QHT-lərin vahid elektron bazası yaradılıb

 

Cəsarət Hüseynzadə: “İKT-nin inkişafı sahəsində, əslində, insanlar daha çox fəaliyyətlər həyata keçirməyə nail olublar”

Azərbaycandakı qeyri-hökumət təşkilatlarının vahid elektron bazasının yaradılması İKT baxımdan zəruriyyət kəsb edir. Bu ümumilikdə QHT-lərin virtual həmrəyliyinə xidmət edir. “Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyinin “Elektron vətəndaş cəmiyyəti şəbəkəsi” layihəsini keçirməsi bu baxımdan təqdirəlayiqdir. Bu haqda “Şəmsi Əsədullayev “ Xeyriyyə İctimai Birliyinin layihə koordinatoru, qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə qəzetimizə müsahibəsində ətraflı məlumat verib.

-Öncə, "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyinin yaranma tarixi haqqında danışmağınızı istərdik?

-"Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi 1995-ci ildə yaradılıb, “Şəmsi Əsədullayev” Xeyriyyə Cəmiyyətinin hüquqi varisidir. Birlik aztəminatlı təbəqələrin sosial rifahının yaxşılaşdırılması, vətəndaş cəmiyyəti quruculuğu sahəsində əhalinin iştirakı və sağlam biznes sektorunun inkişafına yardım missiyasını öz fəaliyyətinin prioritet sahəsi hesab edir

Cəmiyyət 2006-cı ildən yenidən "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınaraq fəaliyyətini yeni forma və metodlarla bərpa edib.

"Yerli məhsulların təbliği və Virtual Satış Mərkəzinin yaradılması", " Sahibkarlar üçün internet mətbuat xidmətinin təşkili və elektron resurs mərkəzinin yaradılması", "Azərbaycanın sənaye potensialının inkişafı və təbliği ilə bağlı təşəbbüslər" və "Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihələrini həyata keçirib.

Təşkilat 2014 və 2015-ci illərdə layihələri yüksək səviyyədə həyata keçirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanı ilə təltif edilib.

-"Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hansı elektron xidmətlər göstərilib?

-İctimai Birliyimiz 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsini icra edib. Layihə çərçivəsində elektron vətəndaş (E-vətəndaş) cəmiyyəti portalı (www.e-vc.az) yaradılıb, 300 QHT, 300 layihə haqqında e-baza formalaşdırılıb, 300 QHT-yə subdomen saytlar açılıb.

Bundan başqa, 2015-ci ildə QHT-lərin fəaliyyəti və icra olunmuş layihələrlə bağlı internet mediada dərc olunan materialların monitorinqi aparılıb, QHT-lər ilə mütəmadi və sıx əməkdaşlıq edən internet media orqanları müəyyən edilib və layihə çərçivəsində həmin media qurumları mükafatlandırılıb.

Bütün bu fəaliyyətlərlə bərabər, istər layihənin icrası dövründə, istərsə də layihənin icrası başa çatdıqdan sonra layihə icraçıları və əməkdaşlıq etdiyimiz QHT-lər tərəfindən bu sahə ilə bağlı portala 1000-ə yaxın xəbər daxil edilib.

QHT-lər öz xəbərlərini subdomenli saytlarına daxil edərkən, həmin informasiya QHT-nin üzvlük statusundan asılı olaraq birbaşa və yaxud bizim razılığımız ilə portalda yayımlanır.

Onu da qeyd etmək istərdim ki, sayt, eyni zamanda baza və subdomenli saytlar yeni və daha yaddaqalan - www.qht.az domeninə köçürülüb. Bu domenin əldə edilməsi məqsədilə təşkilatımız uzun müddət idi ki, fəaliyyət göstərirdi.

 

-"Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı" layihəsinin əsas hədəfi nədir?

-Azərbaycanda QHT-lərin sayının daha çox olması səbəbindən bu bazanın inkişaf etdirilməsi zərurəti yaranıb. Müxtəlif hesabatlarda 800-1000 QHT-nin fəaliyyətdə olduğu əksini tapır. Digər tərəfdən, bu şəbəkəyə qoşulmaq istəyən QHT nümayəndələrinin bu şəbəkənin istifadəsi ilə bağlı maarifləndirməyə ehtiyacları var. Gənclərin şəbəkədən istifadə etməsi və təşkilatların profilinin idarə edilməsi ilə bağlı heç bir problem olmasa da, orta və yaşlı nəsil QHT nümayəndələrinin bu sahədə maariflənməyə ehtiyacları özünü açıq büruzə verir. Layihə dövründə onlarla təşkilata fərdi vebinarlar (onlayn seminar) keçirilsə də, bu sahədə daha geniş maarifləndirmə aparılması vacibdir.

Buna görə də İctimai Birliyimiz “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs vətəndaş cəmiyyəti quruculuğu prosesinə hər zaman dəstək verən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib.

"Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı" layihəsi vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı, VCT nümayəndələrinin bu şəbəkədən istifadə imkanlarının artırılmasını hədəfləyir. Layihənin əsas məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının institusional inkişafının dəstəklənməsi və cəmiyyətdə QHT-lərin fəaliyyətinə etimadın artırılmasıdır. Layihə 6 ay ərzində Bakı, Quba, Gəncə, Şirvan və Mingəçevir şəhərlərində icra olunur.

-Layihə çərçivəsində hansı işlər görülüb?

-Ötən müddət ərzində layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin əhəmiyyətli qismi həyata keçirilib. “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində e-baza inkişaf etdirilib. Hazırda bazada 450-yə yaxın QHT haqqında informasiya və subdomenli sayt var.

