“Azərbaycan rəqslərini ifa edəndə özümü
şahzadə kimi hiss
edirəm”
Mette Svane: “Danimarkada Azərbaycan rəqsi ilə
bağlı bəzi şoular
hazırlayıram”
Müsahibimiz Mette Svaneni (Soraya) Danimarkadan Azərbaycana
gətirən bizim rəqsimizdir. O, Azərbaycana
gəlib ki, milli rəsqlərimizi
öyrənsin. Ona burada
rəqsləri gənc rəqqasə Aydan Kamilova tədris edib. Qeyd edək ki, M.Svane
Danimarkada dünyaya gəlib. İxtisasca terapevtdir. Hazırda Kopenhagen
bələdiyyəsində mədəniyyət üzrə
administrativ işləri
görür. Eyni zamanda
mədəniyyət evlərində
və kitabxanalarda işləyir. Özəl günlərdə
xüsusi tədbirlərdə
çıxış edir.
Bütün bunlarla yanaşı,
müxtəlif xalqların
rəqslərini öyrənir.
Maraqlıdır ki, o, Şərq
musiqi və rəqslərini öyrəndikdən
sonra özünə
“Soraya” təxəllüsünü
götürüb.
-Azərbaycan haqqında ilk dəfə nə vaxt məlumatınız
olub?
- Danimarkada keçirilən
bir festivalda 4 azərbaycanlı musiqiçi
ilə qarşılaşdım.
Onlar Danimarkada yaşayırlar və çox gözəl insandırlar.
Azərbaycan haqqında ilk dəfə
onlardan öyrəndim.
Daha sonra Danimarka-Azərbaycan Dostluq
Cəmiyyətinin rəhbəri
Kəmalə Maisqızı
mənə Azərbaycan
haqqında geniş məlumat verdi.
Elə mənə Azərbaycana gəlib sizin rəqsləri öyrənməyi
də o məsləhət
bildi. Mən Azərbaycana gəlmək
üçün xəyallar
qururdum. Sonda isə
gəldim, buradayam.
-Siz incəsənətə uzaq
olan peşənin nümayəndəsisiz. Maraqlıdır, sizdə rəqs etməyə maraq haradandır?
-Mən bütün ömrüm boyu rəqs etməklə məşğul olmuşam.
Müxtəlif ölkələrdə rəqs etməyə davam edirəm. Mən ərəb və hind rəqslərini öyrənməyə
başlamışam. Mənə maraqlıdır
ki, rəqslər necə bir-birlərinə
ilham mənbəyi olur. Məsələn, hind rəqslərinin bəziləri Orta Asiya xalqlarının rəqslərindən ilham
alıb. Azərbaycanda
da bəzi rəqslərin Rusiya rəqslərindən ilham
aldığını hiss edirəm.
Düşünürəm ki, rəqs möhtəşəm milli
sərvətdir. Rəqs vasitəsilə
insanlar bir-birlərini
anlaya bilərlər.
-Azərbaycanda hansı rəqsləri öyrənə bildiz?
- Azərbaycanda “Uzundərə”
və bir də “Qavalla rəqs”i öyrəndim. Bu rəqsləri mənə
rəqqasə Aydan Kamilova öyrətdi.
Fürsətdən istifadə edib
Aydan xanıma öz təşəkkürümü
bildirirəm. Həmçinin Aydan xanım mənə öz milli rəqs geyimlərində, birini hədiyyə etdi. Buna görə də
ona öz minnətdarlığımı bildirirəm.
-Azərbaycanda öyrəndiyiniz rəqsləri
Danimarkada harada təqdim edəcəksiz?
- Mən hal-hazırda da Danimarkada Azərbaycan rəqsi ilə bağlı bəzi şoular hazırlayıram. Həmçinin rəqslər ifa edirəm. Mən indi Azərbaycana
gəlmişəm ki,
nağara və dəf alım.
-Danimarka və Azərbaycan rəqslərinin sintezini etmək nə dərəcədə mümkündür?
