“İKT bacarıqları biz müəllimlərin zəhmətini aydın şəkildə təzahür etdirir”

 

“İKT mənim üçün işləmək deməkdir. Burada hər bir istifadəçi iş görür. Yəni məqsəd - şagirdlərin dünyagörüşlərinin artması, bilik və bacarıqlarının sosial şəkildə təqdim olunmasından ibarətdir. Hər hansı fənni tədris edərkən, İKT vasitəsilə dərs qururam. Bu dərs şagirdlərin diqqətini daha da cəlb edir”

 

İnkişaf etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində İnformasiya kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda ölkədə təhsilin informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter, noutbuk və elektron lövhələr verilir.

İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, milli-mədəni irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir. İnformasiya cəmiyyətinin formalaşmasında dövlətin rolu kimi elm, təhsil və mədəniyyətin sürətli inkişafını, elmtutumlu informasiya və telekommunikasiya texnologiyaları məhsullarının yaradılmasını və istehsalı üçün əlverişli şəraitin formalaşdırılması öz əksini tapıb. Təhsilli gənc nəslin yetişdirilməsi, onların müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşması, İKT-nin təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, müəllimlərin kompüter biliklərinin artırılması, e-təhsil və distant təhsil sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, xüsusi qayğı tələb olunan sosial qruplar da nəzərə alınmaqla, fasiləsiz təhsil konsepsiyasının formalaşdırılması və inkişaf etdirilməsi E-təhsilin əsas məqsədlərindəndir. Bu istiqamətin məqsədlərinə çatmaq üçün milli təhsil şəbəkəsinin inkişaf etdirilməsi və bütün ümumi təhsil müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı şəbəkəyə qoşulmasının təmin olunması nəzərdə tutulur. Burada, həmçinin təhsilin resurs mərkəzinin və təhsil prosesini dəstəkləyən elektron tədris vasitələrinin inkişaf etdirilməsi, bütün təhsil pillələri üçün informatikanın tədrisinin keyfiyyətinin artırılması və dərs vəsaitlərinin texnoloji inkişafa uyğun müasirləşdirilməsi, mərkəzləşdirilmiş virtual tədris platformasının yaradılması və təhsilin idarə olunması sisteminin inkişaf etdirilməsi, təhsildə İKT-nin səmərəli istifadəsinin təşkili də öz əksini tapıb. Bu gün ölkəmizdə müəllimlər İKT-nin imkanlarından yararlanaraq, onun təhsil sistemində tətbiqinə nail ola biliblər. Hətta regionlarımızda da müəllimlərin İKT-nin imkanlarından geniş istifadə etdikləri göz önündədir.

 

Layihə çərçivəsində müsahibimiz Göygöl rayon Araz Möyləmov adına Xəqani kənd tam orta məktəbinin müəllimi Xanım Hüseyndir:

 

- Təhsilin inkişafında informasiya kommunikasiya texnologiyalarının rolunu necə qiymətləndirirsiniz?

- Ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub. Bundan başqa, Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə “Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilib. Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır.

Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üçün kompüter texnologiyalarının faydalı istifadəsi cəlbedici, maraqlı və vacibdir. Ölkəmizdə təhsilin inkişafında İKT-nin mühüm rolu var. Mən bölgə məktəblərindən birində çalışıram. Bəlkə də, mənim bu fikrimlə razılaşan olmayacaq. Ancaq hər zaman olduğu kimi, bir daha qeyd etmək istəyirəm ki, kənd və şəhər uşaqlarının dünyagörüşlərində uyğunsuzluq kəsb olunur. Kənd məktəbində çalışan bir müəllim olaraq bu problemi məhz informasiya kommunikasiya texnologiyaları vasitəsilə aradan qaldırıram. Düşünürəm ki, İKT bacarıqları biz müəllimlərin zəhmətini aydın şəkildə təzahür etdirir. İKT mənim üçün işləmək deməkdir. Burada hər bir istifadəçi iş görür. Yəni məqsəd - şagirdlərin dünyagörüşlərinin artması, bilik və bacarıqlarının sosial şəkildə təqdim olunmasından ibarətdir. Hər hansı fənni tədris edərkən, İKT vasitəsilə dərs qururam. Bu dərs şagirdlərin diqqətini daha da cəlb edir. Onlara fikirlərini cəmləşdirməyə köməklik edir. Müstəqil cavab vermə qabiliyyətlərini inkişaf etdirir. Hətta düzgün cavab verə bilməyən şagird olsa belə, bu zaman diskussiya yaranır. Mövzu ilə bağlı problem yaranır, digər şagirdlərin də mövzuya marağı artır. Bu proses şagirdlərin ünsiyyət, nitq, dinləmə, anlama bacarıqlarının inkişafına, formalaşmasına təkan verir. Şagird gördüyünü yox, təsvirini, fantaziyasını işə salaraq, nitq bacarıqlarını nümayiş etdirir. Məsələn, monitorda böyük bir əşya görürsə, “müəllim, bu böyükdür” deyərək kifayətlənmir. Əşya haqqında digər biliklərini söyləməyə çalışır. İKT-məktəb, təlim, iştirakçılar üçün çox vacib və məlumatlı mənbədir. Hər hansı bir fərdin intellekt qabiliyyətinin adaptasiyasıdır.

- Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bacarıqlarının üzə çıxarılmasında İKT-dən yararlanırsınızmı?

- Bu çox önəmli məsələdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara məktəblərdə rast gəlirik. Belə bir uşaq mənim sinfimdə də təhsil alır. Bu uşaqlar xüsusi peşəkarlıq tələb edirlər. Müəllim elə nizam yaratmalıdır ki, ailə, məktəb xidmətləri həmin uşaqların bacarıqlarını üzə çıxara bilsin. Bu məqamlarda da İKT işıq rolunu oynayır. Qurulan dərs-boş, maraqsız lövhə ilə yox, rəngarəng dərsə çevrilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların diqqətləri dərsə cəlb olunur, onlar özlərini təbliğ etmək üçün fəallıq göstərərək, əhəmiyyətli biri olduqlarını təqdim edirlər. Bu fəallıq məni çox sevindirir. Əlbəttə, bu cəsarəti yüksək qiymətləndirərək ruh yüksəkliyi əldə edirəm. Beləliklə,"Şagirdin dostu məktəb olmalıdır "-ifadəsi, valideyn və şagirdlərin məktəbə cəlb olunmasından xəbər verir. Bunun başlıca səbəbi Fəal İnteraktiv Təlimdir. Bu təlimin ən əsas ehtiyacı məhz İKT-dir. Əminəm ki, müasir təlimin müasir şagirdləri, müasirliyimizi inkişaf etdirəcək.

- Sosial şəbəkələrin, internetin tədris prosesinə nə kimi köməyi olur?

- Sosial şəbəkələrin, internetin tədris prosesində müəyyən rolu var. Belə ki, burada qruplar var və mənə faydalı olan, hansı ki, qabaqlar o vəsaitləri almaq üçün məktəbə müraciət etməli olurdum, müəyyən vaxt sırf edirdim. İndi buradan hazır şəkildə əldə edirəm. Demək olar ki, dərsə lazım olan nə varsa burdan götürürəm, yararlana bilirəm. İkinci sinif üçün proqram götürürəm, hətta həmkarlarımın da proqramını buradan götürürəm. Qruplarla iş üçün lazım olan vəsaitləri əldə edirəm. Bundan başqa, “youtube” da xarici ölkələrin təhsil sisteminə baxıram. Eləcə də hər gün rusların dərslərini müşahidə edirəm. Onların tədris prosesi daha çox xoşuma gəlir. Açıq dərsim zamanı bundan istifadə edirəm. Məktəbə lazım olan məlumatları verirəm. Hansı ki, hələ heç kimin eşitmədiyi məlumatı mən daha tez çatdırıram. Ümumiyyətlə, dərsə aid nə lazımsa əldə edirəm. Ən azı açıq dərsləri izləmə imkanı var.

Yeri gəlmişkən, sosial şəbəkədə öz fəaliyyəti ilə seçilən müəllimlərin adını qeyd etmək istərdim. Esmira Kazımova, Fəxrəddin Səfərov, Elşən Qafarov, Aynur Quliyeva, Elnurə Çərkəzova, Seyyub Əsədov kimi müəllimlərin əməyindən bəhrələnmişəm.

- Bəs şagirdlər necə, internetdən istifadəyə maraq göstərirlərmi və onların internetlə bağlı anlayışları kifayət qədərdirmi?

- Şagirdlər proyektoru xoşlayırlar. Dərs zamanı ən çox riyaziyyat dərsi üçün didaktik oyunlar hazırlayıram. Çox maraqla qarşılayırlar. Fəal iştirak edirlər. Bundan başqa, kompüterdə idman dəqiqələrini çox sevirlər.

Məncə, internetlə bağlı anlayışları kifayət qədərdir. Özləri işlətməsələr də, bilirlər. Birinci sinif olsalar da anlayışları, məlumatları var. Bəzi siniflər heç kompüterlə dərs keçmirlər. Ancaq mən istifadə etdiyim üçün şagirdlər də bilirlər.

 

Nigar Abdullayeva

Palitra.-2016.-6 sentyabr.-S.11.