“Gürcüstan
parlamentində sayımız azdır”
Ruslan Hacıyev:
“Gürcüstanda
mövcud olan məsələlərin
həlli üçün əlimizdən
gələni etməyə hazırıq”
Gürcüstanda keçiriləcək parlament seçkilərinə artıq saatlar qalıb. Seçkilərdə həmyerlimiz Ruslan Hacıyev də namizəd olaraq təqdim olunub. Onun potensiallı kadr olması, seçkilərdə qalib gələcəyinə ümid verir. Onun namizədliyi "Gürcü arzusu" partiyasının Marneuli rayonunun kəndlərindən irəli sürülüb. Qeyd edək ki, R.Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli bələdiyyəsinin Əzizkənd kəndində anadan olub. Algeti şərabçılıq təsərrüfatında orta məktəbin rus bölməsini bitirib. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001-2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002-2006-cı illərdə Marneuli bələdiyyəsində hüquqi xidmət şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 2006-2009-cu illərdə “HA” MMC-nin Marneuli filialının direktoru olub. 2010-2011-ci illərdə “VG” MMC-nin Marneuli filialının direktoru olub. Tədris resurs mərkəzində məktəb direktoru və müəllim imtahanını uğurla keçib. 2011-ci ildə Marneuli şəhərindəki iki saylı məktəbin direktoru olub. 2011-2014-cü illərdə Marneuli şəhərindəki üç saylı məktəbin direktoru olub. 2014-cü ildən son dövrə qədər Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub. Gürcü, ingilis, türk və rus dillərini bilir. Ailəlidir, Nicat və Elçin adlı iki oğlu var.
-Uzun
müddətdir ki, Gürcüstanda
təhsil sahəsində çalışırsınız,
oradakı azərbaycandilli məktəblərdə bugünkü durumu necə
qiymətləndirirsiniz?
-Təhsil sahəsində problemlər hər dövlətdə olduğu kimi, bizdə də mövcuddur. Lakin son bir neçə ildə biz bir çox uğurlar əldə edərək məktəblərimizdəki ümumi durumu tədricən düzəldərək bir çox problemlərin həllinə nail ola bilmişik. Marneulidə ümumilikdə azərbaycandilli məktəblər fəaliyyət göstərir. Hər bir məktəbin özünəməxsus problemləri var. Əsas məsələ məktəbdə təhsil səviyyəsidir və Gürcüstanda həyata keçirilən ümumi təhsil sisteminə uyğun olmasıdır. Gürcüstanda azərbaycandilli məktəblər üçün xüsusi proqramlar əlavə olunub. Bu proqramlar burada yaşayan etnik azlıqların yüksək səviyyədə təhsil alması, gürcü cəmiyyətinə layiqli inteqrasiya olunmasına xidmət edir. Dövlət dilinin tədrisi ibtidai siniflərdən başlayır, bu da dilin mənimsənməsi üçün olduqca faydalı olur. Sistematik şəkildə onlarla məktəb əsaslı təmir olunur, yeni məktəblər tikilir ki, şagirdlər müasir təchizatlı məktəblərdə təhsil ala bilsinlər. Hər il onlarla azərbaycanlı şagird məktəbi qızıl, gümüş medalla bitirir. Bu gün Gürcüstanın ali təhsil ocaqlarında minlərlə azərbaycanlı tələbə təhsil almaqdadır, bu da onu göstərir ki, məktəblər savadlı və bacarıqlı şagirdlər yetişdirir. Bunları nəzərə alaraq deyə bilərəm ki, məktəblərimizdəki bugünkü vəziyyət qənaətbəxş hesab oluna bilər.
Təbii ki, problemlər də az deyil, onların həlli istiqamətində işlər davam etdirilir.
- Məktəblərdəki
kadr və dərslik problemləri hələ
də mövcuddur, bunun
həlli üçün nə kimi işlər görünür?