-Əslində, bu
o qədər də çətin görünmür. Çünki bu rəqslər bir-birindən o qədər
də uzaq deyil. Hər iki xalqın
rəqslərində qol
və çiyinlərdən
istifadə edilir.
Amma musiqilər çox fərqlidir. Mən burada
gördüm ki, siz qədim musiqilərinizə necə
bağlısız. Bundan sonra
mən də həvəsləndim və
ilham mənbəyi tapdım. Daha sonra Danimarkanın
qədim mahnılarını
axtarıb tapmağa və öyrənməyə
başladım. Çünki biz onların bir çoxunu unutmuşduq.
Azərbaycan və Danimarka rəqsləri arasında ən böyük fərq odur ki, sizin rəqsləri
ifa edəndə özümü şahzadə
kimi hiss edirəm, Danimarka rəqslərini ifa edəndə isə özümü kəndli kimi hiss edirəm.
-Azərbaycanda hansı xüsusiyyət sizə Danimarkanı xatırlatdı?
-Azərbaycanlılar ünsiyyətcil
və yardımsevərdirlər.
Biz burada özümüzü
çox sərbəst
hiss edirik. Düşünürəm ki, danimarkalılar
da dinə münasibətdə çox
rahat insanlardır.
Danimarkalıların öz dinlərinə
münasibəti ilə
azərbaycanlıların öz
dinlərinə münasibəti
çox oxşardır.
Azərbaycanlılar da başqa mədəniyyətlərə kifayət
qədər açıqdırlar.
Çünki burada italyan
mətbəxi, alman çörəyi və başqa millətlərə
aid bir çox xüsusiyyətlər görmək
olar. Lakin təəssüf edirəm ki, bir çox mənim kimi əcnəbilər bunun belə olmasının fərqində deyillər.
Xaricilər mütləq bura
gəlib bunun hamısını görməlidirlər.
Siz öz mədəniyyətinizlə
fəxr etməlisiz.
Siz gənc ölkə olaraq öz mədəniyyətinizlə qürur
duymalısız.
-Bəs Azərbaycanı bəyəndizmi?
- Azərbaycan çox gözəl ölkədir. Hətta mənim gözlədiyimdən də gözəldir. Düşünürəm ki, burada mədəniyyətlərin inanılmaz şəkildə birləşməsi var. Həmçinin zəngin mətbəxiniz var. Yeməkləriniz çox dadlıdır.
-İnsanların
sizə qarşı davranışından
razısınızmı?
-Azərbaycanlıların mənə qarşı münasibəti çox gözəldir. Lakin burada bütün işlərin yaxşı getməsi üçün şəbəkəyə ehtiyac var. Danimarkada hər bir insan eyni xidməti görə bilər. Azərbaycanda bu nisbətən fərqlidir, insanları tanımalısız.
-Azərbaycanda daha nələri görmək istərdiz?
-Düşünürəm ki, Azərbaycan yeni binalar, parlaq işıqlarla turistləri cəlb etməyə çalışır. Amma Azərbaycanda görməli yerlər çoxdur. İnsanların münasibəti, postsovet ab-hava, bunların heç birini internetdən Azərbaycan haqqında maraqlananda tapmaq olmur. Biz istərdik ki, Azərbaycan haqqında maraqlananda burada olan aura ön plana çəkilsin və bizi bütün bunlar cəlb etsin. Ölkəni olduğu kimi təqdim etmək lazımdır. Yəni elə bir şeylər olsun ki, turistlər burda istədiklərini tapa bilsinlər.
Bütün dünyada insanlar hər şeyin köhnəsi ilə fəxr edirlər;
köhnə bina, köhnə kilsə,
köhnə məscid və s. Halbuki insanlar
keçmişdən çox gələcəklə
maraqlanmalıdırlar. Gənclərin həyatı,
onların gələcəyi və s. Yəni
keçmişdən qaçıb gələcəyə
yönəlmək daha düzgündür.
Fuad Hüseynzadə
Palitra.-2016.-26 oktyabr.-S.7.