Atabəylər dövründən sonra Naxçıvan heç vaxt bugünkü qədər inkişaf etməyib

 

Dövlətçilik ənənəsi qədim olan diyar

 

Təkcə Azərbaycanda deyil, bütövlükdə Şərqdə qədim və zəngin mədəniyyətə, güclü dövlətçilik ənənələrinə malik olan diyarlardan biri Naxçıvandır. Bu regionda Daş dövründən başlamış (Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı Qazma mağarası) bəşəriyyətin bütün tarixi boyu insan məskənləri olub. Culfadakı İlanlıdağdan tapılan mixi yazılar, Şərurdakı Oğlanqaladan aşkar edilən qala tipli şəhər-dövlətə aid saray qalıqları Naxçıvanda dövlətçilik ənənələrinin Cənubi Azərbaycanla paralel olaraq, təxminən eyni vaxtda əsasının qoyulmasını təsdiq edir. X əsrin sonu-XI əsrin ortalarında bu diyarda Naxçıvanşahlıq dövləti mövcud olub. Naxçıvanın dövlətçilik tarixinin Orta əsrlər dövrünə aid zirvəsi Atabəylər dövləti hesab olunur. Paytaxtı Naxçıvan şəhəri olan Atabəylər dövlətinin Azərbaycan tarixində ən mühüm nailiyyətlərindən birio oldu ki, bu dövlət xalqımıza intibah mədəniyyəti bəxş etdi. Həmin dövrdə Naxçıvan şəhəri elm və mədəniyyət, beynəlxalq ticarət mərkəzinə çevrildi. XYIII əsrdə yaranan Naxçıvan xanlığı dövlətçilik tarixində bir mərhələ olsa da, etiraf edək ki, inkişaf baxımından bu dövrü Atabəylər dövrü ilə müqayisə edə bilmərik. 1924-cü ildə yaranan Naxçıvan MSSR isə 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra özünün növbəti inkişaf mərhələsinə qədəm qoydu. Bu gün isə Konstitusiyamızda muxtar dövlət élan edilən Naxçıvan MR yuxarıda sadaladığımız tarixi inkişaf mərhələləri içərisində özünəməxsus yeri olan bir yüksəliş dövrünü yaşayır. Bu yüksəliş dövrünün də əsasını 1991-ci ildə xalqın istəyi ilə Naxçıvanda hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyev qoyub.

Azərbaycan Respublikası Prezidenti yanında KİVDF-nin ötən həftə Naxçıvana təşkil etdiyi səfər zamanı bu diyarın növbəti və ən yüksək inkişaf mərhələlərindən birinin nailiyyətləri ilə tanış olmaq fürsəti qazandıq. Təkcə müasir Naxçıvan Hava Limanı ilə tanışlıq, oradan “Təbriz” mehmanxanasına qədər olan qısa məsafə və mehmanxanada yaradılan yüksək standart bizdə artıq ilkin, eyni zamanda olduqca müsbət təəssüratın əsasını qoymuş oldu. “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda Naxçıvanda keçirilən regional konfransda muxtar respublikanın nailiyyətləri haqda biliklərimiz genişlənsə də, bu diyarla əyani tanışlıq inkişafın miqyasını daha dərindən dərk etməyə imkan verdi.

 

Heydər Əliyev: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.”

 

 

Adətən bir yerə səfər edəndə, ilk olaraq gözüm tarixi abidələri axtarır, onların mövcud durumu, qorunma səviyyəsi, bərpa işləri ilə maraqlanıram. Naxçıvan da, dünya əhəmiyyətli abidələrlə zəngin bir diyar kimi seçilir. Heydər Əliyev bu haqda belə deyirdi: "Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.” Ona görə də, proqramda Əlincə qalasına səfərin də daxil edildiyini eşidəndə çox məmnun qaldım. Biz qalaya çatanda hava qaralmaq üzrə idi, mənə elə gəldi ki, Əmir Teymurun ordusunun mühasirəsinə 14 il tab gətirmiş Əlincənin ətəyinə qədər gəlib çıxmaq, amma zirvəsinə qalxmamaq birgünaholar. Tezliklə bəlli oldu ki, Əlincə qalasının bərpası zamanı dağın ətəyindən başlamış zirvəsinədək işıqlandırma sistemi qurulub və gecənin zülmət qaranlığı belə, qalaya qalxmağa mane ola bilməz. Bizdən başqa da, alatoranda qalanı görməyə gələn insanlarla rastlaşdıq. Mən vaxtilə Naxçıvan Dövlət Universitetində müəllim işləyərkən Əlincə qalasına bir neçə dəfə səfər etmişdim. Amma indi tamamilə yeni mənzərənin şahidi oldum. Əvvəla burada, dağın ətəyində "Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılıb. Qalanın zirvəsinə qədər uzanan pillələrin qurulmasına, bir neçə yerdə müdafiə divarlarının , qalanın zirvəsində isə demək olar ki, ilkin görkəmin bərpa olunmasına ağır və üzücü əmək sərf edilmişdi. Qalanın zirvəsindən görünən, lakin xeyli aralıda yerləşən, burada qətlə yetirilmiş Nəiminin türbəsinə baxanda, məndə belə bir düşüncə yarandı: Əlincə qalası bu vaxta qədər, daha çox Əmir Teymura ciddi müqavimət göstərməsi ilə tarixdə və yaddaşlarda qalmışdısa, bundan sonrakı nəsillər həm də, bu möhtəşəm bərpanı unutmayacaqlar. Çünki tarixdə təkcə abidələrin fiziki mövcudluğu yox, eyni zamanda, onların qorunması, bərpa edilərək gələcəyə ötürülməsi vacib və həlledici şərtdir. Əlincədən sonra Araz çayı kənarındakı Gülüstan türbəsini ziyarətimiz zamanı dağılmaq üzrə olan bu abidənin tam bərpasını görəndə, muxtar respublikada tarixi abidələrə göstərilən qayğının böyüklüyünün şahidi olursan.