- Kadr problemi hələ də mövcuddur, bu məsələnin həlli üçün azəraycandilli müəllimlər üçün xüsusi imtiyazlar tətbiq olunub. Onlar sertifikasiya imtahanını ana dillərində verə bilirlər, gənc müəllimlər üçün xüsusi hazırlıq kursları hazırlanır. Azərbaycan dili və ədəbiyyatının tətbiqi ilə bağlı kadr çətinliyi yaşamaqdayıq, bu məsələnin həlli yolları Azərbaycan və Gürcüstanın təhsil nazirləri arasında müzakirə olunub və bu istiqamətdə layihələr hazırlanır. Ümid edirik ki, yaxında öz həllini tapacaq. Dərsliklərin yaxşı tərcümə olunması üçün xüsusi layihə həyata keçirilir və bu prosesə peşəkarların cəlb olunması təmin olunur, eyni zamanda dərsliklər, kompüter və digər ləvazimatlar şagirdə pulsuz olaraq təqdim olunur.
-Gürcüstan
parlamentində və idarəetmə orqanlarında azərbaycanlılar
yetərincə təmsil olunurmu?
- Öncə onu vurğulamaq istərdim ki, millətindən asılı olmayaraq, bizim hamımız Gürcüstan vətəndaşıyıq və bu dövlətin hər bir sahəsində təmsil olunmamız üçün bizim üçün heç bir mane yoxdur. Bu gün dövlət və qeyri-dövlət orqanlarında azərbaycanlılar təmsil olunurlar, parlamentdə sayımız, düşünürəm ki, azdır, amma ən əsası layiqli deputatın o vəzifədə oturmasıdır. Seçicisinin, vətəndaşın və millətinin maraqlarını layiqincə təmsil edən parlament üzvlərinin orada təmsil olunması şərtdir, say isə ikinci dərəcəli məsələdir.
-Platformanızda əsas
hansı məsələlərə toxunubsuz?
- Namizəd kimi, irəli sürüldüyüm partiyanın ümumi platformasına uyğun olaraq əsas işlərimiz vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması üçün iş yerlərinin açılması, investisiyaların cəlb olunması, kənd təssərrüfatının inkişafı, təhsil sahəsində bir çox yeniliklərin tətbiq olunması, əməkhaqqlarının və təqaüdlərin artırılması, səhiyyə sisteminin əlçatan və daha da keyfiyyətli olması və digər daxili məsələlər əsas prioritetlərdən biridir. Xarici siyasətdə isə Gürcüstanın Avropaya inteqrasiyası, NATO-ya üzv olması və xarici ölkələrlə əməkdaşlığın təmin olunması yolu hələ də əsas tutulur.
-Gürcüstandakı azərbaycanlıların hansı problemlərini həll etməyə çalışacaqsız?
- Bizim vətəndaşların hər birinin fikrini və problemlərini daha da dərindən öyrənmək üçün seçkiqabağı görüşləri əhalinin hər bir təbəqəsilə keçiririk. Gənclər, ağsaqqallar, qadınlarla ayrı-ayrılıqda görüşürük. Mən Marneulinin kəndlərindən namizəd olduğum üçün görüşlərimi kəndlərimizdə keçiririk və görüşlər zamanı görürük ki, bir çox məsələlər həllini tapıb, mövcud olan məsələlərin həlli üçün də əlimizdən gələni etməyə hazırıq. Bunların əksəriyyəti kənd təssərrüfatı məhsullarının xaricə idxalı ilə bağlıdır. Bunun üçün də dövlət tərəfindən layihələr icra olunur ki, xaricə və əsasən də Avropa ölkələrinə yerli məhsullarımızın idxalına nail ola bilək. Təbii ki, bir çox məsələlərlə müraciət edənlər olur, onların asan həll oluna biləcəklərini elə yerindəcə yerli idarəetmə və digər orqanlara müraciət edərək həllinə nail oluruq.
-Sizə seçkilərdə uğurlar arzu edirik.
-Təşəkkür edirəm.
Fuad Hüseynzadə
Palitra.-2016.-7 oktyabr.-S.6.