İlk sərhədçi generalın 95 illiyi qeyd olunub
Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Cəfər oğlu Nəsirovun anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirildi.
Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənd şəhərində anadan olub, 1938-ci ildə Dərbənd Pedaqoji məktəbi, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirib. 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilən Mustafa Nəsirov sonralar Orta Asiya Sərhəd Dairəsində xidmətə başlayıb. Şərəfli döyüş yolu keçmiş Mustafa Nəsirov sonralar Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi, Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub, 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. O, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsi komandanın müavini təyin oluub.
1987-ci ildə istefaya çıxan Mustafa Nəsirov, Azərbaycan Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilib. Sərhəd dairələrində fədakar xidmətlərinə görə müxtəlif orden və medallar, fəxri fərmanlar almış Mustafa Cəfər oğlu Nəsirov ümummilli liderimiz Heydər Əliyev tərəfindən azərbaycanlı zabitlərin inkişafında göstərdiyi diqqət və qayğıya görə general-mayor ali hərbi rütbəyə layiq görülüb və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.
Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Sərhəd Qoşunlarının şöbə rəisi, polkovnik Elşən Rəhmanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun çıxış etdilər və “General Nəsirov” adlı film nümayiş olundu.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin
şəxsi heyəti, Müharibə, Əmək və
Silahlı Qüvvələr Veteranları Təşkilatının
üzvləri və digər qonaqlar iştirak etdilər.
Mahmud
Palitra.-2016.-26 oktyabr.-S.6.