“İKT və nüvə fizikası sahəsində
BNTİ-nin təcrübəsi azərbaycanlı
alimlər üçün
maraqlıdır”
Beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatı olan Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında, Dubna şəhərində yerləşir. 1956-cı il martın 26-da əsası qoyulmuş BNTİ-də nəzəri və eksperimental tədqiqatların əsas istiqamətlərini elementar zərrəciklər fizikası və nüvə fizikası təşkil edir. 7 laboratoriyanın fəaliyyət göstərdiyi BNTİ-nin ştatında təxminən 5000 insan çalışır.
Onlardan 1200-dən çoxu elmi işçi, təxminən 2000-i mühəndis-texniki personaldan ibarətdir. Təşkilatın 60 illiyi və qurumun Azərbaycanla əməkdaşlığının 25 illiyi münasibətilə ölkəmizdə bir sıra tədbirlər keçirilib. Bu məqsədlə Azərbaycanda səfərdə olan təşkilatın informasiya texnologiyaları laboratoriyasının direktoru Vladimir Vasilyeviç Korenkov və nəzəri fizika laboratoriyasının direktoru Voronov Viktor Vasilyeviç AMEA İnformasiya Texnologiyaları İnstitutunun da qonağı olublar. Əsas məqsəd BNTİ-nin fəaliyyəti ilə tanış olmaq, o cümlədən iki qurum arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparmaq olub. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda İKT sahəsinin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə toxunacağıq.
Kadr və təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib
Qeyd edilən görüşdə İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının üzvləri də iştirak edib. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək, informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif problemləri üzrə aparılan elmi-tədqiqatlar, İT sahəsi üzrə yüksəkixtisaslı kadr hazırlığı, elmi əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən söz açıb. İnformasiya texnologiyaları və nüvə fizikası sahəsində BNTİ-nin təcrübəsinin azərbaycanlı alimlər üçün maraqlı olduğunu söyləyən R.Əliquliyev ikitərəfli əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib. Sonra V.V.Korenkov BNTİ-nin fəaliyyəti və orada aparılan tədqiqatlar haqqında məruzə ilə çıxış edib. Alim institutda informasiya texnologiyaları sahəsində baş verən ən son yeniliklərə dair aparılan araşdırmalardan söz açaraq superkompüter, “Big Dat”a və bulud texnologiyaları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin təşkilatın nəzdindəki labotratoriyaların iş prinsipi, burada həyata keçirilən layihələr haqqında Elmi Şura üzvlərinə məlumat verib. Daha sonra çıxış edən V.V.Vasilyeviç BNTİ-nin innovativ fəaliyyəti haqqında danışıb, laboratoriyaların müasir maddi-texniki baza ilə təmin edildiyini diqqətə çatdırıb. Məruzəçi BNTİ alimlərinin nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələrindən də söz açıb. İki qurum arasında əməkdaşlıq əlaqələrinin inkişafı, kadr və təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
“Qlobal
xarakter almış cəmiyyətin
informasiyalaşdırılması prosesi
İT üzrə peşəkar kadrların
hazırlanmasına zərurət yaradıb”
Onu da qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Elm və Texnologiya Konfransı” keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd iştirakçı ölkələrdə elmin, texnologiyanın mövcud vəziyyətini təhlil etmək və elm adamları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsinin müzakirəsidir. Konfransda, iştirakçı alim və mütəxəssislər elm və texnologiyanın inkişafı, əsas strateji hədəflər və mövcud problemlərə dair müzakirələr apararaq, fikir və təcrübələrini bölüşüblər. Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev də iştirak ediblər. F.Ağayev “Türk dünyasında informasiya texnologiyaları mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq” mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, son illər qlobal xarakter almış cəmiyyətin informasiyalaşdırılması prosesi sivilizasiyanın inkişafının strateji əhəmiyyətli istiqamətlərindən birinə çevrilib ki, bu da İT üzrə peşəkar kadrların hazırlanmasına zərurət yaradıb. Onun sözlərinə görə, XX əsrin 90-cı illərində İKT üzrə mütəxəssislərin fəaliyyətinin diversifikasiyasının baş verməsi informasiya sistemləri və şəbəkələr, kompüter elmləri, informasiya texnologiyaları, kompüter mühəndisliyi, proqram mühəndisliyi kimi sahələr üzrə təhsilin meydana çıxmasına səbəb olub. “İT-təhsil sistemi yüksəkixtisaslı İT-kadrların hazırlanması, təhsilin informasiyalaşdırılması, informasiya-pedaqoji texnologiyaların inkişafıdır”, - deyə bildirən məruzəçi İT-ixtisaslar barədə məlumat verib. O, qeyd edib ki, “Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın da əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır. F.Ağayev dövlət proqramından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İKT üzrə kadrların bilik və bacarıqlarının səviyyəsinin yüksəldilməsi, bütün fənlər üzrə tədris planlarında İKT-dən istifadənin öz əksini tapması, ümumtəhsil müəssisələrinin yeni nəsil rəqəmsal tədris resurslarından istifadə imkanlarının genişləndirilməsi, proqram resurslarından səmərəli istifadə olunması istiqamətində tədbirlərin görüldüyünü söyləyib. Məruzəçi AMEA İnformasiya Texnologiyaları İnstitutunun Türkdilli dövlətlər üzrə İT-kadrların hazırlanmasında əməkdaşlıq üçün geniş imkanlara malik olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Elm, texnologiya, informasiya, İKT və innovasiyalara əsaslanan yeni iqtisadiyyat qurulur
Konfransın müvafiq
seksiyasında, həmçinin dosent
Əlövsət Əliyev “Azərbaycanda elmin
müasir vəziyyəti və elmə əsaslanan
yeni iqtisadiyyatın strateji
hədəfləri”nə həsr olunmuş
məruzə ilə çıxış edib.
Azərbaycanın hazırda postneft
dövrünə daxil olduğunu
nəzərə çatdıran məruzəçi ölkədə
elm, texnologiya, informasiya, İKT və innovasiyalara
əsaslanan yeni iqtisadiyyatın qurulduğunu bildirib. Qeyd edib ki,
formalaşmaqda olan yeni iqtisadiyyatın yol xəritəsi
hazırlanır, müzakirə olunur və
tətbiq edilir. Yeni iqtisadiyyatın strateji hədəflərinin hələ bir neçə il əvvəl
təsdiq olunan “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasında əks olunduğunu deyən
natiq İKT və elm
sferasının inkişafına daha böyük diqqət yetirildiyini,
müvafiq sahələrdə yeni strategiya və qanunların
qəbul olunduğunu bildirib.
Azərbaycanda 150-ə yaxın elmi-tədqiqat təşkilatının
olduğunu qeyd edən
alim ölkədəki elmi-texniki
potensialdan, xüsusilə ali
elmi təşkilat olan
AMEA-da əldə edilən elmi nəticələrdən daha
səmərəli istifadə olunmasının zəruriliyini
vurğulayıb. Ə.Əliyev Azərbaycanda idarəetmə
sferasında tətbiq olunan yeni elektron texnologiyalardan
söz açaraq “Asan xidmət” mərkəzlərində və
“www.e-gov.az” portalında əhaliyə
göstərilən elektron xidmətlərdən
nümunələr gətirib. E-elm, e-təhsil, e-səhiyyə, e-iqtisadiyyat,
e-sosial, e-linqvistika, e-bank və bu kimi sahələrdə əldə olunan nailiyyətlərdə yeni
nəsil kompüter şəbəkələri,
“Big Dat”a, “cloud”, “soft
computing”, “Data/Text/Veb-Mining” kimi müasir texnologiyalardan, ERP, CRM, BPM informasiya
sistemlərindən, onların intellektual
formalarından istifadə olunduğunu, həmin
sahələrdə yeni
elmi-tədqiqat işləri aparıldığını və
startap layihələrinin yerinə yetirildiyini qeyd edib. Ə.Əliyev məruzəsinin sonunda Azərbaycanın alim
və mütəxəssisləri ilə Türk
dünyası, eləcə də digər ölkələr
arasında mövcud və gələcək
əlaqələrin inkişaf
yollarından bəhs edib, konfransın ali rəhbərliyinə Azərbaycan alimlərinin
türkiyəli həmkarları ilə iş
birliyinə hazır olduqlarını və onları hər zaman dəstəklədiklərini bildirib.
A.Miriyev
Palitra.-2016.-19 oktyabr.-S.11.