Rəşid Behbudovun
abidəsinin açılışı olub
“O, Azərbaycanı həm Sovet
İttifaqı çərçivəsində, eyni zamanda,
dünyada təbliğ edirdi”
Dünən
Bakıda, Rəşid Behbudov küçəsində
dünya şöhrətli müğənni,
SSRİ Xalq artisti,
dövlət mükafatları laureatı, Sosialist
Əməyi Qəhrəmanı Rəşid Behbudovun
abidəsinin açılış mərasimi olub.
Prezident İlham
Əliyev və xanımı Mehriban
Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət
başçısına məlumat verilib ki, dünya şöhrətli
müğənninin adını daşıyan Dövlət
Mahnı Teatrının qarşısında ucaldılan heykəlin
müəllifi Xalq rəssamı, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin
hündürlüyü 3, pyedestalla
birlikdə isə 4,5 metrdir. Prezident İlham Əliyev
xanımı Mehriban Əliyeva və məşhur
müğənninin ailə üzvləri ilə birlikdə
heykəlin üzərindəki örtüyü
götürüb. Dövlət
başçısı abidənin önünə gül qoyub və
çıxış edib. Prezident
qeyd edib ki, Rəşid Behbudov öz həyatını musiqiyə həsr edib: “Onun təkrarolunmaz səsi
bizim milli sərvətimizdir.
Rəşid Behbudov doğma
xalqına, millətinə çox
bağlı insan idi.
O, Azərbaycanı həm Sovet
İttifaqı çərçivəsində, eyni zamanda, dünyada
təbliğ edirdi. Onun
ifa etdiyi mahnılar sovet məkanında çox
populyar idi. Deyə bilərəm
ki, o, Sovet
İttifaqında ən populyar
ifaçılardan biri idi.
Eyni zamanda, o, bir çox
xarici ölkələrdə qastrollarda olmuşdur. O, qastrollarda həm Azərbaycan
mahnılarını, eyni zamanda,
xarici dillərdə mahnılar ifa edirdi və Azərbaycanı
təbliğ edirdi. Bir
çox ölkələrdə Azərbaycanı
Rəşid Behbudova görə
tanıyırdılar. O vaxt Azərbaycan
müstəqil dövlət deyildi, biz Sovet
İttifaqının tərkib hissəsi idik.
Ancaq Rəşid Behbudov
kimi istedadlı insanlar
Azərbaycanı dünyada təmsil
edirdilər və göstərirdilər ki,
bizim xalqımız nə qədər
istedadlı xalqdır. Rəşid müəllim hərtərəfli
istedadlı bir insan,
gözəl aktyor idi.
Onun ifa etdiyi rollar bizim
qızıl fondumuzdadır. Onun ifa etdiyi rollara,
o filmlərə dəfələrlə baxmaq olar. O filmlər, ilk növbədə, səslənən musiqiyə
və onun oynadığı rollara görə əbədi
yaşayacaqdır. Rəşid Behbudov
ölkəmiz, xalqımız üçün
çox işlər görüb.
Biz həmişə onu
yadda saxlayırıq. Həmişə televizorda onun
mahnıları səslənəndə bir
daha görürük
ki, bu insan
nə qədər istedadlı və gözəl insan idi. Rəşid
müəllim çox xeyirxah,
səmimi insan idi. Mən
onu uşaqlıqdan tanıyırdım. Çünki mənim atam
Heydər Əliyev ilə onu çox səmimi dostluq əlaqələri
bağlayırdı. O, bizim evimizdə dəfələrlə
olmuşdur. Mən o
görüşlərin bəzilərində olmuşam,
görmüşəm, özüm şəxsən
müşahidə aparmışam. Görürdüm
ki, o, çox
sadə, səmimi, xeyirxah bir
insan idi. Bir daha demək istəyirəm
ki, Heydər Əliyevi Rəşid müəllimlə
çox möhkəm dostluq
əlaqələri bağlayırdı. Rəşid Behbudov Sovet
İttifaqında çox böyük
qiymətə layiq görülmüşdür.
O, Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı
adına layiq görülmüşdür.
Bu, həm onun fəaliyyətinə,
eyni zamanda, bütün Azərbaycan mədəniyyətinə
verilən qiymət idi. O, gənc
yaşlarında Sovet İttifaqının
Xalq artisti adına layiq görülmüşdür.
