Qazaxıstan Prezidentinə tərcüməçilik edən gəncimiz

 

Gülşən Əliyeva:

Biz Qazaxıstanda ən xoşbəxt gənclərik...”

 

Son zamanlar Qazaxıstandakı gənclərimiz ictimai fəallıq nümayiş etdirirlər. Bu baxımdan Qazaxıstanda fəaliyyət göstərən “Heydərçi” Azərbaycanlı Gənclər Təşkilatı gənclərə böyük dəstək olur. Təşkilatın ətrafında potensiallı gənclər toplaşıb. “Heydərçi”nin sədr müavini Gülşən Əliyeva da öz fəaliyyəti ilə həmyaşıdlarına nümunədir. Qeyd edək G.Əliyevanın 32 yaşı var. Ağdam rayonunda doğulub. 2001 - 2006-cı illərdə Özbəkistanın Avrasiya Milli Universitetinin Tərcümə fakültəsində təhsil alıb. Hazırda Qazaxıstanın Astana şəhərində yaşayır. Bir sıra dövlət və qeyri-hökumət təşkilatlarında tərcüməçi kimi çalışıb. Qazaxıstan Prezidenti üçün müxtəlif layihələrin təqdimatında tərcüməçilik edib. Hazırda “Qala Transleyşns” şirkətinin əməkdaşıdır.

- Vətənə gəlişiniz nə ilə bağlıdır?

- Mən “Texniki-peşə təhsili sahəsində Qazaxıstan-Norveç əməkdaşlığı” adlı uzunmüddətli layihədə tərcüməçi kimi çalışmışam. Qeyd olunan layihə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi (QR TEN) və Norveç, Roqoland kurs və peşə hazırlığı mərkəzinin (RKK) birgə təşkilatçılığı ilə baş tutub. Bu layihə Qazaxıstanda 9 ilə yaxın bir müddətdə davam edibuğurlu nəticələr nümayiş etdirib. Daha sonra RKK Azərbaycanla, daha dəqiq desək, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlığa başladı. Qazaxıstanda həyata keçirilmiş bənzər layihədə böyük təcrübəmi və əlavə olaraq ana dilim olan Azərbaycan dili biliklərimi, mədəniyyət və ölkənin xüsusiyyətlərinə yaxşı bələd olmağımı nəzərə alaraq, təşkilat məni Azərbaycana layihə üzrə məsləhətçi kimi dəvət etdi.

- Ümumiyyətlə, vətənə tez-tezmi gəlirsiz?

-Bəli, mən layihə çərçivəsində Azərbaycana tez-tez gəlirəm. Bizdə tədbirlər hər 2-3 aydan bir keçirilir. Üstəlik bəzən elə alınır ki, öz məzuniyyətimi də Azərbaycanda qohumlarımgildə keçirməli oluram.

- Tərcüməçiliklə bağlı nə kimi təcrübə əldə edibsiz?

-Tərcüməçilik fəaliyyətində böyük təcrübəsinə malikəm. Həm şifahi (sinxron və ardıcıl), həm də yazılı tərcüməçilik karyerama kifayət qədər erkən başlamışam. Lakin bir müddət keçdikdən sonra mən yavaş-yavaş yazılı tərcümələrdən uzaqlaşaraq yalnız sinxron və ardıcıl tərcümələr həyata keçirməyə başladım. Mən həm Astanada, həm də digər MDB şəhərlərində keçirilən əsas irimiqyaslı konfransların tərcüməsini həyata keçirmişəm. Beynəlxalq təşkilatlar, dövlət orqanları, beynəlxalq maliyyə institutları, milli şirkətlər, özəl biznesin bütün səviyyələri ilə əməkdaşlıq etmişəm.

- Siz, əsasən, hansı dildən tərcümələr edirsiz və soydaşlarımıza bu baxımdan nə kimi yardımınız olur?

-Əsasən, rusingilis dilləri istiqaməti üzrə tərcümə edirəm. Əlavə olaraq, Azərbaycan dilindən ingilisrus dilinə tərcümələr həyata keçirirəm. Almantürk dillərini bilirəm. Azərbaycandan Astanaya nümayəndə heyəti gəldikdə, adətən, irimiqyaslı tədbirlərin tərcüməsinin həyata keçirilməsi üçün mənə müraciət edirlər. Bundan əlavə, Azərbaycandan Qazaxıstana çox sayda vətəndaşlar gəlir və şirkətimiz bu şəxslərin QR ərazisində sərbəst şəkildə yaşamasına və hər hansı fəaliyyət həyata keçirməsinə imkan verən müvafiq şəxsi sənədlərinin tərcümə edilməsində və qanuniləşdirilməsində onlara öz köməyini təklif edir.

- Yerli və beynəlxalq tədbirlərə qatılırsızmı?

-Mən milli və beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etməyə çalışıram. Ölkədaxili tədbirlər deyildikdə həm beynəlxalq təşkilatlar, həm də yerli şirkətlər tərəfindən təşkil olunan müxtəlif konfranslar, seminarlar, “dəyirmi masalar nəzərdə tutulur. Şirkətimiz "Qala Transleyşns" tərəfindən təşkil olunan son tədbir tərcümə sahəsinə, tərcümə bazarının cari vəziyyətinə və qarşıya qoyduğu tələblərə həsr olunmuş dəyirmi masa idi.

- Qazaxıstandakı gənclərimiz öz potensialını ortaya qoya bilirlərmi?

-Ölkəmizdə bir çox gənclər təşkilatı mövcuddur. Bu cür təşkilatlara həm Qazaxıstan gənclərinin, həm də digər millət və etnik azlıqların nümayəndələrinin təşkilatları daxildir. Gənclər təşkilatı ölkənin gənclər siyasətinin formalaşmasında, gənclər arasında sağlam həyat tərzinin aşılanmasında, müxtəlif idman tədbirlərinin keçirilməsində fəal iştirak edir.

- Ümumiyyətlə, yerli hökumət bu baxımdan diaspor gənclərimizə şərait yaradırmı?

-Prezident Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində böyük Qazaxıstan torpağında 130-dan çox xalq yaşayır. Biz Qazaxıstanda ən xoşbəxt gənclərik, çünki biz, müdrik liderlər - Heydər Əliyev və Nursultan Nazarbayevin övladlarıyıq. Bu liderlər sayəsində hazırda ölkələrimizdə sülh və firavanlıq hökm sürür, Azərbaycan və Qazaxıstan arasında səmimi qardaşlıq münasibətləri gənclərə mədəniyyət sahəsində inkişaf etmək üçün daha çox imkanlar verir. Biz həmişə birliyimizin adına layiq olmağa çalışacağıq. Xalqımızın bütün dünyada öz tarixi köklərinə sahib çıxması Heydər Əliyevin də istəyi idi.

Qazaxıstanda, ölkədə yaşayan bütün millətlərin mədəniyyətlərinin dəstəklənməsinə yönəlmiş bir çox tədbirlər keçirilir. Bu cür tədbirlərin əsas iştirakçıları müxtəlif diaspor nümayəndələri, mədəni birliklər və digər ölkələri təmsil edən gənclər hərəkatlarıdır. Məsələn, türk dövlətlərində Yeni il günü kimi qeyd olunan 22 mart tarixində müxtəlif millətləri təmsil edən diaspor nümayəndələri öz mədəniyyətlərini, mətbəxlərini, ənənələrini, geyimlərini və digər milli xüsusiyyətlərini nümayiş etdirmək imkanı əldə edirlər.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-5 oktyabr.-S.7.