“Uşaqlar hələ
məktəbə qədəm qoymamışdan bir çox İKT
avadanlıqlarının adını bilirlər”
Səfurə Hacıyeva:
“Məktəblilərə
internetin imkanlarından səmərəli
istifadə qabiliyyəti aşılanmalıdır”
İKT-nin təhsildə tətbiqi
şagirdlərin müasir
inkişafında mühüm əhəmiyyət
daşıyır. Əlbəttə ki, bu işdə müəllimlərin də əməyinə
ehtiyac var. Xüsusən,
müəllimlərimiz İKT tələblərinə cavab verən dərs keçməlidirlər.
Hətta yaşlı müəllimlər belə, zərurətdir
ki, bu baxımdan
özlərində reform etsinlər. Elə
müsahibimiz Səfurə Hacıyeva da nə qədər yaşlı olsa da, bu
baxımdan özündə təkmilləşmə
aparıb. Qeyd edək ki,
S.Hacıyeva Gəncə şəhərində anadan olub. Cəfər
Cabbarlı adına 6 nömrəli məktəbə orta təhsil alıb.1963-cü ildə Həsən
bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olub (indiki
Gəncə Dövlət Universiteti).1969-cu
ildə oranı bitirib. Elə
həmin ildən Gəncə şəhər Səməd Vurğun adına 41 saylı orta
məktəbdə 45 il sinif
müəlliməsi işləyib, 15 buraxılış edib. 4 övlad
anasıdır. Övladlarının hamısı özü kimi müəllimlik
peşəsinə yiyələnib.
- İKT-nin təhsildə tətbiqinin
şagirdlərin inkişafında nə kimi rolu var?
-İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazırlanıb həyata keçirilib ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı Mili Strategiya qəbul olunub. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir.
-Müəllimlər
hansı keyfiyyətləri ilə şagirdlərə
nümunə olmalıdır?
-Əlbəttə ki, müəllimin davranışı, şagirdlərlə ünsiyyət qurması, onların sevgisini qazanması çox önəmlidir. Bütün bunların fövqündə isə müəllimlər öz öyrətdikləri fənni mükəmməl bilmələridir. Müəllimi şagirdin gözündə ucaldan hər hansı fənni onlara anlayacağı dildə başa salmasıdır. Bunun üçün də pedaqoq olmaq lazımdır. Bilirsiz, savadlı insan və ya müəllim olmaq olar. Amma əgər fənni şagirdə anlayacağı səviyyədə çatdıra bilmirsənsə, şagirdlərdə dərsə maraq oyatmaq bacarığın yoxdursa, demək, pedaqoqluğun zəifdir. Müəllim fənni şagirdə sevdirməyi bacarmalıdır. Bunun üçün hər hansı tədris metodundan istifadə etmək olar. Bu baxımdan İKT-dən də yararlanmaq mümkündür. Ümumiyyətlə, müəllimdən əsas tələb olunan pedaqoji qabiliyyətdir. Bununla, şagirdləri həm fərdi, həm də sinif şəklində ələ almaq mümkündür. Dərsi də onlara istədikləri şəkildə çatdırıb biliklərini inkişaf etdirmək olur.
-Ümumiyyətlə,
bu gün azərbaycanlı
şagirdlərin təhsil səviyyəsi bir
müəllimə olaraq sizi
qane edirmi?
- Tam olmasa da, qənaətbəxşdir. Qəbul imtahanlarında yüksək bal toplayan şagirdlər təhsilimizin nə qədər yaxşı inkişaf etdiyinə nümunədirlər. Bununla belə, məktəblilər dərsləri öyrənməklə yanaşı, özünüifadə qabiliyyətlərini yüksəltməlidirlər. Bu, məktəblilərin gələcəyi, liderlik qabiliyyətlərinin üzə çıxması üçün çox vacibdir. Yəni məktəbliləri bu gün üçün deyil, sabah üçün yetişdirmək lazımdır. Məktəblilərə İKT-nin köməyi ilə təqdimat etmək üçün şərait yaradılmalıdır. Onların virtual aləmə çıxışı üçün mövzular vermək olar ki, axtarış etsinlər. Yəni məktəblilərə internetin imkanlarından səmərəli istifadə qabiliyyəti aşılanmalıdır. Hər halda, müəllimlər də dərs prosesində bu məsələlərə diqqət etməlidirlər. Ümumiyyətlə, təhsil şüuru deyilən bir anlam var. Şagirdlərin təhsil şüuru inkişaf edərsə, onlar hər dərsi sevərək və çox asan şəkildə qavraya bilərlər. Yəni şagirdlərdə məktəbə, dərsə sevgi yaradılır. Həm də özünə qarşı bir inam olur. Hətta belə olsa, hər hansı repetitora da ehtiyac qalmır.
-Uzun
müddət müəllimə işləyibsiz və
saysız şagirdləriniz olub. Bu gün şagirdlərinizdən
sizinlə əlaqə saxlayanı varmı?
