Zeytun idxalçısından ixracatçısına çevrilə bilərik

 

Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda yeni zeytun bağları salınır

 

Qeyri-neft sektorunun inkişafında sənaye və kənd təsərrüfatı əsas istiqamətlərdir. İndi kənd təsərrüfatının hər bir sahəsinin bizim üçün vacib olduğunu deyən ölkə başçısı bildirib ki, bizə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı lazımdır. Bu gün ölkədə inkişafı vacib olan sahələrdən biri də zeytunçuluqdur. Nazirlər Kabinetinin son iclasında çıxışı zamanı Prezident bildirdi ki, bu gün biz zeytun idxal edirik: “İndi bizim o qədər zeytun ağaclarımız, o qədər imkanlarımız var. Həm Bakıda, Abşeronda, həm də digər yerlərdə bizim çox böyük imkanlarımız var. Ancaq əfsuslar olsun ki, biz özümüzü təmin edə bilmirik və hazır zeytun istehsalı bizdə çox aşağı səviyyədədir. Ona görə, yeni zeytun bağları salınmalıdır. İndi yerlər müəyyən edilir - həm Abşeron yarımadasında, həm şimal zonasında, Xızı rayonunda. Bildiyimə görə, orada da işlər gedir ki, biz dünya bazarına zeytun çıxaraq. Bu da həm fermerlər üçün, həm dövlət üçün çox böyük gəlir gətirən sahədir”.

Zeytun min illərdir Aralıq dənizi hövzəsində ənənəvi əkinçilik növünə çevrilmiş bir bitkidir. Son illərdə dünyada sağlam həyat və qidalanmağa artan maraq ilə birlikdə süfrə zeytunu və zeytun yağı istehsalı ilə yanaşı, istehlakının əhəmiyyəti də artmaqdadır. Dünyada təxminən 40 ölkədə yetişdirilən zeytun sahələri getdikcə genişlənməkdədir. Ən çox artım Tunis, Suriya, Mərakeş və Liviyada özünü göstərir. Zeytun və zeytun yağı təxminən 8000 il əvvəldən bu yana dünyaya gözəllik, sağlamlıq və dad bəxş edir. Yavaş böyüyən, lakin olduqca uzun yaşayan bir ağac olan zeytun ömrünü tamamladıqdan sonra belə köklərindən yeni bir ağac inkişaf edir. Ona verilən "Ölməz ağac" adı buradan meydana gəlib. Bir il bol, bir il az məhsul versə də, ən çox yağ ehtiva edən meyvələrdən biridir. Ağırlığının təxminən 20-30 faizi yağdır. Zeytun- su, zülal, yağ, sellüloza, fosfor, kükürd, kalsium, xlor, dəmir, mis, manqan A, C və E vitaminlərindən ibarətdir. 100 qram zeytunda 224 kalori, 100 qr zeytun yağında 30 milliqram E vitamini var. Zeytun 700-ilə 2000 ilə qədər yaşayan bir ağacdır. Zeytunun vətəni Anadoludur. Egey adalarından Yunanıstan, İtaliya, Fransa və İspaniyaya qədər uzanıb və buradan da Şimali Afrikaya keçib. Yenə Cənubi Anadolu yolu ilə Suriya, Misir və Mərakeşə qədər uzanaraq bütün Aralıq dənizi sahillərini bürüyüb. Üçüncü bir qol olaraq da Əfqanıstan və Pakistana qədər uzanıb.

 

İtaliyada qablaşdırılan zeytun yağının ən böyük müştərisi Şimali Avropa və ABŞ-dır

2015- ci ildə dünyanın ən böyük istehsalçıları olan İtaliya ilə İspaniyada istehsalın əhəmiyyətli dərəcədə azalması, digər böyük istehsalçı olan Fransada 1956-cı ildən bu yana ən pis mövsümün keçməsi və Yunanıstandakı böhranın sektorda mənfi əks olunması kimi səbəblərlə qlobal istehsal 27 faiz azalıb. Zeytun yağı, 2015-ci ilin ilk yarısında dünyada ən yaxşı göstəricilərə malik olan kənd təsərrüfatı əmtəə məhsulları arasında yer alıb və qiymət artımları da davam edib. Ötən il dünyanın ən böyük istehsalçısı İspaniyanın istehsalı, həddindən artıq istilər səbəbiylə yarıbayarı azaldı. Mütəxəssislərin fikrincə, mənfi hava şərtləri İspaniyanın zeytun istehsalına daha da təsir edə bilər. Hələ 2012-ci ildə 10 ilin ən aşağı səviyyəsinə enən İspaniyanın zeytun yağının qiyməti 2015-ci ildə bir kq 3,5 avro olub. İtaliyanın istehsalı isə həddindən artıq yağışlar və meyvə həşəratları ilə bağlı zərbə alıb, ölkənin zeytun yağı ticarəti kəsiri dərinləşərək 2008-ci ildən bu yana ən yüksək səviyyəyə çatdı. Dünyanın ikinci böyük zeytun yağı ixracatçısı və ən böyük istehlakçısı olan İtaliya, ixracatını dəstəkləmək üçün digər Aralıq dənizi ölkələrindən idxal edir. İtaliyada qablaşdırılan zeytun yağının ən böyük müştərisi Şimali Avropa və ABŞ-dır.

