VIII Beynəlxalq Musiqi
Festivalının proqramı açıqlanıb
Heydər
Əliyev Fondu və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı
ilə sentyabrın 18-dən 27-dək Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi
Festivalının keçirilməsi
planlaşdırılır.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Milli Konservatoriyanın qarşısında, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində güllələnmiş abidələr ziyarət olunacaq və tədbir Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi önündə davam edəcək. Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.
On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.
Festival çərçivəsində F.Əmirov adına
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının 80 illiyinə həsr olunmuş
yubiley tədbiri, Muzey
Mərkəzində “Azərbaycan bəstəkarları və
musiqişünasların elektron kataloqu”nun təqdimat mərasimi
keçiriləcək.
Palitra.-2016.-9 sentyabr.-S.13.