“Dünyada
İKT-nin təsiri ilə qlobal rəqəmsal mühitin formalaşması prosesi gedir”
“İKT-nin, o cümlədən internetin
və mobil telefonların yaratdığı
imkanlar hesabına informasiya cəmiyyətində
medianın rolu, inkişaf tendensiyaları,
təsir imkanları daha da artıb”
Bu gün İKT respublikanın
davamlı və dayanıqlı inkişafının
təmin edilməsi, intellektual potensialının
gücləndirilməsi, biznesin
irəliləməsi, korrupsiya
ilə mübarizə,
yoxsulluq və işsizliyin azaldılması,
cəmiyyətdə şəffaflığın
və demokratiyanın
inkişaf etdirilməsi
üçün əlverişli
vasitə olaraq qəbul edilir.
Dövlət idarəçiliyi, təhsil,
səhiyyə, biznes,
bank işi və digər sahələrdə
yeni dəyərlər
yaradan İKT ictimai-iqtisadi
münasibətlərin vacib
tərkib hissəsinə
çevrilib. İnternet mediasının inkişafı,
internetdə fikir və söz azadlığının mövcudluğu,
elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin
geniş yayılması
İKT-nin cəmiyyətə
verdiyi yeni imkanlardır. Ölkəmiz Beynəlxalq Telekommunikasiya
İttifaqının “İnformasiya
cəmiyyətinin ölçülməsi”
hesabatlarında inkişaf
dinamikasına görə
ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya
İqtisadi Forumunun “Qlobal informasiya
texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası
“Şəbəkə hazırlığı
indeksi” göstəricisinə
görə 139 ölkə
arasında 53-cü yerə
layiq görülüb.
Ölkədə informasiya
cəmiyyətinin formalaşdırılması
üzrə siyasətin
davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi,
dövlət idarəçiliyində,
biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər
bir vətəndaşın
İKT-nin imkanlarından
faydalanması üçün
əlverişli şəraitin
daha da genişləndirilməsi
məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı
ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər
üçün Milli
Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını
təmin etmək məqsədilə “Azərbaycan
Respublikasında informasiya
cəmiyyətinin inkişafına
dair Milli Strategiyanın həyata keçirilməsi üzrə
2016-2020-ci illər üçün
Dövlət Proqramı”
hazırlanıb. Layihə çərçivəsində
təqdim etdiyimiz yazıda informasiya təhlükəsizliyi ilə
bağlı məsələlərə
toxunacağıq.
Rasim Mahmudov:
“Yeni medianın xüsusiyyətləri
informasiya
cəmiyyətinin jurnalistindən informasiya
təhlükəsizliyi ilə bağlı
biliklərə
malik olmağı tələb
edir”
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun “İnternetşünaslıq
problemləri” sektorunun
müdiri Rasim Mahmudov hesab edir ki, informasiya
cəmiyyətinin formalaşdığı
qlobal mühitdə və onun milli
seqmentlərində informasiya
təhlükəsizliyi milli
təhlükəsizliyin ən
mühüm tərkib
hissəsinə çevrilir.
Bu, insan fəaliyyətinin
bütün sferalarında
informasiyanın rolunun
artması, onun ən dəyərli əmtəəyə çevrilməsi
ilə, eyni zamanda, real, fiziki mühitdəki bütün
ictimai münasibətlərin
və proseslərin rəqəmsal, virtual mühitə
transformasiyası ilə
bağlıdır. “İct.az” bildirir ki, R.Mahmudov bu gün bütün
dünyada informasiya kommunikasiya texnologiyalarının,
xüsusən, internetin
təsiri ilə qlobal rəqəmsal mühitin, virtual münasibətlərin
formalaşması və
inkişafı prosesinin
getdiyini vurğulayıb.
Virtual münasibətlərə
keçidin bəşəriyyətə
gətirdiyi üstünlüklərlə
yanaşı, bir sıra problemlərə də yol açdığını
vurğulayan məruzəçi
bu situasiyada yeni davranış qaydalarına, nizamlama üsullarına və vasitələrinə ciddi
ehtiyac duyulduğunu bildirib. Onun sözlərinə görə, informasiya cəmiyyətinin, informasiya
iqtisadiyyatının əsas
həlqələrindən biri
də məhz media sektorudur. İKT-nin, o cümlədən internetin və mobil telefonların yaratdığı imkanlar
hesabına informasiya cəmiyyətində medianın
rolu, inkişaf tendensiyaları, təsir imkanları daha da artıb. Belə bir şəraitdə sənaye cəmiyyətinin
məhsulu olan ənənəvi media ciddi
transformasiyaya uğrayaraq,
yerini daha çevik, dinamik, interaktiv və əlyetərli olan yeni mediaya verməkdədir.
