çoxunun bu layihəyə cəlb ediləcəyi vurğulanıb.
Müsabiqəyə I-XI sinif şagirdlərinin qatıldığı müsabiqəyə 500-dən çox hekayə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən, hər bir iştirakçı 1000 sözdən çox olmayaraq öz ailə hekayəsini və ona uyğun şəkil, yaxud illüstrasiyanı “www.community.az ” portalında “Mənim ailə həyatı hekayəmdən” müsabiqə qrupunda yerləşdirib. Ən çox səs toplayan Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbinin şagirdləri Röya Abdullayeva və Lalə İmanəliyeva qalib gəliblər.
Həmçinin Münsiflər Heyəti tərəfindən ən maraqlı hekayə müəllifi kimi 6 şagird seçilib. Qaliblərə portalın tərəfdaşları “Access Bank” ASC, “Sağlam Ailə” MMC, “Standard Insurance” ASC, "Azerfon" MMC şirkətləri tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
“Uşaqlar
gələcəyimizin
sığortasıdır”
Təhsil Nazirliyinin və “Community.az”ın dəstəyi, AXA MBASK sığorta şirkətinin təşəbbüsü ilə “Məktəb İcmaları” layihəsi çərçivəsində keçirilən “Uşaqlar gələcəyimizin sığortasıdır” adlı sosial layihəyə də yekun vurulub.
Layihə üçün “Məktəb İcmaları”nın rəsmi saytında (“www.community.az”) müxtəlif mövzular üzrə təlimlər çərçivəsində müəllim, valideyn və şagirdlər arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən, “Atam, anam və mən: bir-birimizi necə başa düşə bilərik?” və “Uşaqlarda davranış problemləri” adlı aktual mövzular seçilib. Həmin mövzulara uyğun olaraq, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində təlimlər keçirilib.
Təlimlərdə 2000-dən çox valideyn, şagird və müəllim iştirak edib.
Layihənin və təlimlərin əsas məqsədi valideynlərlə uşaqlar arasında effektiv ünsiyyət bacarıqlarının artırılması, aqressivlik, həyəcanlılıq, yalan danışma və digər davranış problemlərinin aradan qaldırılması, uşaqların fərdi xüsusiyyətlərindən asılı olaraq düzgün tərbiyə üsullarının və konstruktiv qarşılıqlı təsiretmə yollarının açıqlanmasıdır. Təlimlər “Community.az” məktəb icma layihəsinin təşviq təşkilatının peşəkar psixoloqları tərəfindən keçirilib.
Qeyd edək ki, “Məktəb
icmaları”nın əsas məqsədi şagirdlər,
valideynlər və müəllimlər arasında ünsiyyət
mühitini təmin etməklə, hər bir uşağın hərtərəfli
inkişafı üçün şərait
yaratmaq, tədrisin səmərəliyini
artırmaqdan ibarətdir.
Nigar Abdullayeva
Palitra.-2016.-4 oktyabr.-S.11.