“Dəyişikliklər ölkəyə
xarici turist axınına səbəb olacaq”
Dosent Bahadur Bilalov:
“Turizm peşə məktəblərinin
region şəbəkəsinin yaradılması bu gün tənqid
hədəfi olan xidmət sektorunun peşəkar kadrlarla təmin
edilməsinə imkan verəcək”
Bugünlərdə ölkə başçısı tərəfindən
ölkədə turizmin inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında sərəncamda göstərilir ki,
qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq,
iqtisadiyyatın səmərəliliyini, rəqabət qabiliyyətini
artırmaq və innovasiya əsaslı irəliləyişini
təmin etmək Azərbaycan dövlətinin iqtisadi siyasətinin
prioritet istiqamətlərindəndir. Mütəxəssislərimiz
bu sərəncamın, həqiqətən də, turizmin
inkişafında təkan rolu oynayacağını bildirirlər.
Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin
Turizm biznesi kafedrasının müdiri, dosent Bahadur Bilalovdur:
-Bugünlərdə Prezident
turizmin inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzaladı. Turizmin inkişafına yönəldilmiş
bu sərəncamı necə qiymətləndirirsiniz?
- Öncə Prezidentimiz İlham Əliyevə “Turizm
işçiləri günü” peşə bayramının təsis
edilməsi haqqında sərəncamı üçün dərin
təşəkkürümü bildirirəm. Ömrümün 23 ili bu sahə ilə bağlıdır və həmişə
bir qısqanclıq hissi ilə düşünürdüm ki,
bütün peşə sahiblərinin öz bayramları var, təkcə
turizmçilər kənarda qalıb.
Sualınıza gəldikdə isə qeyd etməliyəm
ki, zaman-zaman turizm ekspertləri vurğulayırlar ki, hər
hansı bir ölkədə turizmin inkişafı siyasi iradədən
çox asılıdır. Bu baxımdan hesab edirəm ki,
Prezidentimizin 01 sentyabr 2016-cı il tarixində
imzaladığı “Azərbaycan Respublikasında turizmin
inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında” Sərəncam bir daha ölkəmizdə turizmin
inkişafının prioritet sahə kimi qəbul olunduğuna
dair siyasi iradənin bariz nümunəsidir. Ölkəmizdə
bu sahənin təməli ötən əsrdən ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu
siyasət Prezidentimiz tərəfindən uğurla davam
etdirilir. Məlum olduğu kimi, respublikamıza rəhbərliyinin
ilk günlərində, daha dəqiqi, 1969-cu il avqust
ayının 12-də ulu öndərin təşəbbüsü
ilə “Respublikada Turizm və ekskursiyanın daha da inkişaf
etdirilməsi tədbirləri haqqında” adlı Azərbaycan
KP MK, Azərbaycan Nazirlər Soveti və Azərbaycan Həmkarlar
İttifaqları Şurasının (AHİŞ) 378 saylı
birgə qərarı qəbul edildi. Faktiki olaraq
bu qərar ölkəmizdə turizmin inkişafına təkan
verən dövlət proqramı idi. İkinci belə bir
qərar 1980-ci il dekabr ayının 27-də
“Respublikada turizm-ekskursiya işinin təkmilləşdirilməsi
və inkişafı haqqında” adı ilə qəbul edildi. Qəbul edilmiş qərarlara uyğun olaraq o
dövrdə respublikamızda turizmin inkişafı
üçün maddi-texniki baza formalaşdırıldı.
Fikrimcə Prezidentimizin məlum sərəncamı
ölkəmizdə turizm sektorunun müasir standartlara uyğun
inkişaf etdirilməsində önəmli rol oynayacaq.
- Bu tədbirlər planında sizin
sektorun inkişafı ilə bağlı bəzi təkliflər
də öz əksini tapıb. Onlardan biri kimi
Turizm Şurasının yaradılması barədə ölkə
başçısının tapşırığını
göstərmək olar. Turizm
Şurasının yaradılmasının bu sektorun
inkişafında hansı rolu olacaq?
