“Uğurlu Big data strategiyası ölkədə
İKT sənayesinin inkişafına sinergetik təsir göstərir”
“EaPConnect” layihəsi çərçivəsində
İKT sahəsində ən yeni texnologiyaların və
dünya təcrübəsinin təqdim olunması əsas məqsəd
kimi qarşıya qoyulub
AMEA İnformasiya Texnologiyaları
İnstitutunda növbəti elmi seminar keçirilib.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə
duran məsələlər barədə məlumat verib. Tədbirin
böyük ölçülü verilənlərin
çoxsaylı problemlərinin araşdırılmasına həsr
olunduğunu bildirib. Qeyd edib ki, bu problemlərdən biri də
böyük ölçülü verilənlərin analizidir.
Layihə çərçivəsində təqdim etdiyimiz
yazıda İKT-nin inkişafı çərçivəsində
bu istiqamətdə görülən işlərə
toxunacağıq.
Big data
texnologiyaları təşkilatların kəskinləşən
iqtisadi rəqabət mühitində dayanıqlı
inkişafı üçün vacib əhəmiyyət
daşıyan yanaşmalar və alətlər təqdim edir
İnstitutun
şöbə müdiri, texnika üzrə elmlər doktoru
Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin
klasterləşməsi alqoritmləri” mövzusunda məruzə
ilə çıxış edərək klasterləşmə
metodları haqqında məlumat verdi. “İkt.az” bildirir ki, bu
metodların öyrədilən, yarım-öyrədilən və
öyrədilməyən olmaqla siniflərə
ayrıldığını bildirib. Böyük
ölçülü verilənlərin klasterləşməsi
metodlarının paralel sistemlər üzərində işləyən
metodlara bölündüyünü bildirən R.Alıquliyev
bu zaman rast gəlinən problemlərdən danışıb.
Big Datanın klasterləşməsinin təsnifatını təqdim
edən məruzəçi bir maşında və çox
sayda maşınlarda həyata keçirilən klasterləşmə
metodlarını diqqətə çatdırdı,
bölünmə, sıxlıq, qrid və modelə əsaslanan
alqoritmlər, o cümlədən iyerarxik alqoritmlərin tətbiqinin
üstünlükləri və
çatışmazlıqlarından söz açıb.
İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə
doktoru Yadigar İmamverdiyev təşkilat üçün Big
data strategiyasının işlənilməsi məsələsinə
həsr olunmuş məruzə ilə çıxış
edib. Fəlsəfə doktoru Yadigar İmamverdiyev seminarda
bildirib ki, Big data texnologiyaları təşkilatların kəskinləşən
iqtisadi rəqabət mühitində dayanıqlı
inkişafı üçün vacib əhəmiyyət
daşıyan yanaşmalar və alətlər təqdim edir.
Böyük şirkətlərlə yanaşı, kiçik
şirkətlər də Big data texnologiyalarına maraq
göstərirlər. Bu istiqamətdə effektiv fəaliyyət
üçün vacib şərtlərdən biri ümumi
korporativ strategiya ilə üzvi surətdə əlaqələndirilmiş
müvafiq Big data strategiyasının işlənməsidir.
Y.İmamverdiyevin sözlərinə görə, Big data
strategiyası funksional strategiya səviyyəsinə aiddir və
strateji fəaliyyət istiqamətləri üzrə
strategiyaları, o cümlədən ümumi korporativ
strategiyanı mütləq nəzərə almalı,
qarşıya qoyulmuş əsas məqsədlərin
reallaşdırılmasına xidmət etməlidir. Bu
baxımdan, Big data texnologiyalarının tətbiqi biznesin real
tələbatını ödəməyə yönəlməlidir.