Bizə məlumat verildi ki, Naxçıvanda bütün tarix və mədəniyyət abidələri qeydiyyata alınaraq, pasportlaşdırılıb. Son illərdə Möminə xatın türbəsi konservasiya edilib, "Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yeni¬dənqurma işləri aparılıb, Yusif KüseyiroğluNuh türbələri, Naxçıvan şəhərindəki və Şərur rayonundakı imamzadələr, muxtar respublika ərazisindəki "Buzxana” abidələri, "Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfadakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunub.

Adları çəkilən bu abidələr bizi keçmişimizlə, babalarımızla, zəngin tariximizlə bağlayan tellərdir. Bu tellərin qopmasına imkan verməmək, zamanında onları bərpa etmək, möhkəmləndirmək tarixi missiyadır. Bu missiyanın yerinə yetirilməsində əməyi olan hər kəsin qarşısında baş əymək isə biz vətəndaşların borcudur. Yenilməzlik simvolu olan Əlincə qalası kimi abidələrin bərpası həm də, gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarını ən uğurlu icra edən bölgə

 

Azərbaycanda 2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Muxtar respublikanın iqtisadi-mədəni həyatı ilə yaxından tanış olduqdan sonra belə qənaətə gəldim ki, regionlarımız arasında bu proqramları ən uğurlu icra edən Naxçıvandır. Naxçıvan Biznes Mərkəzində olarkən məlumat aldıq ki, regionda 361 növdə məhsul istehsal olunur. 343 növdə məhsula olan tələbat, bilavasitə yerli istehsalın hesabına ödənilir. Eyni zamanda, Naxçıvanda istehsal olunan məhsullar xarici ölkələrə də ixrac edilir. Bu ölkələrin sırasına Gürcüstan, Türkiyə, İran, Belarus dövlətləri daxildir.Bu gün Naxçıvandakı şirkətlər təkcə bu dövlətlərlə kifayətlənmirlər, məhsul ixracı üçün yeni bazarlar axtarışındadırlar.

Muxtar respublika enerji təhlükəsizliyini təmin edə bilib, istehsal olunan enerji nəinki daxili tələbatı tam ödəyir, hətta qonşu dövlətlərə enerji ixracı üçün imkanlar yaranıb. Yaxşı yadımdadır, bir zamanlar isə sutkalarla mənzillərə enerji verilmirdi.

Naxçıvanın yolları göz oxşayır, Ordubaddan tutmuş, mənim böyüdüyüm Sədərəyə qədər enli, keyfiyyətli, müasir standartlara uyğun yollar çəkilib. Naxçıvan Dövlət Universitetinin kampusu, sosial obyektləri, kitabxanası, tədris korpusları, xaricdən gələnlər üçün beşulduzlu otel səviyyəsində Qonaq Evi, İKT təminatı, yataqxanasında tələbələr üçün yaradılan şərait, o cümlədən sutka ərzində onların isti su ilə təminatı, bir sözlə hər bir sahə heyranlıq doğurur.

“Təmizlik imandandır”- deyiblər. Naxçıvan şəhərini gəzəndə ideal bir təmizlik, səliqə-sahman insanı riqqətə gətirir.

Əlincəyə səfərimiz zamanı yolumuz Saltaq kəndindən keçirdi. Bu kənddən Naxçıvanın simvolu olan İlanlıdağın möhtəşəmliyi daha aydın görünür. Saltaq kənd orta məktəbinin yanından dağı seyr edən qonaqlar həm də, məktəbin binasına, payızın ortalarında onun ətrafını saran, geniş bir sahəni əhatə edən qızılgül bağçasına heyranlıqlarını gizlədə bilmədilər. Bizə məlumat verildi ki, muxtar respublikanın bütün kəndlərində yeni məktəblər tikilibya əsaslı təmir olunub.

Naxçıvan nəinki bölgədə, bəlkə də bütün dünyada cinayətkarlığın ən az olduğu regonlardan birinə çevrilib. Naxçıvanda sahə müvəkkili işləmiş tanışlarımdan biri deyirdi ki, vaxtilə onun sahəsində bir gecədə 5 cinayət hadisəsi qeydə alınmışdı. İndi isə bütün il ərzində kriminal hadisələrin sayı minimuma endirilib.

 

Bir sözlə, Naxçıvanda hər bir sahədə müsbət yönümlü irəliləyişləri saymaqla qurtaran deyil. Səfərin sonunda Naxçıvanın keçdiyi tarixi yolu bir daha xəyalımda canlandıraraq belə bir qənatə gəldim:- Atabəylər dövründən keçən müddət ərzində Naxçıvan heç vaxt bugünkü qədər inkişaf etməmişdi. Bu inkişafda isə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun xidmətləri danılmazdır.

 

Namiq Əliyev

Tarix üzrə fəlsəfə doktoru

Palitra.-2016.-25 oktyabr.-S.7.