“Özbəkistanda diasporumuzun işi zəifdir”

 

Mais İbadov: “Özbəkistanda dövlət tərəfindən azərbaycanlılar üçün hər cür şərait yaradılıb ”

 

Xaricdə yaşayan idmançı həmyerlilərimiz qazandıqları uğurlarla xalqımızın adını ucaldırlar. Belə soydaşlarımız, ümumilikdə, dünya azərbaycanlılarının fəxridirlər. Müsahibimiz Mais İbadov Özbəkistanda yaşasa da, idman yarışlarında əldə etdiyi nailiyyətləri ilə bütün azərbaycanlıların fəxrinə çevrilib. Xatırladaq ki, Mais İbadov 1974-cü ildə Lənkəran rayonunun Separadi kəndində dünyaya gəlib. 1987-1992-ci illərdə Bakı şəhərində Ümumtəhsil İdman İnternatında təhsil alıb. Təhsil aldığı dövrdə sərbəst güləş idman növü üzrə müxtəlif yarışlarda iştirak edib və bəzilərində yüksək nəticə əldə edərək uğur qazanıb. SSRİ-nin idman ustası olub. Güləş üzrə Azərbaycan və SSRİ çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır. 1994-cü ildən Özbəkistanda yaşayır. Professional səviyyəli yarışlarda Özbəkistan Respublikasının şərəfini qoruyub. Özbəkistan, Asiyadünya çempionu olub (2012, 2013-cü illərdəl). 2001-2004-cü illərdə Özbəkistanın Polis Akademiyasında təhsil alıb. Hazırda veteranlardan ibarət yığma komandada iştirak edir. İdmanla yanaşı, diaspor sahəsində də aktiv fəaliyyət göstərir.

 

-Yerli və beynəlxalq idman yarışlarına qatılırsızmı?

-Ulu öndər Heydər Əliyev deyib ki, hər bir insan öz bədəninin tərbiyəsi ilə məşğul olmalıdır. Bu o deməkdir ki, insan idmanla məşğul olmalıdır. Mən 1980-ci ildən idmanla məşğulam. Həmişə məşq etmişəm. Mən istər Azərbaycanda, istər Özbəkistanda, istərsə də digər ölkələrdə keçirilən yerli və beynəlxalq yarışlarda bir çox uğurlar əldə etmişəm. İdmanla bağlı fəaliyyətimi yenə də davam etdirməkdəyəm. Saysız nailiyyətlərim var. Yeni yarışlara hazırlaşıram.

-Hazırda Özbəkistanda diasporun fəaliyyətini necə qiymətləndirirsiz?

-Təəssüf ki, yüksək qiymətləndirmirəm. Özbəkistanda Azərbaycan diasporunun işi zəifdir. Diaspor Azərbaycanının əlamətdar günləri ilə bağlı olan tədbirləri geniş keçirmir. Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının fəxri sədri, Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru Akif Ağatalıbov burada olanda hiss edirdik ki, arxamız, böyüyümüz, ağsaqqalımız var. O, hərtərəfli şəkildə bizə dəstək olurdu. İndi isə bəzi diaspor təşkilatı sədrləri kifayət qədər görmürlər. Biz burada, qəribçilikdə diasporun zəif olmasından çox narahatıq. İnanırıq ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərin həll olunması ilə bağlı ölçü götürüləcək.

-Bəs, Özbəkistandakı səfirliyimiz sizə dəstək göstərir?

-Prezident İlham Əliyev deyib ki, diasporla səfirlik birləşib bir olmalıdırlar. Burada səfirlik diasporla işləmək istəyir, amma bəzi diaspor rəhbərləri səfirliklə işləməkdə maraqlı deyil. Səfirliyimiz bizə hər zaman dəstək göstərir. Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə səlahiyyətli səfiri Hüseyn Quliyev sağ olsun. O, həmişə bizim fəxrimizdir. Hiss edirik ki, bizim dayağımız Hüseyn müəllimdir. Amma diaspor tərəfindən göstərilən fəaliyyət yetərli deyil.

-Özbəkistandakı gənclərimiz öz potensiallarını ortaya qoya bilirlərmi?

-Özbəkistanda müxtəlif sahələrdə çalışan gənclərimiz çoxdur. Xüsusən gənclərimiz öz talantları ilə seçilirlər. Səfirlik tərəfindən gənclərə bütün lazımi köməklik göstərilir. Diaspor tərəfindən isə onlara dəstək, stimul verilmir. Buna görə gənclərimiz öz potensiallarını ortaya qoya bilmirlər. Gənclərin üzərində bir böyük, yolgöstərən olsa, onların gələcəyi parlaq olar.

-Ümumiyyətlə, yerli hökumət bu baxımdan gənc diaspor fəallarımıza şərait yaradırmı?

- Bizim özbək xalqı ilə dostluğumuz əbədidir. Biz Özbəkistan dövlətindən xalqından çox razıyıq. Burada dövlət tərəfindən azərbaycanlılar üçün hər cür şərait yaradılıb. Mərhum İslam Kərimovla Heydər Əliyevin dostluq qardaşlıqları iki xalq arasında da özünü büruzə verir. Yəni, bizə burada hər bir şərait var. Belə bir şəraitdə çalışıb Azərbaycanın adını uca etmək lazımdır.

-Özbəkistandakı soydaşlarımızı bir araya gətirmək, problemləri həll etmək baxımdan planınız nədir?

-Akif müəllimdən sonra mənə çox təkliflər olmuşdu ki, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri olum. Amma mənim özümün şəxsi işlərim, əsasən idmanla bağlı yarışlarda intensiv iştirakım buna imkan vermirdi. Amma indi görürəm ki, burada soydaşlarımız çox əziyyət çəkir. Millətimə görə mən canımı da verməyə hazıram. Planda var ki, Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının fəaliyyətini bərpa edək. Əgər bu təşkilata sədr seçilərəmsə, azərbaycanlıları Özbəkistanda bir araya gətirəcəyimə söz verirəm.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-7 oktyabr.-S.13.