“İKT sahəsində bacarıqlarının olması hər bir müəllimin üstünlüyüdür

 

Təranə İsmayılova:

“İKT-dən istifadə edən müəllim tədris prosesində texnoloq, konsultant, koordinator rolunu oynamalıdır”

 

İnformasiya kommunikasiya texnologiyalarının (İKT) inkişafı müəllimlərin, xüsusən də İnformatika müəllimlərinin məsuliyyətini daha da artırıb. Onlar şagirdlərə dərsi tam dövrün tələblərinə uyğun şəkildə tədris etməlidirlər. Elə Abşeron rayonunun Saray qəsəbəsindəki 3 saylı tam orta məktəbin İnformatika müəllimi, “İntel - gələcək üçün təhsil” layihəsi üzrə təlimçi Təranə İsmayılova ilə müsahibəmiz bu mövzudadır.

 

-Müəllimlərin İKT baxımından savadının artırılması üçün hansı təlimlər keçirilir?

-Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Dövlət proqramı çərçivəsində pedaqoji kadrların İKT üzrə hazırlığı prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin pedaqoji heyəti tədris prosesində informasiya kommunikasiya texnologiyalarından effektiv istifadə edilməsi üçün treninqlərdən keçir. İKT üzrə təlimlərdə iştirak edən müəllimlər İKT-nin imkanlarından istifadə edərək səmərəli dərsin təşkil edilməsi sahəsində ilkin təcrübəyə, psixoloji hazırlığa, bir sözlə, innovativ biliklərə yiyələnir və onları sinifdə gedən tədris prosesində necə tətbiq etməyi öyrənirlər.

-Bildiyimiz qədərilə “İntel - gələcək üçün təhsil” layihəsi də bu məqsəd üçün keçirilir.

- “İntel - gələcək üçün təhsil” layihəsi pedaqoqlara texnologiyadan səmərəli şəkildə istifadə etməklə 21-ci əsr təhsilinin daha da inkişaf etdirilməsinə yardım edən dünya üzrə peşəkar inkişaf proqramıdır. Layihədə məqsəd təlim kurslarının təşkili ilə müəllimlərin İKT savadlılığının artırılmasıdır. “İntel” - gələcək üçün təhsil” proqramı çərçivəsində ümumtəhsil məktəblərinin müəllimləri tədris prosesində İKT-dən səmərəli istifadə etmək üçün zəruri biliklər əldə edir və texnologiyaları sinifdə tədris prosesində necə tətbiq etməyi öyrənirlər. Həmçinin müəllimlər dövlət təhsil standartlarına və tədris proqramlarına uyğun layihə planı, şagird multimedia təqdimatı, nəşr və veb sayt, qiymətləndirmə formaları və meyarları, şagirdlərə aid didaktiv və müəllimlər üçün metodik materiallarla təchiz olunurlar. Bu proqram üzrə artıq yüzlərlə müəllim İKT-nin tətbiqi sahəsində yeni biliklərə yiyələnib. Azərbaycanda müəllimlər üçünBir şagird-bir kompüter” layihəsi çərçivəsində keçirilmiş olan müsabiqə də təhsilə öz uğurunu vermişdir. Müsabiqənin məqsədi informasiya kommunikasiya texnologiyalarına əsaslanan fərdiləşmiş təhsilin formalaşması, eləcə də “1 şagird-1 kompüter” layihəsi çərçivəsində netbukların daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və məktəblərin seçilməsidir. Məktəblərə netbukların verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın təhsil sistemində ilk təcrübədir. Bu format “1 şagird-1 kompüter” layihəsi çərçivəsində texnologiyalara daha böyük maraq göstərən təhsil müəssisəsinə netbukların verilməsini nəzərdə tutur. Bu müəllimlərin İKT biliklərinin tədris prosesində istifadəsi üçün motivasiyadır.

-Bəs şagirdlərin İKT bilikləri necə artırılmalıdır?

