“Macarıstan türkologiyası və Azərbaycan”

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirilib.

Konfrans Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü, professor Georq Hazainin xatirəsinə həsr olunub. Konfransdan əvvəl iştirakçılar MEK-də Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya və Azərbaycan-macar ədəbi əlaqələrinin inkişafındakı rolundan danışıb. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamını xatırladan akademik sənədə uyğun olaraq AMEA rəyasət heyətinin müvafiq qərar qəbul etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qərara əsasən akademiyanın müxtəlif institutlarında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə tədbirlər keçirilib. Akademik Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Türkoloji Qurultaya dair yekun konfransın bu ilin noyabr ayında təşkil olunacağını bildirib. Azərbaycan-macar ədəbi əlaqələrindən söz açan AMEA-nın vitse-prezidenti türkologiyanın inkişafında macar alimlərinin rolunu vurğulayıb, konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İsa Həbibbəyli Georq Hazainin Azərbaycan-macar ədəbi əlaqələrindəki rolundan ətraflı bəhs edib.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski ölkələrimiz arasındakı dostluq münasibətlərindən söz açıb. Səfir konfransın türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirib.

AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərov türkologiya elminin inkişafında professor Georq Hazainin rolundan söz açıb.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına inteqrasiyası ilə bağlı çıxış edib. Qeyd edib ki, Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitabjurnal, 600-dək elmi məqalə, habelə bir sıra şəxsi arxiv materiallarını Mərkəzi Elmi Kitabxanaya bağışlayıb. L.İmanova bu ilin mart ayında kitabxanada türkoloq-alimə məxsus olan şəxsi kitab kolleksiyasının təqdimatının keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Asif Rüstəmli və digər çıxış edənlər Azərbaycan və macar xalqları arasında elmi əlaqələrdən danışıblar.

Sonda G.Hazainin qızı Sisilya Hazai atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Nigar

Palitra.-2016.-26 oktyabr.-S.6.