 

Yunanıstanda adambaşına istehlak 13,3 litrdir

Əmtəə məlumatlar şirkəti “Mintec”ə görə, İtaliyada istehsal edilən sızma zeytun yağının qiyməti İspaniyanın sızma yağından 65 faiz daha yüksəkdir. Fransada isə zeytun yağı istehsalı 2014/15-ci illərdə sərt şəkildə geriləyib. Ölkənin ən əhəmiyyətli istehsal mərkəzlərindən olan Cote d`Azurda 2014/15-ci il mövsümündə 69 faiz kimi çox ciddi bir itki olub. Əvvəlki mövsümdə 3, 346 ton olan istehsal ötən mövsümdə 1,031 tona enib. Fransa Kənd Təsərrüfatı Nazirliyi istehsalçılara dəstək olmağa çalışır. Bəzi istehsalçılar fond yaratmağa başlayıb. FAO-nun məlumatına görə, son dörd ilin nəticələrinə əsasən bu gün dünyada zeytun yağı istehsalına görə lider İspaniyadır. İspaniya ümumi istehsalın 41 faizinə nəzarət edir. Daha sonra 13 faizlə İtaliya, 9,8 faizlə Yunanıstan, 6,9 faizlə Tunis qərarlaşıb. Türkiyənin bazarda payı 5,8 faizdir. Dünya ixracat payına gəldikdə isə dörd ildə yenə ilk sırada 28,7 faizlə İspaniya yer alır. İdxalda isə ölkələrin sırası dəyişir. Belə ki, ilk sırada 4 ildə 35,3 faizlə ABŞ, ikinci 8,3 faizlə Braziliyadır. İstehlaka gəldikdə isə 5,1 faizlə ilk sırada yer alan Yunanıstanda adambaşına istehlak 13,3 litrdir. Sonra gələn İspaniyanın istehlak payı 16,7 faiz, adambaşına isə 10,5 litr təşkil edir.

Süfrə zeytununa gəldikdə isə dünyada istehsal payı 20,6 faizlə ilk yeri İspaniya tutur. İxracda isə yenə 30,4 faizlə İspaniya birincidir. İdxalda 22,1 faizlə ABŞ ilk sıradadır. İstehlakda isə Əlcəzair 8,3 faizlə, adambaşına isə 6,6 kq olmaqla ilk sırada yer alır. Ümumiyyətlə, zeytun və zeytun yağı bir sıra ölkələrin iqtisadiyyatında mühüm rol oynayır ki, bu məhsuldan yüksək gəlir əldə edirlər. Zeytunun istehsalından mənfəət əldə edən ölkələrdən biri də qonşu Türkiyədir. Doğrudur, qardaş ölkədə son dövrlər bu məhsuldan gələn gəlirin aşağı düşməsindən şikayət edirlər. Belə ki, 1 noyabr 2015-28 iyun 2016-cı il dövründə ötən ilin eyni dövrü ilə müqayisədə gəlirdə 46 faiz geriləmə var. 52 milyon dollar olan gəlir 32 milyon dollara enib. Türkiyənin 2023-cü il zeytun yağı istehsal hədəfi 650 min ton, süfrəlik zeytun istehsal hədəfi 1 milyon 200 min tondur. 9 il əvvəl 90 milyon ətraflarında olan zeytun ağaclarının sayı bu gün 170 milyonu keçib. Qarşıdakı bir neçə ildə zeytun yağı istehsalını 400 min tona çata biləcəyi təxmin edilir.

