“Azərbaycan həmişə ürəyimizdədir”

 

Natiq Bağırov:

Belarusda kimliyindən asılı olmayaraq, hamıya köməklik edirik

 

Diasporda çalışan soydaşlarımızın hər hansı xüsusi peşə sahibi olması onların təbliğati işini daha da asanlaşdırır. Əslində, xaricdəki soydaşlarımız öz peşələrində tanınmış birisi olmaqla, eyni zamanda Azərbaycanı tanıtmış sayılırlar. Elə müsahibimiz Natiq Bağırov da xaricdə bu baxımdan fərqlənən həmyerlilərimizdəndir. Hazırda Belarusda yaşayan N.Bağırov1964-cü ildə Bakıda anadan olub. 1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil alıb. 1981-ci ildə Azərbaycan NeftKimya İnstitutunun Neft mədənləri fakültəsinə qəbul olunub və 1986-cı ildə həmin institutu bitirib. 1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə köçüb, orada idmançı və məşqçi kimi fəaliyyət göstərib. İdman Nazirliyində mütəxəssis vəzifəsində calışıb. 1992-1993-cu illərdə İtaliyada məşqçi kimi fəaliyyət göstərib. 1995-ci ildə Belarus hökuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunub. 1996-1997-ci illərdə Xorvatiyada işləyib, sambodzu-do üzrə 4 dəfə dünya, 5 dəfə Avropa çempionu olub. 2002-ci ildən Belarusun dzu-do üzrə Milli komandasının baş məşqçisi vəzifəsində işləyir. 1996-2002-ci illərdə Minskdə Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun “Beynəlxalq münasibətlər” üzrə mütəxəssisi, ingilisalman dillərinin referent-tərcüməçisi mutəxəssisi ixtisasını alıb. 1997-ci ildə Minskdə fəaliyyət gostərən “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilib. 2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir. 2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilib. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

-AİK-in əsas fəaliyyət istiqaməti nədir?

-Azərbaycan İcmaları Konqresi 2003-ci ildə təsis edilib. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Konqresin fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Belarusun paytaxtı Minskdə ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə matəm günlərində - 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir.

Biz, əsasən, Belarusda Konqresin regional təşkilatlarının sayını artırırıq. Eyni zamanda regional təşkilatların fəaliyyətinin daha da güclənməsinə çalışırıq. Həmçinin Belarus xalqına böyük bir güclə Azərbaycanı daha geniş şəkildə tanıdırıq.Bununla yanaşı, Qarabağ həqiqətlərini Belarus ictimaiyyətinə çatdırırıq. Bu, bizim milli borcumuzdur. Bizim əsas istiqamətlərimizdən biri gənclərin fəaliyyətini daha yeni səviyyəyə qaldırmaqdır. Çünki çox aktiv gənclərimiz var. Gənclərimiz daha proqressivdir. Ona görə biz onlara böyük ümid edirik. Məhz buna görə biz gəncləri bütün işlərimizə cəlb edirik. Gənclər idarə heyətində təmsil olunurlar. Eyni zamanda Konqresin gənclər təşkilatlarını yaratmışıq. Artıq onlar da çox gözəl işləyirlər. Hətta onları başqa təşkilatlara nümunə göstərmək olar.

-Konqres dərəcədə Belarusdakı bütün azərbaycanlıları öz ətrafına toplayıb?

-Belarusdakı əksər azərbaycanlılar Konqresi öz cəmiyyətləri kimi qəbul edirlər. Lakin diaspor işi içdən gəlməlidir. Məsələn, bir ölkədə milyonlarla soydaş yaşasa da, onlardan 10-15 nəfəri cəhd göstərib fəal olacaqlar. Ona görə ki, hər adamın canında könüllülük olmur. Biz kimliyindən asılı olmayaraq, hamıya köməklik edirik. İstərdik azərbaycanlıların düşüncəsi o dərəcədə dəyişsin ki, gəlib biz silkələsinlər, təkliflər versinlər.

-Bəs sizin əsas çətinliyiniz nədir?

- Biz Azərbaycandan dəfələrlə mənəvi dəstək görmüşük. Amma maddi dəstək görmürük. Biz öz hesabımıza fəaliyyət göstəririk. Maddi dəstək olsaydı öz işimizi on dəfələrlə gücləndirərdik. Diasporla bağlı çap məhsullarına çox böyük ehtiyac var. Lakin bu problemlərə baxmayaraq, biz yenə çalışırıq. Ona görə biz əvvəl necə işləmişiksə, bu gün elə davam edirik. Vətəni sevən insanları öz ətrafımıza toplamışıq. Bundan əlavə, Belarusa gələn çoxlu soydaşlarımıza dəstək oluruq. Əsas odur ki, lazım olan istiqaməti onlara göstərək. Çalışırıq ki, diaspora təzə qan verək, yəni cavanları bu işə cəlb edək.

Xüsusən koordinasiyanın olması çox vacibdir. Biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox sıx əlaqədə çalışırıq. Onların tərəfindən çox böyük dəstək görürük.

-Belarusdakı Azərbaycan diasporunun fəaliyyəti yerli xalq tərəfindən dərəcədə qəbul olunur?

- Belarusda bizim diasporun həm aşağı təbəqə arasında, həm elitar səviyyədə nüfuzu var. Biz dövlət məmurları, ictimai xadimlərlə söhbət edəndə onlar həmişə diasporumuzun güclü fəal olduğunu vurğulayırlar. Düzdür, bizim daxildə problemlərimiz az deyil. Amma bu, özümüz üçündür. Çalışırıq ki, problemlərimizi kənara çıxarmayaq.

-Belarusda diaspor-səfirlik münasibətləri necədir?

-Belarusda yaşayan azərbaycanlılar üçün Vətənimizin bir guşəsi səfirliyimizdir. Biz əvvəlki səfirimiz Əli Nağıyevlə , indiki səfirimiz İsfəndiyar Vahabzadə ilə hər zaman canla-başla bir yerdə çalışmışıq. Mən söhbətlərimizdə hər zaman demişəm ki, biz onların bir ictimai işçiləriyik. Soydaşlarımızın hər hansı problemi olanda səfirliyimizlə bir yerdə çalışıb həll edirik.

-Belarusdakı soydaşlarımızın Vətənə bağlılığı hansı səviyyədədir?

-Biz fiziki olaraq vətəndən uzaqdayıq. Amma Azərbaycan həmişə ürəyimizdədir. Azərbaycan adı gələndə bizim ürəyimiz tir-tir əsir.

 

Fuad Hüseynzadə

Palitra.-2016.-1 sentyabr.-S.6.