-Şagirdlərin bir araya gəlib bir-birini tanıması, biliklərinin təkmilləşdirilməsi və onların bacarığının göstərilməsi, üzə çıxarılması üçün şagirdləri kreativ müsabiqələrə cəlb etmək bu yolda atılan ən gözəl addımlardan biridir. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil məktəbləri arasında keçirilən İnformatika Layihə Olimpiadası (İLO) bu sahədə ən kreativ müsabiqələrdən biridir. Qeyd etmək istərdim ki, bu müsabiqəyə mən şagirdlərimlə artıq 4 ildir ki, tərbiyəvi əhəmiyyət kəsb edən qısametrajlı film kateqoriyası üzrə qatılır. Biz respublika üzrə ikinciliküçüncülük əldə edərək gümüşbürünc medallarla təltif olunmuşuq. Bu il isə şagirdlərim respublika birincisi olaraq 3 qızıl medalla təltif olundular. Bu müsabiqədə onlar öz bilik bacarıqlarını həmyaşıdlarıyla birlikdə sınaqdan keçirib, bildiklərini paylaşıb, bilmədiklərini öyrəndilər. Bu müsabiqələr şagirdlərin məntiqi təfəkkürünün inkişafına xidmət edir. Məqsəd təkcə nəyisə nümayiş etdirmək deyil, həm şagirdlərin yaradıcı fəaliyyətini təmin etməkdir. Bunun şagirdlərə ən böyük faydası layihəni hazırlayarkən qazandıqları təcrübədir. Əsas məqsəd onlarda vərdişlər, bacarıqlar formalaşdırmaq, kiçik tədqiqatçı olmağa sövq etmək daha böyük tədqiqatçı hazırlamaqdır. Bir sözlə, məqsəd prinsip olaraq şagirdlərin nələri bacardığını üzə çıxarmaq bir tədqiqatçı yetişdirməkdir. Bu səpkidə olan müsabiqələr onların özlərinə inamını daha da artırır şagird-şagird, müəllim-şagird münasibətlərini tənzimləyir. Layihələr üzərində şagirdlərin problemlərin həlli yolunda müstəqil qərar verə bilən, müzakirələr edə bilən, doğru qənaətlərə gələn, bir sözlə, öyrənməyi öyrənən bir fərd kimi yetişməsinə xidmət edir.

- Prometan interaktiv lövhələrin tədrisdə tətbiqinin kimi önəmi var?

-Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhə şagirdlərə psixoloji maneəni aşmağa, lövhə qarşısında qorxu və utancaqlığı dəf etməyə imkan yaradır. Onunla işləyərkən şagird asanlıqla və çəkinmədən öz bacarıqlarını nümayiş etdirir. Bu zaman sinifdə laqeyd şagird qalmır, bütün fənlər əlçatan və maraqlı görünür. Şagirdlər üçün oxumaq maraqlı olur. Görərək qavramaları daha da güclənir, diqqəti toplamaq qabiliyyəti artır və bununla da materialı daha yaxşı başa düşüb yadda saxlayırlar. İnteraktiv tapşırıqlar zamanı “ağıllı” lövhədən istifadə şagirdlərin dərs prosesinə diqqət və marağını artırır, onları axtarışa sövq edir. Maraq yarananda zəif və ya güclü olmasından asılı olmayaraq, bütün şagirdlər dərsdə fəal iştirak edirlər. Hətta zəif oxuyan, öz fikrini söyləməkdən çəkinən şagirdlər belə, fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə həvəslə iştirak edir, müzakirələrə qoşulur. Bu isə texnologiyanın təhsilə bəxş etdiyi müsbət nəaliyyətin göstəricisidir. “Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.

-Ümumiyyətlə, İKT-nin inkişafı İnformatika müəllimlərinin məsuliyyətini nə dərəcədə artırıb?

-İKT sahəsində bacarıqlarının olması hər bir müəllimin üstünlüyüdür. Müəllimlər əvvəllər ənənəvi qaydada dərs keçirdilərsə, indi artıq şagirdləri daha da həvəsləndirmək üçün Flash texnologiyalardan istifadə edərək veb alətlərdə didaktik oyunlar yaradırlar. Yaradılmış didaktik oyunlarla şagirdlər həm əylənərək öyrənəcək, həm də nəticə etibarilə dərsi sevməyə başlayacaqlar. Qeyd edim ki, Veb2.0 alətlərdən istifadə edən çoxsaylı müəllimlərimiz var. Bu müəllimlərimiz daima yaradıcı resurslar yaradırlar. İKT-dən istifadə etməklə qoyulmuş problemin həll edilməsini asanlaşdırmaq və şagird nailiyyətlərini yüksəltmək mümkündür. Qeyd etmək istərdim ki, şagirdlərin maraq və qabiliyyətlərinin inkişafında, tədris və təlim işinin düzgün qurulmasında yaxşı təchiz edilmiş fənn kabinetlərinin rolu əvəzsizdir. Çünki yeni texnologiyaların tətbiqi, fənn kabinetlərinin müasir avadanlıqlarla təchizatı təlim və təhsilin yeni məzmunda qurulmasını təmin edir. Beləliklə, əyani vasitələrlə təchiz edilmiş fənn kabinetlərində İKT-dən istifadə dərsin mövzusunun daha dərindən dərk olunmasına xidmət edir.

İKT təlim prosesində şagirdin yaradıcılıq imkanlarını genişləndirir. Müxtəlif mövzuların qruplarya fərdi şəkildə işlənərək təqdim olunması məktəblilərin həm tədqiqatçılıq bacarıqlarını inkişaf etdirir, həm də rabitəli nitqin formalaşmasına şərait yaradır. İKT-dən istifadə edən müəllim tədris prosesində texnoloq, konsultant, koordinator rolunu oynamalıdır, çünki çox sayda İnternet saytları mövcuddurbunlardan alınan informasiyalar qeyri-dəqiq ola bilər.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-22 oktyabr.-S.11.