“Hər bir azərbaycanlını
birliyə və həmrəyliyə çağırıram”
Şahverdi Babayev:
“Etimadı doğrultmaq üçün
bundan sonra daha da aktiv
şəkildə diasporumuzun güclənməsi
istiqamətində
çalışacam”
Bir çox diaspor üzvlərinin aktiv fəaliyyəti istər yaşadıqları dövlətlərin, istərsə də Azərbaycan dövlətinin daim diqqətindədir. Onların bu fəaliyyətinə dövlət başçıları səviyyəsində qiymət verilir. Elə Qazaxıstanda yaşayan soydaşımız Şahverdi Babayev də öz fəaliyyətinə görə bir sıra yüksək səviyyəli orden və medallara layiq görülüb. O, ötən il Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən “Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi”yubiley medalı ilə təltif edilib. Bu il isə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Qeyd edək ki, Ş.Babayev Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının İdarə heyətinin üzvü, Almatıdakı Altın Orda İş Mərkəzinin baş inzibatçısıdır. Ş.Babayev Qazaxıstanda diasporla bağlı tədbirlərin keçirilməsinə daim öz dəstəyini göstərir.
-Şahverdi
müəllim, Qazaxıstan və Azərbaycan prezidentləri tərəfindən
medalla təltif olunmağınız sizin məsuliyyətinizi nə dərəcədə
artırıb?
- Bəli, həqiqətən, çox sevindirici haldır ki, son bir ildə Prezident Nursultan Nazarbayev və Prezident İlham Əliyev tərəfindən medallarla təltif edilmişəm. Bütün bunlar mənim məsuliyyətimi daha da artırır. Bu, iki dövlətin başçısı tərəfindən göstərilən etimaddır. Mən bu etimadı doğrultmaq üçün bundan sonra daha da aktiv şəkildə diasporumuzun güclənməsi, Qazaxıstanın sosial inkişafı, Qazaxıstan Xalqları Assambleyasının rolunun artırılması, eləcə də Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərinin inkişafı istiqamətində çalışacam.
-Sizi
vətənə bağlayan nədir?
-Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar, keçirilən tədbirlər, Vətəndən uzaqda yaşayan bir azərbaycanlı kimi məni də ruhlandırır. Otuz beş il öncə Lənkərandan Qazaxıstana gələrək burada məskunlaşsam da, daim tarixi Vətənimizlə nəfəs almışam. Ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalan Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətini və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətiyyətli mövqeyini ürəkdən bəyənirik. Ali Baş Komandanımızın bir əmri ilə Mərkəzimizdə çalışan iki mindən çox soydaşımızla Azərbaycanın ərazi bütövlüyünün bərpasına qalxmağa hazırıq.
-Dünya
Azərbaycanlılarının IV Qurultayının işini necə qiymətləndirirsiz?
- Dünya Azərbaycanlılarının IV Qurultayının işini yüksək qiymətləndirirəm. Əsası 2001-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin davamı olaraq hər beş ildən bir keçirilən Dünya azərbaycanlılarının qurultayları mühüm əhəmiyyətə malikdir. Dünyanın bir çox yerində yaşayan soydaşlarımızın bir araya gəlməsini təmin edən Dünya Azərbaycanlılarının IV Qurultayı Azərbaycan diasporu üçün tarixi bir hadisədir. Azərbaycan Respublikasının Prezidentinin geniş məzmunlu çıxışının yer aldığı açılış mərasimindən sonra tədbirin panel iclaslarla davam etdirilməsi Qurultay iştirakçıları üçün xüsusi imkanlar yaratdı. Belə ki, panel iclaslarında çıxışçıların nitqindən sonra qoyulan mövzuların geniş şəkildə müzakirəsi və hər bir iştirakçının bu müzakirəyə qoşula bilməsi imkanı bir çox məsələlərin həllinə mühüm töhfədir. Tədbirin yüksək səviyyədə təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və təşkilat komitəsinə təşəkkürümü bildirirəm.
-Qurultay
Azərbaycan diaspor təşkilatları
qarşısında nə kimi öhdəliklər
qoyub?
-Qurultayda səsləndirilən təklif və tövsiyələrin növbəti qurultaya qədər yerinə yetirilməsi və səsləndirilən nöqsanların öz həllini tapması üçün Azərbaycan diaspor təşkilatları qarşısında mühüm öhdəliklər qoyulub. Müzakirəyə çıxarılan məsələlərin həlli və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün həm xaricdəki diaspor təşkilatlarımız, həm də hər bir soydaşımız bütün gücünü səfərbər etməlidir ki, diasporumuz daha mütəşəkkil və effektli fəaliyyət göstərsin. Bu istiqamətdə hər bir azərbaycanlını birliyə və həmrəyliyə çağırıram.
-Ümumiyyətlə,
diaspor təşkilatlarının əsas
vəzifələri nə olmalıdır?
-Dünyaya səpələnmiş soydaşlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Burada Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də vətənə sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daha da gücləndirməlidirlər.
-Qazaxıstandakı
diasporumuz bu
missiyasını lazımi səviyyədə yerinə yetirirmi?
-Milli diaspor üzvləri Qazaxıstanda türk xalqlarının birliyi, Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etməsi, mədəni tədbirlər və s. istiqamətdə işlər görməkdir. Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı diaspor bu ölkədə sayılıb seçilənlərdəndir. Soydaşlarımız Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi həyatında iştirak edirlər.
Qazaxıstandakı Azərbaycan diasporu hər iki xalqı birləşdirən özünəməxsus “etnik körpü” rolunu oynayır. Bu da təəccüblü deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim dillərimiz çox yaxındır. Biz ümumi mədəni irsə malikik.
-Azərbaycanının
Qazaxıstandakı səfirliyi diasporumuzun
işinə nə kimi dəstək
göstərir?
-Qazaxıstanda diasporumuzla səfirlik
arasında münasibətlər ötən illərlə
müqayisədə daha da
sıxlaşıb. Bu, əlbəttə ki, səfir Rəşad Məmmədovun diasporun işinə daha çox diqqət ayırması nəticəsində
baş verib. Səfirlik
Qazaxıstandakı soydaşlarımızın bir araya gəlməsi, gənc
diasporun işinin
aktivləşdirilməsi istiqamətində təqdirəlayiq
işlər görür.
Fuad Hüseynzadə
Palitra.-2016.-3 sentyabr.-S.7.