“Uğurlara imza atanadək kifayət qədər
yaradıcılıq yolu keçdim”
“Qələmsiz
keçməyən ömür”
rublikasının qonağı gənc yazar
və ictimaiyyətçi Gülnar Səmadır.
Müsahibəmizə keçməzdən əvvəl Gülnar Səmanın yaradıcılıq
dünyası ilə qısa tanış olağın.
Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub və 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yeri qazanıb. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya qəbul olub. 2001-ci ildə “Mən sehrli səmayam” adlı ilk kitabı, 2011-ci ildə isə “İçimdəki söhbətlər” kitabı nəşr olunub. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasnın Nizami adına Ədəbiyyat İnstitutuna Ədəbi Tənqid şöbəsinə doktoranturaya qəbul olub və həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bədii və publisistik əsərləri mətbuatda müntəzəm çap olunur. 2009-2014-cü illərdə Tovuz rayonunun Muncuqlu kənd ümumi-otra məktəbində, 2014-2015-ci tədris ilində isə “Hədəf” hazırlıq kurslarında müəllim işləyib. Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır. 2015-ci ildə 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatına və diplomuna layiq görülüb. Prezident təqaüdçüsüdür. 2016-cı ildə isə "Gül" şeirlər kitabı çap olunub.
İndi isə Gülnar xanımla müsahibəmizin əsas mətləbinə keçid alağın.
- Salam
Gülnar xanım! Necəsiz? Sizin bədii
yaradıcılığınız və ictimai
fəaliyyətiniz haqqında məlumatımız var. İlk öncə, bir gənc kimi ictimai fəaliyyətinizdən danışa
bilərsiz? Bir ictimayiətçi kimi fəaliyyətiniz sizə hansı uğurlar qazandırıb?
- Salam, çox sağ olun, təşəkkür edirəm. Həmsöhbət olmağa çox şadam. Mən ictimai fəal həyata tələbəlik illərindən başlamışam. Tələbə vaxtlarımdan universitetin müəyyən tədbirlərində və ədəbi həyatında iştirak edirdim. BDU-nu bitirdikdən sonra beş il doğulduğum Tovuz rayonunun ucqar sərhəd kəndində dil-ədəbiyyat müəllimi işləməklə yanaşı, rayonumuzun ədəbi həyatında fəal iştirak etmişəm. Rayonumuzda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi birliyinin mətbuat katibi olaraq, bir sıra gənc yazarların mətbuata çıxışına yardım etmişəm. Bununla belə bölgəmizin qaynar ədəbi mühiti olan AYB-nin Qazax zona filialı ilə sıx əlaqələrimiz olub. Ədəbi ictimai həyata daha aktiv qoşulmağımızda DGTYB-nin rolunu xüsusi vurğulamaq istərdim. Bununla yanaşı, AYB-nin nəzdində fəaliyyət göstərən Gənc Ədiblər Məktəbi -2-nin ən fəal üzvlərindən biriyəm. Mənim və bir sıra qələm yoldaşlarımın AYB-yə üzv olunmağımızda GƏM-in üzvü olmağımızın birbaşa təsiri olub.
- İctimai
fəallığınızla yanaşı bədii
yaradıcılığınız sizə əvəzolunmaz uğurlar qazandırıb. Sizi
ədəbiyyata, yazmağa sövq edən nədir? Bu
ilham nədən qaynaqlanır?
- Əslində mənim ictimai fəaliyyətimlə bədii yaradıcılığım bir-biri ilə qarşılıqlı əlaqədə olub. Bu ictimai fəaliyyətin nəticəsi idi ki, 2014-cü ildəki uğurlu fəaliyyətimə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görüldüm. Çünki həmin ilin əvvəlində doktoranturaya, yazında isə AYB üzvlüyünə qəbul olundum. Bununla yanaşı, 2014-cü ilin bələdiyyə seçkilərinə qatılaraq doğma kəndim olan Tovuz rayonunun Dondarquşçu kənd bələdiyyəsinin təkrar üzvü seçildim. İlk dəfə 2009-cu il seçkilərində bələdiyyəyə üzv şeçilmişdim. Bütün bunları nəzərə alan AYB-nin Gənclər üzrə katibliyi mənim namizədliyimi nazirliyə təqdim etdi və 2 fevral Gənclər günü münasibətilə mən də təltif olunanlar sırasında oldum. 2015-ci ildə isə Prezident təqaüdünə layiq görüldüm. Bütün bu cür qayğı və diqqət təbii ki, mənim yaradıcılıqla məşğul olmağıma müsbət mənada öz təsirini göstərir.
