Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsi yad olunub
Mədəniyyət və incəsənət xadimləri anım günü ilə əlaqədar İlyas Əfəndiyevin məzarını ziyarət edib. APA-nın məlumatına görə, anım mərasimində ölümündən 20 il ötən yazıçının həyat və yaradıcılığından danışılıb, Azərbaycan ədəbiyyatı və teatrının inkişafındakı xidmətlərindən bəhs olunub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur: “İlyas Əfəndiyev öz əsərləri ilə ədəbiyyatımıza dəyərli töhfələr verib. Onun elə əsərləri var ki, 500 dəfə səhnə həyatı yaşayıb. İlyas Əfəndiyevin əsərləri bəşəri mövzulara həsr olunub. Bu əsərlərdə vətən, milli dəyərlər, insan mənəviyyatı ön planda verilib. Ona görə də yazıçının əsərləri böyük maraqla rus, türk, ingilis, polyak, və digər dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub”.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, xalq şairi Nəriman Həsənzadə, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemət, xalq artistləri Cənnət Səlimova, Amaliya Pənahova İ. Əfəndiyevin dramaturji yaradıcılığı, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıblar.
Xalq yazıçısı Elçin İlyas Əfəndiyevin ölümündən ötən illər ərzində ona olan xalq məhəbbətinin daha da artdığını söyləyib: “Ədibin əsərləri son illər müxtəlif dillərdə dəfələrlə çap olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb. Bu 20 ildə İlyas Əfəndiyevin pyesləri nəinki Azərbaycanın, o cümlədən bir çox xarici ölkələrin teatrlarda tamaşaya qoyulub. Prezident İlham Əliyev İlyas Əfəndiyevin 90 və 100 illik yubileyləri ilə bağlı sərəncamlar imzalayıb. İlyas Əfəndiyevin 100 illiyi böyük bir ədəbiyyat bayramına çevrilib, ölkənin hər yerində silsilə tədbirlər keçirilib. Ədibin yubiley UNESCO-da, TÜRKSOY-da və bir çox nüfuzlu qurumlarda təntənəli şəkildə qeyd olunub. Braziliya və Vyetnamda kitabları çap edilib, əsərləri səhnəyə qoyulub”.
Sonra Akademik
Milli Dram
Teatrının aktyorları, xalq artistləri
Bəsti Cəfərova və Ramiz Məlikin
ifasında yazıçının əsərlərində parçalar səsləndirilib.
Palitra.-2016.-4 oktyabr.-S.13.