Gənclərimiz Rusiyanın əfsanəvi
teatr institutunda təhsil
alacaqlar
Azərbaycan Mədəniyyət və
Turizm Nazirliyi ilə Rusiyanın Yevgeni Vaxtanqov adına Dövlət
Akademik Teatrı yanında Boris Şukin adına Teatr
İnstitutu arasında bağlanmış müqaviləyə
əsasən 11 azərbaycanlı gənc Moskvada təhsil
alacaq.
İnstitutun Moskvanın mərkəzi Köhnə Arbat küçəsində yerləşən binasında azərbaycanlı gənclərə tələbə biletlərinin təntənəli təqdimat mərasimi keçirilib.
Nazirliyin incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən layihəyə uyğun olaraq institutun tanınmış mütəxəssisləri tərəfindən Bakıda keçirilmiş müsabiqə əsasında seçilən gənclər Moskvada “Teatr və kino dram aktyoru” və “Teatr rejissoru” ixtisasları üzrə 5 il müddətində təhsil alacaqlar.
İ.Hüseynovun sözlərinə görə, nazirlik gənclərin Rusiyada təhsil haqqı və yaşayış, aviabilet xərclərinin, eləcə də aylıq təqaüdlərin ödənilməsini öz üzərinə götürüb. Moskvada təhsili başa vurduqdan sonra gənclər Vətənə dönəcək və nazirlik tərəfindən işlə təmin olunacaqlar. İ.Hüseynov onu da vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin sürətlə inkişaf etməsi sayəsində əldə olunan bu razılıq respublikamız üçün yüksək ixtisaslı teatr və kino kadrlarının yetişdirilməsində yeni mərhələ açır.
“Azərbaycan xalqı çox istedadlı xalqdır. Biz bir çox azərbaycanlı aktyor və rejissorları tanıyır və sevirik. Elə təkcə Müslüm Maqomayev və Polad Bülbüloğlunu xatırlamaq kifayətdir. Azərbaycan mədəniyyəti, teatr sənəti ən yüksək tərifə layiqdir”. Bu sözlər Rusiyanın Xalq Artisti, B.Şukin adına Teatr İnstitutunun rektoru Yevgeni Knyazevə məxsusdur.
Azərbaycanlı gənclərin “Vaxtanqov məktəbi” kimi məşhur olan bir təhsil ocağında sənətin sirlərinə yiyələnməsinin ilk təcrübə olduğunu qeyd edən tanınmış aktyor deyib: “Bu gün institutumuzla Azərbaycan arasında qarşılıqlı fəaliyyətin yeni səhifəsi açılır. Azərbaycandan olan tələbələrimizin yüksək ixtisasa yiyələnməsi üçün əlimizdən gələni edəcəyik. Başlıcası budur ki, onlar tədris metodu “fantastik realizm” kimi səciyyələndirilən “Vaxtanqov məktəbi”nin bayrağını yüksəldə və Azərbaycana apara bilsinlər”.
Azərbaycanlı gənclərin kurs rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, professor Mixail Borisov bu layihəsini artıq uzun illərdir müstəqil inkişaf edən Rusiya və Azərbaycan mədəniyyətlərinin qarşılıqlı zənginləşməsi prosesinin təməli kimi qiymətləndirib. İnstitutun rejissorluq kafedrasının müdiri Azərbaycanda teatr mədəniyyətinin inkişafına qayğıdan danışaraq deyib: “Çox sevindirici haldır ki, Azərbaycan Prezidenti, hökumətiniz ölkədə mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət yetirirlər. Biz çalışacağıq ki, institutumuzda təhsil alacaq azərbaycanlı gənclər milli teatr sənətinizə yeni hisslər, yeni ideyalar gətirsinlər, teatr prosesinin liderlərinə çevrilsinlər”. M.Borisov Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin çoxillik tarixindən danışaraq səhnələşdirdiyi “Arşın mal alan” tamaşasının Bakıda uğurlu nümayişini də xatırlayıb: “Azərbaycanda Moskva mədəniyyəti günlərində iştirak etmək üçün Bakıya gəlmişdik. O zaman mədəniyyət naziriniz hamımızın sevimlisi Polad Bülbüloğlu idi. Bizim təqdim etdiyimiz “Arşın mal alan” tamaşası bakılı teatrsevərlər tərəfindən hərarətlə qarşılanmışdı”.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktyoru
Vüsal Mehrəliyev Moskvada
təhsil alacaq tələbələr
adından Rusiyanın əfsanəvi teatr
institutlarından birində təhsil almaq
imkanına görə Azərbaycan dövlətinə, Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürünü
bildirib.
Palitra.-2016.-2 sentyabr.-S.13.