Lakin mən bu uğurlara imza atana kimi kifayət qədər yaradıcılıq yolu keçdim. Məktəb illərində yazdığım şeirlərə ustadım Əbülfət İslam məshələtlərini verirdi. 2000-ci ildə ilk dəfə mətbuata şeirimi də Əbülfət müəllim təqdim etdi. 2001-ci ildə çap olunan ilk şeirlər kitabıma “Mən sehrli səmayam” adını verdi. 2011-ci ildə nəşr olunan “İçimdəki söhbətlər” kitabıma da uğurlu yol yazısını yazdı. Bu il işıq üzü görən üçüncü kitabım olan “Gül”ün rayondakı təqdimatında da fərəhlə işritak etdi. Lakin bildiyimiz kimi avqustun axırlarında qəflətən dünyasını dəyişdi. Allah ustada rəhmət eləsin. Həmişə çalışacağam ki, uğurlarımla onun ruhunu şad edim.
İlhamım üçün elə bir xüsusi mənbə yoxdur. Mən həmişə bədii yaradıcılığı istedadın bəhrəsi sanmışam. Yazılan əsərləri, ən çox da şeirləri yarandığı anın məhsulu hesab edirəm. Çünki hər bir şeir yazıldığı situasiyanın doğmasıdır. Bəlkə də, yazıldığı andan yarım saat əvvəl və ya yarım saat sonra o şeiri yazmaq olmaz. Buna görə də, yaradıcı insanın ilhamı həmişə onunla gəzir və lazım olan anda öz işini görür.
- İndi
isə sizin şeir
dünyanıza nəzər yetirək. Şeir
yazmaq çox
asandırmı? Adətən şeirləri nə vaxt yazırsız? Bu
suallarımızla yanaşı bizlərə öz
şeirlərinizdən də deyərsiniz?
- Şeir yazmağa altıncı sinifdə oxuyarkən başladım. İki il şeirlərimi gizli saxlasam da, səkkizinci sinifdən Əbülfət müəllimin yanına getməyə və poeziyanın sirlərinə daha yaxından bələd olmağa başladım. Mən şeirləri çox qısa zaman kəsiyində yazıram. Yəni bir şeiri varağa yazmağa nə qədər vaxt sərf olunarsa, o qədər vaxta. Bunu mənim deyişmələrim olan bir çox qələm dostlarım da etiraf edə bilər. Sosial şəbəkələrdə bəzi həmkarlarımla şeirlə yazışmalarımız olub. Onlar da şahiddirlər ki, bizim şeirləşməyimiz çox sürətli olur. Yəni şeir yazmaq ab-havasında olaramsa, çox qısa zamanda yazıram. Əgər şeir havasında deyiləmsə, heç vaxt özümü məcbur eləmirəm. Mən hələ indiyə qədər heç bir müsabiqə üçün xüsusi şeir yazıb göndərməmişəm. Əgər o mövzuda şeirim varsa və ya şeir özü yazılırsa onu müsabiqəyə göndərirəm. Yoxsa ilhamı məcburən qələmə yönləndirmək mənim işim deyil.
Şeirləri ən müxtəlif zamanlarda yazıram. İlin hansı fəslinin olmasına, günün hansı saatının olmasına baxmayaraq yazılmaq istəyən şeiri yazıram. Daha çox heca vəznli şeirə üstünlük verirəm. Bununla yanaşı, sərbəst şeir ölçüsündə də kifayət qədər şeirlərim var.
Sən ki yaxşı bilirdin...
Ömrümə gələnlərin,
Gedənlərin sayı yox.
Bu həyat mənimkidir
Bir kimsənin payı yox.
