Referendum gənclər üçün yeni imkanlar yaradacaq

 

18 mart 2009 - cu ildə ölkəmizdə baş tutan referendumdan artıq 7 il ötüb. Geridə qoyduğumuz illər ərzində respublikamızın bütün sahələrində-siyasi,iqtisadi,mədəni,idman s. sahələrdə ciddi inkişaf baş verib. Bu illərdə iqtisadiyyatımızın artımı bütövlükdə cəmiyyətimizin yaşam tərzinin yüksəlməsinə gətirib çıxartdı. İlbəil artırılan sosial yardımların, təqaüdlərin geniş vüsət alması sevindirici haldır. Geridə qoyduğumuz illər ərzində ölkəmizin beynəlxalq aləmdə tanınması, dünyanın aparıcı dövlətləri sırasında xüsusi mövqe tutması hər bir vətənpərvər azərbaycanlını sevindirməyə bilməz. Saymaqla bitməyən idman sektorundakı uğurlarımız hər birimizin uğurudur. Beləliklə,vaxtında doğru atılmış addımlar dünənin, bu günün tələblərini, maraqlarını özündə birləşdirməklə, dövlətimizin inkişafına səbəb olub.

Prezident İlham Əliyevin 26 sentyabr 2016 – il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam da, Əsas Qanunu son illərdə baş vermiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi güdür. Nəzərdə tutulan dəyişikliklər günün tələbinə marağına cavab verməklə yanaşı, 7 il öncəki prosesin davamıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri, seçkilərdə yaş hədlərinin götürülməsi mütərəqqi addımdır. Belə ki, seçmək seçilmək hüququ Azərbaycan vətəndaşının təbii haqqıdır. Bu nöqteyi-nəzərdən seçkilərdə iştirak etmək istəyən hər bir gənc vətəndaş üçün geniş imkanlar yaranır. Gənclərimiz həm qanunvericilik, həm idarəetmə sahəsində daha erkən yaşlarda iştirak etmək fürsəti əldə edirlər. Bu da öz növbəsində ölkənin kadr ehtiyatının daha zəngin olmasını özündə ehtiva edir.

Əgər əvvəlcə, Azərbaycan Respublikasının Milli Məclisinə seçilmək üçün 25 yaşın tamam olmasını gözləmək lazım gəlirdisə, 26 sentyabr tarixində keçiriləcək referendumun baş tutacağı təqdirdə yaş senzi minimuma endiriləcək bu zaman artıq vətəndaşlar üçün, xüsusən , biz gənclər üçün yeni yollar açılmış olacaq. Düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.

Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin davamı olaraq, bu gün dövlət idarəetmə sisteminin püxtələşdirilməsi, dövlət qurumlarının fəaliyyətlərini daha çevik etmək məqsədi, vətəndaşların hüquq azadlıqlarının daha da genişlənməsi baxımından baş tutacaq referendumun böyük əhəmiyyəti var.

Heç şübhəsizdir ki, Əsas Qanuna yeniliklər gətirən, ölkəmizin gələcək inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.

 

 

YAP Sabunçu RT

İdarə Heyətinin üzvü Murad CƏNNƏTOV

Palitra.-2016.-8 sentyabr.-S.5.