 

Abşeronda zavod və emal sexlərinin genişləndirilməsi nəzərdə tutulub

Azərbaycanda zeytun qədim tarixə malikdir. Eramızdan əvvəl respublikamızın ərazisində olmuş Strabon burada zeytun əkinlərinin mövcudluğunu göstərib. VII əsr tarixçisi Moisey Kaqan Katvasi Kür və Araz düzənliyində geniş sahələrdə zeytun ağacları olduğunu qeyd edib. Azərbaycanda təxminən keçən əsrin ortalarından zeytunçuluğa diqqət yetirilməyə başlanıb. Bu səbəbdən də uzun illər Abşeron zeytun bağları ilə məşhur olub. Sonralar, xüsusilə yarımadada Abşeron rayonu yaradıldıqda zeytun bağlarının sahəsi sürətlə genişləndirilib. Ötən əsrin 70-ci illərinin əvvəllərində daha üç ixtisaslaşdırılmış zeytunçuluq sovxozu yaradılıb. Bundan başqa, Bilgəhdə, Maştağada subtropik bitkilər, Buzovnadakı tərəvəzçilik sovxozlarında geniş ərazidə zeytun bağları salınıb. Azərbaycanın və xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Ölkəmizdə zeytun bağlarının inkişafı 1946-cı ildən başlanıb. Belə ki, Nazirlər Sovetinin 9 iyun 1946-cı il tarixli sərəncamına əsasən, respublikamızda 300 hektar zeytun bağı salınması planlaşdırılıb. İlk növbədə, 1949-cu ildə ixtisaslaşdırılmış zeytunçuluq sovxozu Zığ kəndində yaradılıb. Burada 200 hektar zeytun bağı salınıb. Həmin bağlardan 1955-ci ildə 7 tona qədər meyvə yığılıb. 1949-1950-ci illərdən sənaye əsasında zeytunun emalı üçün kiçik zavod da tikilib və işə salınıb. Sonralar Qala kəndində və Hövsanda da zeytunçuluq təsərrüfatları yaradılıb. Bunlardan başqa, Maştağada və Bilgəh kəndində də zeytun bağlarının salınması məqsədəuyğun sayılıb. Abşeronun ixtisaslaşmış təsərrüfatlarında XX əsrin sonlarında 1,6 min hektar zeytun əkinləri mövcud olub. Bunun 600 hektardan çoxu məhsuldar bağlar idi. Bu bağlardan 1980-ci ildə 763,8 ton, 1981-ci ildə 850 ton məhsul götürülüb. Abşeronda ildə iki min ton zeytun məhsulu istehsal edən konserv zavodu tikilmişdi. Dövlət müstəqilliyinin bərpasının ilk dövrlərində - 90-cı illərdən sonra isə digər istehsal sahələri kimi, zeytunçuluqda da geriləmə müşahidə olunmağa başladı. Torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarılıb və yerdə qalan bağların məhsuldarlığı da qayğısızlıq ucbatından kəskin şəkildə aşağı düşüb. Hazırda Azərbaycanda 1740 hektara yaxın zeytun bağları vardır ki, bunlardan da 1725 hektarı barvermə imkanına malikdir. 2014-cü ildə respublika üzrə 846 ton məhsul, 60 tona yaxın zeytun yağı istehsal edilib. Zeytun bağlarının salınması üçün müraciət edən sahibkarların sayı tədricən artır. Azərbaycanda zeytun bitkisi əsasən Abşeronda becərilməsinə baxmayaraq, digər bölgələrdə də - Sumqayıt, Siyəzən, Salyan, Göyçay, Beyləqan və Yevlaxda yeni zeytun bağları salınır. Son illərdə təkcə Bakının Zirə qəsəbəsində 200 hektara yaxın yeni zeytun bağları salınıb. Abşeron rayonunda 1590 hektar zeytun bağı mövcuddur ki, onun 1556 hektarı bar verən, 33 hektarı cavan bağlardır. Rayonda istehsal olunan zeytun məhsullarının keyfiyyətli emalını daha da təkmilləşdirmək məqsədilə zavod və emal sexlərinin genişləndirilməsi nəzərdə tutulub, mövcud bağlardan 66,5 ton zeytun istehsal edilib. Respublikada zeytun emalı sahəsində bir sıra müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr zeytun yağı, zeytun mürəbbəsi, zeytun turşusu, zeytun əzməsi istehsal edirlər. Hazır məhsullar yerli bazarlarla yanaşı, Rusiya, Türkmənistan, Cənubi Koreya kimi xarici dövlətlərə də ixrac olunur. Hazırda bu sahənin daha da inkişafı istiqamətində addımlar atılması vacibdir və bu da ölkəyə valyuta axınına imkan verər.

 

Nigar Abdullayeva

Palitra.-2016.-19 oktyabr.-S.6.