Big data strategiyasının formalaşdırılması və
reallaşdırılması konkret idarəetmə mühitində
bu texnologiyaların tətbiqi üçün prioritet istiqamətlər
haqqında qərar qəbul edilməsi, aydın və dəqiq
məqsədlərin qoyulması, müvafiq strukturun
yaradılması və investisiya proqramlarının həyata
keçirilməsini, həmçinin effektiv əks-əlaqə
və qiymətləndirmə mexanizmlərinin işlənməsini
əhatə edir. Sonra məruzəçi təşkilatda
verilənlərin istifadəsi zamanı meydana çıxan
problemlərdən də söz açıb. Qeyd edib ki, verilənlərin
əldə edilməsinə böyük həcmdə vəsait
xəclənir, lakin onların sonrakı “taleyinə” lazımi
diqqət göstərilmir. Təşkilatlarda verilənlərin
istifadə edilməsinə sistemli, inteqrativ yanaşma deyil,
funksional yanaşma üstünlük təşkil edir. Verilənlərə
təşkilatın əsas aktivləri kimi deyil, aktivləri təsvir
edən verilənlər kimi baxılır. Big data sahəsində
liderlər - sosial şəbəkə provayderləri isə
verilənlərlə əsas aktiv kimi davranırlar. Bildirib ki,
Big data strategiyasının əsas istiqamətlərinə bu
sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi,
təşkilatın Big data-ya hazırlığının
qiymətləndirilməsi, Big data üçün əlverişli
biznes-mühitin yaradılması, Big data üzrə pilot layihənin
seçilməsi, Big data sahəsində insan
resurslarının inkişafı və s. aiddir. O, uğurlu
Big data strategiyasının ölkədə İKT sənayesinin
inkişafına sinergetik təsirini də qeyd etdi. Məruzə
ətrafında fikir mübadiləsi aparıldı, sual və
təkliflər səsləndirilib. AMEA İnformasiya
Texnologiyaları İnstitutunun layihə baş mühəndisi,
texnika üzrə fəlsəfə doktoru Məkrufə
Hacırəhimova institutun elmi seminarında “Böyük
ölçülü məlumatların inteqrasiyası”
mövzusunda çıxışı zamanı bildirib. O,
problemin aktuallığını diqqətə
çatdıraraq qeyd edib ki, istənilən müəssisə
üçün Big Data bütün fəaliyyət sahələrində
olduqca əhəmiyyətlidir. Böyük həcmli verilənlərin
konsepsiyasının həyata keçirilməsi
üçün heterogen verilənlərin inteqrasiyası vacib
məsələlərdəndir. Belə ki, verilənlər
digər verilənlərlə uyğun və əlaqəlidirsə
onlar daha qiymətlidir. Bu da böyük verilənlərin
inteqrasiyası problemini aktuallaşdırır.
Alimlər
arasında videokonfrans keçirilməsi təklif olunub
Qeyd edək
ki, Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin
dəstəyi ilə Azərbaycanda elektron elmin inkişafı
üçün elmi və texnoloji istiqamətdə
ardıcıl tədbirlər görülür. Bu çərçivədə,
AMEA İnformasiya Texnologiyaları İnstitutu bir sıra beynəlxalq
təşkilatlarla, xüsusilə Avropanın elektron elm sahəsində
aparıcı qurumları ilə intensiv iş aparır. Azərbaycan
Respublikasının apardığı xarici siyasətə, o
cümlədən “Şərq Tərəfdaşlığı”
təşəbbüsünə müvafiq olaraq, informasiya
texnologiyaları sahəsində Avropa Komissiyası ilə, həmçinin
“Şərq Tərəfdaşlığı”na qoşulan
ölkələrin elmi qurumları ilə əməkdaşlıq
əlaqələri yaradılıb. Bunun ən bariz nümunəsi
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən
və Pan Avropa Elm və Təhsil Şəbəkələri
Assosiasiyası ilə birlikdə reallaşdırılan
“EaPConnect” layihəsidir. Bu layihə çərçivəsində
“Şərq Tərəfdaşlığı” ölkələrini