O vaxt bu adı qazanmaq doğrudan da onu göstərirdi ki, Rəşid müəllim təkrarolunmaz mədəniyyət
xadimidir. Təbii ki,
Azərbaycan Respublikasının Xalq artisti idi. Eyni
zamanda, Rəşid müəllimin çox geniş ictimai fəaliyyəti var idi. O, həm Azərbaycan Ali
Sovetinin, həm də Sovet
İttifaqı Ali Sovetinin
deputatı kimi çox
böyük işlər görürdü.
Çünki o, həm
Azərbaycanda, həm sovet məkanında
həddindən artıq populyar bir insan idi.
Sovet İttifaqında onu
tanımayan insan tapılmazdı. Onun oxuduğu mahnılar Sovet İttifaqının bütün
guşələrində səslənirdi, digər dillərdə
də ifa olunurdu. Qeyd etdiyim kimi,
Rəşid müəllim müxtəlif dillərdə
gözəl mahnılar ifa edirdi,
ancaq ən gözəl mahnılar bizim xalq
mahnılarımız və Azərbaycan bəstəkarlarının
mahnıları idi. Bu mahnıları ondan əvvəl və ondan
sonra onun kimi heç kim ifa edə bilməyib və
yəqin ki, bilməyəcək. Çünki Rəşid müəllimin nəinki
təkrarolunmaz səsi var idi,
eyni zamanda, onun ifaçılıq qabiliyyəti, şəxsi
keyfiyyətləri, şəxsiyyəti bu
nadir istedadı bizə bəxş edib. Fəxr edirik ki, bizim
xalqımızın nümayəndəsi dünya
şöhrətli musiqi xadimidir.
Azərbaycan xalqı fəxr edə bilər ki,
dünyaya Rəşid Behbudov
kimi böyük
insanı bəxş edib. Əfsuslar olsun ki, Rəşid müəllim
müstəqil Azərbaycanda yaşamayıb. O, 1989-cu ildə
həyatdan getdi, müstəqil Azərbaycanı
görmədi. Ancaq çox
görmək istərdi. Çünki öz xalqına, millətinə bağlı, milli ruhu yüksək olan insanların hamısı istərdilər ki, müstəqil dövlətdə
yaşasınlar, öz müstəqil
dövlətini təbliğ etsinlər. Azərbaycanda Rəşid
müəllimin adı əbədiləşdirilib. Onun adını daşıyan Dövlət
Mahnı Teatrı fəaliyyət göstərir. Musiqi məktəbi onun
adını daşıyır. Bax, bu küçə Rəşid Behbudovun adını daşıyır. Xəzər
Dəniz Gəmiçiliyinin ən müasir
gəmilərindən birinə onun adı
verilmişdir. Keçən il Rəşid Behbudovun 100
illik yubileyi ilə əlaqədar
tədbirlər planı tərtib edilmişdir,
mənim tərəfimdən müvafiq sərəncam
imzalanmışdır və bu gün Rəşid Behbudovun
abidəsi açılır. Bu gözəl
hadisə münasibətilə Rəşid müəllimin ailə
üzvlərini, yaxınlarını, dostlarını, bütün Azərbaycan xalqını bir daha təbrik etmək
istəyirəm. Rəşid müəllim həmişə bizim ürəyimizdə yaşayacaqdır”. Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti Mübariz
Tağıyev, Xalq artisti,
Dövlət Mükafatı laureatı Xuraman
Qasımova, Azərbaycan və SSRİ Xalq
artisti, Dövlət Mükafatı
laureatı Fidan Qasımova da
çıxış ediblər. Dünya şöhrətli
müğənninin xatirəsinə göstərilən ehtirama görə Prezidentə və
xanımına ailə üzvləri adından təşəkkür
edən Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev deyib ki, Rəşid Behbudovun bu gözəl abidəsinin
açılışı nəinki bizim
ailə, rəşidsevərlər üçün,
ümumiyyətlə, bütün Azərbaycan
mədəniyyəti üçün çox böyük tarixi hadisədir. Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva və tədbirin iştirakçıları abidənin
önünə gül dəstələri
qoyublar. Prezident İlham Əliyev və xanımı Rəşid
Behbudovun ailə üzvləri, həmçinin
mədəniyyət və incəsənət xadimləri ilə
söhbət ediblər. Daha sonra Prezident,
xanımı və mərasim iştirakçıları Rəşid
Behbudov adına Dövlət Mahnı
Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Əməkdar
artist Xəyyam Mustafazadə və
müğənni Fəxri Kazım Nicatın ifasında dünya şöhrətli müğənnilər
Rəşid Behbudovun və Müslüm Maqomayevin
repertuarlarından mahnılar dinləyiblər.
Palitra.-2016.-5 oktyabr.-S.3.