- Sərəncamla
tanış olarkən ölkə turizminin
inkişafı üçün indiyə qədər səsləndirdiyim
bəzi təkliflərin əks olunduğunu görəndə,
təbii ki, qürur hissi keçirdim. Bu təkliflərdən
biri, qeyd etdiyiniz kimi, ölkəmizdə Turizm
Şurasının yaradılmasıdır. Elə sizin qəzetin 14 iyul tarixli nömrəsində
bununla əlaqədar təklifim çap olunub. Məlumdur ki, turizm fəaliyyəti bir çox sahələrlə
kəsişir və bu səbəbdən də hər
hansı bir sənəd hazırlanarkən əlaqədar
nazirlik, komitə və idarələrlə
razılaşdırılması lazım olur. Bu isə bir sənədin qəbulunu aylarla
gecikdirirdi. Bu səbəbdən də uzun
müddətdir ki, idarəetməni təkmilləşdirmək
üçün Turizm Şurasının
yaradılmasını təklif edirdik. Prezidentimizin
imzaladığı sərəncamda artıq bu məsələ
həllini tapıb. Sərəncamda qeyd edildiyi
kimi, “Azərbaycan Respublikasının Turizm
Şurasının əsas məqsədi Azərbaycan
Respublikasında turizm sahəsində mövcud vəziyyəti
təhlil etməkdən, bu sahədə olan problemlərin
aradan qaldırılması üçün müvafiq tədbirlərin
görülməsindən, turizm sahəsində dövlət
orqanlarına həvalə edilmiş vəzifələrin
icrasının əlaqələndirilməsindən ibarətdir”.
Hesab edirəm ki, Şuraya mədəniyyət və
turizm naziri rəhbərlik etməli, üzvlər isə əlaqədar
nazirlik, komitə, idarə rəhbərlərinin birinci
müavinləri olmalıdır. Şura
ayda bir dəfədən gec olmayaraq toplanmalı, ekspertlərin
və işçi qrupunun hazırladığı sənədləri
müzakirə etməli və qərar qəbul edilməlidir.
Qəbul edilmiş qərarlar aidiyyəti orqanlar
tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.
-Sərəncamda prioritet hesab olunan
ölkələrdə fəaliyyət göstərən
diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin
yaradılması məsələsi də öz əksini
tapıb. Bu nümayəndəliklərin
yaradılmasının hansı rolu ola bilər?
-
Bildiyiniz kimi, uzun müddətdir ki, bu məsələ ilə
əlaqədar da təklifim olub. Əslində,
1999-cu ildə qəbul olunmuş və hazırda da qüvvədə
olan “Turizm haqqında” AR Qanununda da bu məsələ əks
olunmuşdu. Belə ki, Qanunun 16-cı maddəsində
yazılıb: “Azərbaycan Respublikasının turizm sahəsində
müvafiq icra hakimiyyəti orqanı dünya bazarında turizm
məhsulunun hərəkətə gətirilməsi,
yayılması, satışı məqsədilə Azərbaycan
Respublikasının hüdudlarından kənarda qanunvericiliklə
müəyyən edilmiş qaydada turizm nümayəndəlikləri
yaradır”. Qanun layihəsi hazırlanarkən bu
məsələ dünya təcrübəsi nəzərə
alınmaqla daxil edilmişdi. Amma, bildiyiniz
kimi, uzun müddətdir ki, bu məsələ reallaşa
bilmirdi. Bildiyim qədər nümayəndəliyin
yaradılmasına XİN mane olurdu və bunu belə əsaslandırırdılar
ki, ölkəni təmsil etmək XİN-in birbaşa səlahiyyətinə
aiddir.
“Ölkəmizdə fəaliyyət göstərən
mehmanxana və istirahət mərkəzlərinin böyük əksəriyyəti
düzgün statistika aparmır, gəlirlərini gizlədirlər. Bu sahədə qayda
yaratmağın yeganə bir yolu var- müəyyən şərt
daxilində bu obyektlərin 1-2 illik vergilərdən azad edilməsi”
Məlum
Sərəncamın 4.8-ci bəndində Mədəniyyət və
Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birlikdə
ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının
dünya turizm bazarına çıxarılması,
satışının təşkili və ölkəyə
turist axınının artırılması məqsədilə
prioritet hesab olunan ölkələrdə fəaliyyət
göstərən Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərində turizm nümayəndələrinin
təyin və onların fəaliyyətinin təmin edilməsi
ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Prezidentə təqdim etmək
tapşırılıb. Hesab edirəm ki, turizm
nümayəndələri yalnız bu sahənin mütəxəssislərindən
təyin edilməlidir. Məlumdur ki, Azərbaycan
Turizm və Menecment Universitetində məzun olmuş xeyli sayda
perspektivli kadrlar mövcuddur, bu işdə onların
potensialından mütləq istifadə edilməlidir. Nümayəndəliklər sutkanın 24
saatını ölkə turizmini təbliğ etməklə məşğul
olmalıdırlar.
-Turizm və rekreasiya zonalarında
ATMU-nun nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili
müəssisələrinin (peşə məktəbləri və
peşə liseyləri) yaradılması da öz əksini
tapıb. Bu, yerlərdə peşəkar
kadrların yaranmasına təkan verəcəkmi?