QHT-lər üçün yaradılan subdomenli saytlar QHT-lər haqqında, xəbərlər, layihələr, hesabatlar, nəşrlər, foto, video, əlaqə kimi bölmələrdən ibarətdir.

Artıq QHT-lərin elektron bazasının inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər yekunlaşmaq üzrədir.

Portalın proqram təminatı inkişaf etdirilib, Vətəndaş cəmiyyəti liderlərinin informasiya bankının proqram təminatı yaradılıb. E-bazaya 150-yə yaxın QHT lideri haqqında informasiya daxil edilib və onlar üçün subdomen saytlar (bloqlar) yaradılıb. QHT liderlərinin bloqları haqqında, yazılar, müsahibələr, mükafatlar, foto, video, əlaqə kimi bölmələrdən ibarətdir.

Layihə dövründə QHT-lərin fəaliyyəti haqqında 900-ə yaxın xəbər hazırlanaraq yayımlanıb. Sevindirici haldır ki, bu xəbərlərin müəyyən hissəsi QHT-lər tərəfindən birbaşa və müstəqil surətdə sayta daxil edilib.

Layihə çərçivəsində E-vətəndaş cəmiyyəti şəbəkəsinin tanıtımı məqsədilə 300 ədəd tanıtım qələmləri hazırlanıb və müxtəlif tədbirlər zamanı QHT-lərə paylanılıb.

Layihə çərçivəsində QHT nümayəndələrinin vətəndaş cəmiyyəti şəbəkəsindən istifadə üzrə bacarıqlarının inkişafı üzrə təlimlər də təşkil olunub. Təlimlərin əsas məqsədi QHT nümayəndələrinin bu şəbəkədən istifadə etmək və onlar üçün yaradılan subdomenli saytların idarə olunması ilə bağlı bacarıqlarının inkişaf etdirilməsidir. Bakı, Quba, Şirvan Mingəçevir və Gəncədə keçirilən təlimlərdə 100-dən artıq QHT nümayəndəsi və könüllüsü iştirak etmişdir. Təlimlərlə bağlı təklifləri nəzər alaraq Bakı şəhərində daha bir təlim keçirməyi planlaşdırmışıq.

Eyni zamanda QHT nümayəndələrinin QHT.az - vətəndaş cəmiyyəti şəbəkəsindən istifadə üzrə bacarıqlarının inkişafı ilə əlaqədar maarifləndirici videoçarx hazırlanıb və montaj mərhələsindədir.

Layihənin sonunda QHT.az - vətəndaş cəmiyyəti şəbəkəsinə marağın artırılması və QHT nümayəndələrinin iştirakını stimullaşdırmaq məqsədi ilə şəbəkənin 10 fəal iştirakçısı müəyyən ediləcək və dövlət təşkilatları, QHT və KİV nümayəndələrinin iştirakı ilə layihənin yekunları ilə bağlı təqdimat mərasimində təltif olunacaq.

-Siz, eyni zamanda qht.az saytının baş redaktorusuz. Saytınızın fəaliyyəti haqqına məlumat verərdiz.

-QHT.az saytı 19- 26 fevral 2016-cı il tarixində Beynəlxalq Antiişğal Forumunun (İşğala, Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun) Türkiyə Toplantısında, eyni zamanda Xocalı soyqırımının ildönümü ilə əlaqədar İzmir, İzmit, Ankara, İstanbul və Sakariyada keçirilən anım tədbirlərində Forumun iştirakının işıqlandırılması missiyasını Beynəlxalq Antiişğal Forumunun mətbuat xidməti ilə birgə həyata keçirib. Belə ki, bütün informasiyalar Türkiyədən birbaşa QHT.az saytında yayımlanıb, həm də sayt tərəfindən digər KİV-nə yönləndirilib.

Layihə yüksək səviyyədə icra olunduğuna görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanı ilə təltif edilib.

www.qht.az portalı qısa fəaliyyəti dövründə “Milli Net 2015” müsabiqəsində 3-cü yerə layiq görülüb.

Həmçinin “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi tərəfindən 2016-cı ildə

Azərbaycan Respublikasında Dövlət siyasətinin həyata keçirilməsində, Vətəndaş Cəmiyətinin inkişafında, Gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasında və mətbuat sahəsində göstərdiyi fəal xidmətlərinə görə www.qht.az saytı fəxri fərmanla təltif edilib.

-Bildiyimiz kimi, artıq İKT insanların bütün həyatına sirayət edib. Ümumiyyətlə, İKT-nin inkişafı insanların bütün hallarda həyatını nə dərəcədə asanlaşdırb?

-İKT-nin inkişafı sahəsində, əslində, insanlar daha çox fəaliyyətlər həyata keçirməyə nail olublar. İnsanlar bu inkişaf tempinə uyğunlaşmalı və həyat tərzini də məhz bu amillər üzərində qurmalı olublar. İllər öncə insanın əsas fəaliyyəti fiziki amillər üzərində qurulmuşdusa, artıq bu, zehni amillərlə əvəz olunmaqdadır. Həqiqət ondan ibarətdir ki, bu inkişaf insan həyatını asanlaşdırıb. Məsələyə digər tərəfdən baxsaq, bu inkişaf insanın daha çox fəaliyyətlər həyata keçirməsinə səbəb olsa da, onun ümumi yükünü azaltmayıb, əksinə artırıb. Gündəlik stress, hərəkətsizlik və digər mənfi amillər insan sağlamlığına ciddi zərbə vurur. Kənardan birgünlük fəaliyyətimizə diqqət etsək, görərik ki, bizim həyatımız bir qədər sürətlə keçən kino kadrına bənzəyir.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-20 oktyabr.-S.11.