əhatə edən regional elm kompüter şəbəkəsi
yaradılmış və həmin ölkələr
Avropanın bütün elmi qurumları ilə birbaşa,
genişzolaqlı internet əlaqəsi qurmaq imkanı əldə
edib. “EaPConnect” layihəsi çərçivəsində
İKT, elektron elm sahəsində ən yeni texnologiyaların və
dünya təcrübəsinin “Şərq Tərəfdaşlığı”
ölkələrinə təqdim olunması, bu ölkələrin
beynəlxalq elmi mühitə inteqrasiyasına dəstək
verilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Bununla
bağlı, il ərzində müntəzəm olaraq iclaslar və
treninqlər keçirilib. Həmçinin layihə çərçivəsində
elektron elm sahəsində “Şərq Tərəfdaşlığı”
regionu və Avropa Birliyinə üzv ölkələr
arasında əməkdaşlıq platforması kimi “Şərq
Tərəfdaşlığı üçün Elektron
İnfrastruktur Konfransı” təsis edilib. Tbilisi şəhərində
keçirilən EaPEC konfransına təqdim olunan məruzələrdə
Avropanın irimiqyaslı elmi layihələri və elektron
elmin həmin layihələrin reallaşdırılmasında əvəzsiz
rolu, eyni zamanda bu təcrübənin Şərq Tərəfdaşlığı
ölkələrində perspektivləri geniş müzakirə
olunub. AMEA-nın akademik-katibi, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev
konfransda “Azərbaycanda elektron elm: mövcud vəziyyət,
fürsətlər və perspektivlər” mövzusunda plenar məruzə
ilə çıxış edib. Məruzədə ölkəmizdə
elmin inkişafı ilə bağlı dövlət siyasəti,
elmi fəaliyyətin təşkili və əlaqələndirilməsi,
AMEA-nın rolu və əhəmiyyəti, Azərbaycanda elektron
elmin konsepsiyası, arxitekturası, əsas funksiyaları,
İKT-nin inkişafı, informasiya resursları, elektron
kitabxana xidmətləri, milli terminoloji baza, dissertasiya işlərinin
və tədqiqat mövzularının informasiya sistemi, elektron
elmin elektron təhsillə inteqrasiya imkanları, elektron elmin
şəbəkə infrastrukturu olan “AzScienceNet” və onun xidmətləri
haqqında geniş məlumat verilib. “AzScienceNet” şəbəkəsinin
elm və təhsil mühiti üçün təqdim etdiyi
xüsusi xidmətlər, data mərkəzin imkanları, o
cümlədən bulud xidmətləri, distant tədris, verilənlərin
emalı məsələləri və informasiya təhlükəsizliyi
ilə bağlı xidmətlər tədbir
iştirakçıları tərəfindən yüksək
qiymətləndirilib. Tədbirdə “AzScienceNet”-in qısa
zamanda 1Giqabit/saniyə sürətlə beynəlxalq şəbəkəyə
qoşulması xüsusi qeyd olundu və növbəti mərhələdə
10 Giqabit/saniyə sürətlə qoşulması təklif
edilib. "EaPConnect" layihəsinin 2020-ci ildə başa
çatacağı nəzərə alınaraq, yaradılan
regional elm kompüter şəbəkəsinin layihə
başa çatdıqdan sonrakı dövrdə yaranacaq maliyyə
probleminin həlli prioritet məsələ kimi nəzərə
çatdırılıb. Bununla bağlı, layihənin
dayanıqlığı üçün hər bir
iştirakçı ölkəyə öz resurslarını
qiymətləndirmək və müvafiq planlar hazırlamaq təklif
olunub. Konfrans çərçivəsində
"EaPConnect" layihəsinin iclasları, həmçinin
bir sıra ikitərəfli görüşlər
keçirilib, əməkdaşlıq imkanları müzakirə
olunub. Görüşlərdə Mərkəzi Asiya ölkələrinin
regional şəbəkəsinin rəhbərliyi Azərbaycanla
elektron elm sahəsində uzunmüddətli əməkdaşlıq
əlaqələri qurmaq niyyətində olduğunu bildirib.
İlkin olaraq, iki ölkənin alimləri arasında
videokonfrans keçirilməsi təklif olunub.
A.Miriyev
Palitra.-2016.-28 oktyabr.-S.11.