İKT yeni iqtisadi sektor kimi aparıcı qüvvəyə çevrilib
Antiplagiat sahəsində İKT-nin
tətbiqi istiqamətində dünyanın aparıcı
şirkətləri ilə əməkdaşlıq münasibətləri
qurulur
“Azərbaycanda intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və antiplagiat məsələlərinə xüsusi diqqət yetirilir. Bu sahədə qabaqcıl texnologiyaların tətbiqi ölkədə qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının bərqərar olmasında mühüm rol oynayan prioritet istiqamətlərdəndir. Ölkəmizdə Təhsil Nazirliyində, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), Müəllif Hüquqları Agentliyində, eləcə də bir çox universitetlərdə və müvafiq qurumlarda plagiatla mübarizəyə yönəlmiş innovativ layihələr həyata keçirilir”.
Bu barədə məlumat verən AMEA-nın akademik-katibi, akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev müasir informasiya cəmiyyəti quruculuğu şəraitində internetin verdiyi imkanlardan sui-istifadə hallarının geniş vüsət aldığını bildirib. Akademik intellektual mülkiyyətin, müəllif hüquqlarının qorunması və plagiatlıqla mübarizə problemlərinə elmi və hüquqi müstəvidə baxılmasının zəruriliyini qeyd edib. Layihə çərçivəsində təqdim etdiyimi yazıda bu sahədə İKT-nin tətbiqi və ümumiyyətlə, informasiya kommunikasiya texnologiyalarının ölkəmizdə inkişafı ilə bağlı məqamlara toxunacağıq.
Xarici şirkətlərlə
əməkdaşlıq
çərçivəsində milli antiplagiat sistemi
formalaşdırılır
Akademik Rasim Əliquliyev qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində müəllif hüquqlarının pozulması cinayət hesab olunur və bu istiqamətdə qəbul edilən qanunlar çərçivəsində ciddi tədbirlər görülür. O, bu sahədə xarici təcrübəyə əsaslanmağın, normativ-hüquqi bazanın inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Alim antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda bir sıra görüşlərin keçirildiyini qeyd edib. Xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində ölkədə milli antiplagiat sisteminin formalaşdırılmasının vacib məsələlərdən olduğunu bildirib. Bu məsələlərə bağlı əvvəlcə onu bildirək ki, Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizin ümumi daxili məhsulunun tərkibində, həmçinin dövlət büdcəsinin formalaşdırılmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Mövcud resurslardan və coğrafi mövqelərdən istifadə olunmaqla, Azərbaycan Respublikasının bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi və iqtisadiyyatımızın rəqabət qabiliyyətinin yüksəldilməsi milli məhsulların dünya bazarında layiqli yer tutmasına şərait yaradacaq. Bu məqsədlər Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. Konsepsiyada əsas hədəf Azərbaycan Respublikasında əsasən qeyri-neft sektorunun inkişafı hesabına artıma nail olunması və bunun respublikada innovasiyayönlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına həyata keçirilməsidir. Belə inkişafın əsas dayaqlarından biri informasiya kommunikasiya texnologiyalarıdır. İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır.
İnnovativ, rəqabətqabiliyyətli və
ixracyönlü İKT potensialı
formalaşdırılır
Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi tələb olunur. Bunlara nail olmaq üçün innovativ, rəqabətqabiliyyətli və ixracyönlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, vətəndaşların və cəmiyyətin mövcud imkanlardan, məhsul və xidmətlərdən səmərəli bəhrələnməsi üçün şərait yaradılması və onların İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi və dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərdən istifadə edilməsi, həmçinin mövcud İKT infrastrukturunun və İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi, ölkənin qlobal informasiya məkanına sıx inteqrasiyası vacibdir. İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayacaq. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
İKT sahəsinin
inkişafı sahəsində dövlət siyasətini əks
etdirən sənəd
Bütün bu məqsədlərə çatmaq
və nəzərdə tutulan işləri
sistemli şəkildə həyata
keçirmək üçün “Azərbaycan
Respublikasında informasiya cəmiyyətinin
inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” hazırlanıb. Bu Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli
sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya
texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və həmin
strategiyanın həyata keçirilməsi ilə bağlı
qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin
nəticələrinə əsaslanır. Əldə olunmuş nəticələr, informasiya
cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar,
cəmiyyət, özəl sektor və
dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə
fəaliyyət istiqamətlərinin
planlaşdırılması üçün
əlverişli şərait yaradır. Cəmiyyətin
müasir rabitə və informasiya
texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların,
o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının, Avropa İttifaqının, UNESCO-nun
tövsiyələri, “Açıq hökumət təşəbbüsü”
nəzərə alınmaqla hazırlanmış Milli Strategiya Konsepsiyada İKT sahəsinin
qarşısında qoyulan vəzifələrin
yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks
etdirir, əsas məqsəd və vəzifələri,
prioritetləri və fəaliyyətin əsas istiqamətlərini
müəyyənləşdirir.
A.Miriyev
Palitra.-2016.-1 sentyabr.-S.11.