- Fikrimcə,
turizm fəaliyyəti bir çox xidmət sahələrini
özündə birləşdirdiyindən bu sektor
üçün kadr hazırlığı spesifik
olmalıdır. Son dövrlərdə ölkəmizdə
turizmin maddi-texniki bazasının sürətli
inkişafı, yeni yaradılacaq turizm-rekreasiya zonaları
çoxsaylı kadrlara tələbat formalaşdırır.
Turizm sektoru üçün kadrların
heç də hamısı universitetlərdə
hazırlanmalı deyil. Dünya təcrübəsində
bu kadrların böyük hissəsi peşə liseylərində,
peşə məktəblərində hazırlanır. Sərəncamda Prezidentimiz mənsub olduğum ATMU
üzərinə məsuliyyətli və şərəfli
bir vəzifə qoyub. Məlumdur ki, bir
neçə ildir ki, ATMU nəzdində Bakı Turizm Peşə
məktəbi fəaliyyət göstərir. Sərəncamda bu məktəbin regionlarda şəbəkəsinin
yaradılması əks olunub. Təbii ki,
bu məsələnin həyata keçirilməsi bu gün tənqid
hədəfi olan xidmət sektorunun peşəkar kadrlarla təmin
edilməsinə imkan verəcək. Ümumiyyətlə
isə hesab edirəm ki, gənclər arasında turizmin təbliği
məqsədilə orta məktəb proqramına “Turizmin əsasları”
adlı fənn daxil edilməlidir.
-Sərəncamda turizm və rekreasiya
zonalarında vergi və gömrük güzəştlərinin
və imtiyazlarının verilməsi ilə bağlı təkliflərin
hazırlanması öz əksini tapıb. Bunun hansı
müsbət tərəfləri ola bilər?
- Bu məsələlər
də bizim tez-tez səsləndirdiyimiz təkliflərdəndir.
Qardaş Türkiyənin təcrübəsində kurort
zonalarında mehmanxana inşa edən iş adamlarına 5 illik
vergi güzəşti tətbiq edildiyinin şahidiyik. Bundan əlavə, bəzi ölkələrdə
ölkəyə gətirilən turizm məqsədli
avadanlıqlara gömrük güzəştləri tətbiq
edilir. Fikrimcə, sərəncamda bu məsələlərin
əks olunması mütərəqqi addım kimi qiymətləndirilməlidir.
Sirr deyil ki, ölkəmizdə fəaliyyət
göstərən mehmanxana və istirahət mərkəzlərinin
böyük əksəriyyəti düzgün statistika
aparmır, gəlirlərini gizlədirlər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri
vardır. Fikrimi təsdiq etmək
üçün Statistika Komitəsinin hesabatlarına diqqət
yetirmək kifayətdir. Həmin rəqəmlərlə
tanışlıq belə qənaətə gəlməyə
imkan verir ki, ölkəmizdə mövcud mehmanxanalar, sən
demə, boş qalır və bu biznes qeyri-rentabellidir.
Amma, hər il 30-40 yeni mehmanxana istifadəyə
verilir.
Fikrimcə, bu sahədə qayda yaratmağın yeganə
bir yolu var- müəyyən şərt daxilində bu obyektlərin
1-2 illik vergilərdən azad edilməsi. Şərt
ondan ibarət olmalıdır ki, gecələyən və xidmət
göstərilən turistlərin düzgün statistikası
aparılacaq, hesabatlar tam reallığı əks etdirəcək.
Şərtə əməl etməyən müəssisələr
üçün maliyyə sanksiyaları tətbiq edilməlidir.
Əgər belə olarsa, qısa bir zamanda bu məsələdə
də qayda yaradılmasının şahidi
olacağımıza inanıram.
Prezidentimizin imzaladığı sərəncamda
turizmin inkişafı ilə əlaqədar digər məsələlər
də əks olunub. Hesab edirəm ki, bu məsələlərin
reallaşdırılması ölkə turizminin sürətli
inkişafını təmin edəcək, ölkəyə
xarici turist axınına səbəb olacaq. Bu da büdcəmizdə
son zamanlar hiss olunan xarici valyuta qıtlığına son
qoyacaq. Sadəcə, hər bir ölkə vətəndaşı
sərəncamdan irəli gələn vəzifələrin icrası
üçün üzərinə düşənləri
vicdanla yerinə yetirməlidir. Bunu bizdən Azərbaycanımızın
gələcəyi tələb edir.
Nigar Abdullayeva
Palitra.-2016.-7 sentyabr.-S.5.