Hemodializ qəbul edənlərin əksəriyyətində
böyrək xəstəliyinə səbəb şəkərli
diabetdir
Hazırda Azərbaycanda
böyrək köçürülməsi əməliyyatı
olunmuş 732 nəfər var
və onların dərman preparatını dövlət öz üzərinə götürüb
Respublika Klinik Uroloji Xəstəxanasında il ərzində 1200-ə qədər cərrahiyyə əməliyyatı icra olunur. Bu rəqəm xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara dövlət qayğısı ilə bağlı dünən akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında keçirilən “dəyirmi masa”da səslənib. Xəstəxananın böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov qeyd edib ki, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gəlir.
Bu tendensiyaya həm dünyada, həm də ölkəmizdə rast gəlinir. Azərbaycanda hemodializ qəbul edən xəstələrin əksəriyyətində böyrək xəstəliyinə səbəb şəkərli diabetdir. Həmçinin böyrək çatışmazlığı xəstəliyinin müalicəsində mövcud problemlərdən də danışılıb. Ş.Nəsirov qeyd edib ki, xəstəxanada son üç ildə 49 xəstəyə canlı donordan uğurla böyrək köçürülüb. Klinikanın 10 çarpayılıq hemodializ şöbəsində isə il ərzində 3700-dək dializ seansı aparılır. Onun sözlərinə görə, ölkəmizdə hazırda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə dayanıb: Böyrək əməliyyatlarının dünya üzrə müvəffəqiyyət göstəricisi 95-97 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 92-95 faiz arasında dəyişir. Son beş ildə əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və onların dərman preparatını dövlət öz üzərinə götürüb. Klinikanın qəbul şöbəsinə il ərzində 4 mindən artıq xəstə müraciət edir. Onlardan təxminən 1000 nəfərinə ambulator müalicə təyin olunur. Xəstəxananın uşaq uroloji şöbəsində isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatına götürülür. Klinikada uşaqlarda plastik cərrahiyyə əməliyyatları (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.), aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur. Bildirilib ki, bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən 3 minədək xəstə 34 mərkəzdə hemodializlə təmin olunub. Eyni zamanda, son illərdə regionlarda açılan yeni dializ mərkəzlərinin əhalinin dövlət hesabına müalicə almasına imkan yaratdığı, artıq hemodializ növbəsinin aradan qaldırıldığı vurğulanıb. Tədbirdə diqqətə çatdırılıb ki, Nazirlər Kabineti tərəfindən 2006-cı və 2010-cu illərdə xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramlarının qəbulu ilə əlaqədar bu xəstələrin aşkarlanması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Hazırda Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə yeni qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.
Rasim
Palitra.-2016.-8 sentyabr.-S.15.