İstənilən yeni media vasitəsi
qlobal informasiya mühitinin bir parçasına çevrilir,
bu mühitdə yeni media vasitələrinin
də üzərinə
mühüm məsuliyyət
düşür. “Qlobal media mühitinin milli sərhədləri mövcud olmadığına
görə informasiya psixoloji-təhlükəsizliyin təmin olunmasının siyasi və hüquqi aspektləri aktuallıq kəsb edir” - deyən Rasim Mahmudov bildirir ki, xüsusən,
sosial medianın auditoriyasının daha geniş olması insanlara informasiya-psixoloji təsir imkanlarını daha da artırır.
Belə bir şəraitdə uşaq və yeniyetmələr əsas hədəf obyektlərinə
çevrilirlər. Bu cür halların qarşısının alınması
üçün, xüsusən,
valideynlərlə təhsil
müəssisələri arasında
səmərəli əməkdaşlığın
həyata keçirilməsi
çox vacibdir.
İnformasiya təhlükəsizliyinin təmin olunmasında insan faktorunun rolunun həlledici olduğunu deyən R.Mahmudov vurğulayıb ki, yeni medianın
xüsusiyyətləri informasiya
cəmiyyətinin jurnalistindən
informasiya təhlükəsizliyi
ilə bağlı biliklərə malik olmağı tələb edir. O cümlədən
ali təhsil
müəssisələrində yeni media üçün jurnalist kadrlar hazırlanarkən, informasiya
təhlükəsizliyi ilə
bağlı tədris
proqramlarının tətbiq
edilməsi günün
tələbidir.
İradə Ələkbərova:
“Müşahidələr
göstərir ki, “Vikipediya”da “Hər
kəs istədiyi məlumatı
yerləşdirə və
dəyişdirə
bilər” prinsipi heç
də həmişə
özünü doğrultmur”
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun sektor müdiri İradə Ələkbərova isə
viki-texnologiyaları ilə
yaradılmış “Vikipediya”
virtual ensiklopediyasının sosial medianın əsas vasitələrindən
biri olduğunu diqqətə çatdırıb. İ.Ələkbərova bildirib ki, bu
ensiklopediya hər bir internet istifadəçisinə
brauzerdən çıxmadan
istədiyi mövzuda veb-səhifə yaratmaq, dəyişdirmək və
bu səhifələrə
müxtəlif formatlı
fayllar yükləməyə
imkan verir. Viki-texnologiyalar istifadəçilərə sosial şəbəkələrin
imkanlarını təqdim
etməklə cəmiyyətdə
yeni sosial münasibətlərin yaranmasına
səbəb olur.
Həmçinin müxtəlif ideologiyaların
təbliğində, dezinformasiyanın
ötürülməsində böyük rol oynayır. “Google” kimi
nəhəng axtarış
sisteminin biliklər bazası olan “Vikipediya”nı dəstəklədiyini və
istənilən informasiya
axtarışında ilk olaraq
“Vikipediya”dakı məlumatı
oxucuya təqdim etdiyini vurğulayan məruzəçi bu gün vətəndaşların
informasiya tələbatlarında
bu ensiklopediyanın əsas rol oynadığını
qeyd edib. “Vikipediya vətəndaşların,
əsasən də gənclərin dünyagörüşünü
formalaşdıran strateji
internet-resursdur”, - deyən
İ.Ələkbərova burada
yer alan
məqalələrin müəyyən
qruplar tərəfindən
nəzarətdə saxlanıldığının
heç kimə sirr olmadığını
bildirib: “Müşahidələr
göstərir ki, “Vikipediya”da “Hər kəs istədiyi məlumatı yerləşdirə
və dəyişdirə
bilər” prinsipi heç də həmişə özünü
doğrultmur”. Məruzəçinin sözlərinə görə,
“Vikipediya” ictimai rəyin formalaşmasına
və dəyişdirilməsinə
səbəb olacaq qədər geniş imkanlara malikdir. Faktiki olaraq, bu resurs
vasitəsilə dövlətlərin
suverenliyinə, xalqların
milli-mənəvi dəyərlərinə,
tarixinə, dilinə təcavüz edilir. Buna baxmayaraq, nə
“Vikipediya” üzvləri,
nə də “Vikipediya Fondu” viki-kontentlə bağlı
heç bir hüquqi məsuliyyət daşımır. İ.Ələkbərova
qeyd edib ki, “Vikipediya” kimi nəhəng məlumat bazasının iş prinsipi, orada fəaliyyət göstərən qrupların
davranışı bu
şəbəkənin ciddi
öyrənilməsinə ehtiyac
olduğunu sübut edir. Bu mənbədən
istifadə edərək
cəmiyyətə informasiya
təsiri göstərməklə
insanları dövlətə,
milli dəyərlər
qarşı qaldırmaq,
xalqın tarixinə ləkə vurmaq, iqtisadiyyatına zərbə
vurmaq müəyyən
qrupların əsas məqsədidir. Dövlətə qarşı təhlükələrin
qarşısını almaq
üçün bu gün sosial mediada baş verən hadisələrin mexanizmini araşdırmaq olduqca zəruridir.
A.Miriyev
Palitra.-2016.-5 oktyabr.-S.11.