-Düzdür, 45 ildə öyrətdiyim şagirdlərimin sayı-hesabı yoxdur. Sevinirəm ki, onlar həmişə mənə qarşı diqqətli olublar. Mənim şagirdlərimin hazırda əksəriyyəti oxuyub mənsəb, vəzifə sahibi olublar. Müxtəlif sahələrdə çalışıb vətənə xidmət edirlər. Hətta eləsi var ki, xaricdə çalışır, Azərbaycanın adını ucaldır. Bunlardan hazırda Moskvada yaşayan Namiq Qurbanovu misal çəkə bilərəm. O, mənim ən fəal şagirdlərimdən olub. İndi xaricdə də fəallığını davam etdirir. Uzaqda olsa da, hər zaman mənimlə əlaqə saxlayır, bayramlarda təbrik edir. Ümumiyyətlə, bir çox şagirdlərim əlamətdar günlərdə mənə təbrik zəngləri edirlər. Müəllimi də yaşadan, həyata bağlayan həm də şagirdlərinin belə diqqətidir.
-Hazırda ibtidai sinif şagirdlərinə
İnformatika fənni keçirilir.
Şagirdlər bu fənni lazımi səviyyədə
qavraya bilirlərmi?
-Əgər bu sualı 15 il əvvəl mənə versəydiz "yox" deyərdim. Çünki əvvəllər nəinki məktəblərdə, heç evlərdə kompüter yox idi. Hazırda isə vəziyyət, dövr tamam dəyişib. Artıq kompüter əsridir. Bütün məktəblərdə kompüter var. Hər evdə kompüter, noutbook və s. İKT vasitələri var. Ümumiyyətlə, bu kimi vasitələr artıq evlərdə adi bir alətə çevrilib. Uşaq gözünü açandan evdə cürbəcür İKT vasitələri görür. Hətta bunların bir çoxunun uşaqlar üçün oyuncaq növü yaradılıb. Yəni uşaqlar hələ məktəbə qədəm qoymamışdan kompüteri və digər kommunikasiya vasitələrini necə idarə etməyi, onların avadanlıqlarının adını bilirlər. Bu da onlara İnformatika dərsini qavramağa yardımçı olur. Beləcə, uşaqlar İnformatika dərsini mükəmməl qavrayırlar. Düzdür, bu fənni ibtidai siniflərə ilk keçməyə başlayanda narahatçılıq var idi ki, uşaqlara çətin olacaq bunu anlamaq. Amma təcrübə göstərdi ki, heç bir narahatçılıq yoxdur. İndi elə uşaq var ki, bəlkə də müəllimdən daha çox maraqlıdır bu sahəyə. Yəni bu fənnin ilk siniflərdən keçirilməsi artıq bir zərurət idi.
-Belə fənləri
praktiki keçmək üçün
məktəblər lazımikompüterlə təchiz olunubmu?
-Əlbəttə ki, İnformatika fənnini təkcə kitablarla uşaqlara anlatmaq mümkün deyil. Şagirdlər kompüter qarşında bu dərsləri rahat şəkildə qavrayırlar. Prezidentimizin təhsilə olan diqqəti nəticəsində məktəblərimiz yüksək səviyyədə təmir olunub, kompüterlərlə təmin edilib. Şagirdlərimiz İnformatika dərsini “Kompüter” otaqlarında keçirlər və bu da onlara dərsi praktiki olaraq qavramağa kömək edir.
-Valideynlər uşaqlara ixtisas
seçimində nə kimi kömək
etməlidirlər?
-İndiki zamanda bu məsələyə çox diqqət edilməlidir. Biz müəllimlər şagirdləri əlimizin içi kimi tanıyırıq. Biz hər bir şagirdin hansı sahəyə maraqlı olmasını valideynlərdən yaxşı bilirik. Valideynlərə yeri gələndə deyirəm bu haqda. Amma əksər zamanlarda tam tərsi ilə qarşılaşırıq. Ona görə valideynlər övladlarına ixtisas seçimində istiqamət verməlidirlər. Onlar lazım gəlsə müəllimlərlə birgə müzakirə şəklində bu seçimi edə bilərlər. Bu gün bir çox sahələrdə peşəkar kadr çatışmazlığı var. Hansı ki, o sahələr bizdə yenidir və zamanın tələbinə uyğundur. Məsələn, İKT-nin ölkədə tətbiqi özü ilə yeni ixtisaslar meydana çıxarıb. Bu sahədə professional kadrların artırılmasına böyük ehtiyac var. Hətta məktəblərdə bu sahənin tədrisi üçün müəllimlər kifayət qədər deyil. Bu baxımdan valideynlər diqqətli olmalı, övladlarının gələcəyini düşünürlərsə müasir ixtisaslar seçməlidirlər.
-Ümumiyyətlə, uşaqlarda dərsə həvəs oyatmaq üçün valideynlərə nə tövsiyə edərdiniz?
-Öncə valideynlər övladlarına hər
bir halda nümunə
olmalıdırlar. Daha sonra
uşağın fikrinə hörmət etməli, onu dinləməyi bacarmalıdırlar. Uşaqlarda inam hissini yüksəltmək, onların əməyini
qiymətləndirmək, uşaqlarda təhsilə
həvəs yaratmaq lazımdır.
Fuad Hüseynzadə
Palitra.-2016.-7 sentyabr.-S.11.