Gəlib neynəmişdin ki
Gedib də neynəyəsən?!
Məni nə göynətdin ki
Özün nə göynəyəsən?!
Sən ki yaxşı bilirdin
Bilmədiyin hər şeyi.
Öyrəndin ki getməyin
Dəyişmədi heç nəyi.
Ömrümə gələnlərin,
Gedənlərin sayı yox.
Bu həyat mənimkidir
Bir kimsənin
payı yox.
Daha…
Daha simurq quşunun qanadları
öz sehrli qüdrətini itirmiş.
Onu hər yandırıb
məni yanında görmək istəyəndə
möcüzə baş verməyəcək.
Padşahın bağındakı
sehrli almaları
şahzadə dərib
aparıb.
Daha onu yeyən kimi
divlər özünü
on beş yaşında görməyəcək.
Gəl nağıllar dünyasından
reallığa keçək.
Yüz dəfə ölçdüyümüzü
Nəhayət ki, bir biçək.
Yanımda olmağın bir
yana
yadında olmağım
da
yadından çıxır.
Onda elə sanırsan ki,
daha vacib işlərin
sənin əlini
sıxır...
-Siz həm də
bir alimlik yoluna başlayıbsız?
Sizi qələmə, kitaba yaxın edən qüvvə nədir?
Ən şərəfli ad olan alim adını daşımaq sizə hansı məsuliyyətlər
verər?
- Mən 2014-cü ilin yanvarında AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutuna
doktoranturaya qəbul oldum. İxtisasım Azərbaycan ədəbiyyatıdır,
Ədəbi tənqid
şöbəsinin doktorantıyam.
Elmi rəhbərim tənqidçi
alim, həm də şöbəmizin müdiri Vaqif Yusiflidir. Dissertasiya mövzum “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatında poema
janrının inkişaf
yolu və xüsusiyyətləri” adlı
elmi işdir. Artıq elmi işim tamamlanmaq üzrədir.
İnşallah, yaxın vaxtlarda
müdafiə edərəm.
Elmi işimi yazmaqla bərabər, mən mütəmadi olaraq müasir ədəbi prosesi izləyirəm.
Yeni çapdan çıxmış
kitablar haqqında məqalələr yazıram.
Mənim
araşdırmaya və
təhlilə cəlb
etdiyim kitablarda və ya əsərlərdə
əsas diqqət etdiyim cəhət mətnin bədii tutumudur. Yəni birmənalı şəkildə
ciddi hesab etdiyim bədii nümunələrə istinad
edirəm. Ona görə
də, yaşından
asılı olmayaraq bütün ədəbi nəslin nümayəndələrinin
əsərlərini tədqiqə
cəlb edirəm.
Gənc qələm dostlarımın
da bir neçəsinin
kitabları haqqında
məqalələr yazmışam.
Bir ədəbiyyatşünas olaraq
bu işi həmişə vicdanla davam etdirəcəm.
- Sonda bizlərə gələcək planlarınızdan
nə danışa bilərsiz?
- Hazırda daha çox elmi işin yekunlaşdırılmasına və
müdafiənin uğurlu keçməsinə
çalışıram. Bununla belə
yenə də fəal ictimai mövqeyimdə
davam edirəm. Bir
sıra ədəbi tədbirlərin və görüşlərin
keçirilməsini gerçəkləşdirmək istəyirəm.
Ümumiyyətlə, ədəbi fəaliyyətimlə
bağlı qarşıda çoxlu məqsədlərim
var. Bunlardan biri də diplom işimi və magistr
dissertasiyamı daha da
təkmilləşdirərək monoqrafik
tədqiqat halına gətirməkdir. Çünki
o işlərin hər ikisini
zamanında lazım olan standartlardan
çox böyük
həcmdə yazmışdım. Həm də publisistik
məqalələrimi də bir araya cəmləməyin vaxtı yetişib. Zaman-zaman
bunları da gerçəkləşdirmək
lazımdır. Təbii ki, yeni-yeni şeir
kitabları da vaxtı gəldikcə
oxucuların ixtiyarına veriləcək.
Mahmud Sadıqov
Palitra.-2016.-12 oktyabr.-S.12.