UNEC-in bütün tədris binalarında “Elektron Universitet” modeli tətbiq ediləcək

 

İKT-nin imkanlarından geniş şəkildə istifadə edən UNEC-də “Elektron Universitet” modelinin tətbiqi xeyli üstünlüklər yaradır

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilinə hazırlıq işlərinin vəziyyəti ilə bağlı geniş iclas keçirilib. Struktur rəhbərlərinin iştirak etdiyi toplantıda hazırlığın vəziyyəti, qarşıya çıxan problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda UNEC-də tətəbiq ediləcək İKT yeniliklərinə toxunacağıq.

UNEC-in rektoru, professor Ədalət Muradov toplantıda ilk olaraq maddi-texniki təminatin vəziyyəti haqda danışıb. Bildirib ki, tədrisin keyfiyyətinin artırılması baxımından ilk addım olan “Elektron Universitet” modeli bütün tədris binaları üzrə artıq quraşdırılıb. Qarşıda duran əsas vəzifə bu imkanlardan səmərəli istifadə etmək bacarığını formalaşdırmaqdır. Bu yeniliyi mənimsəmək üçün bütün müəllimlərə təlimlər keçirilib və istənilən müəllim yenidən əlavə təlimlərə cəlb edilə bilər. Rekror dekanlara müəllim və tələbələrin müraciətlərinə diqqətlə yanaşmağı, bu məsələdə məsuliyyətlərini artırmağı tarşırıb. Bildirib ki, müraciətləri dinləyərək, qərar vermək səlahiyyətlər artıq fakültə rəhbərlərinə verilib. Hər bir tələbənin rektorla görüşmək hüququ var. Amma tələbə son instansiya olaraq rektorun qəbuluna gəlməlidir. Ə.Muradov tələbələrlə işin mütəşəkkil qurulması məqsədilə fakültələrdə yeni qurumun yaradılmasına ehtiyac olduğunu, bununla bağlı yaxın vaxtlarda real addımların atılacağını diqqətə çatdırıb. Ə.Muradov Əmtəəşünaslıq fakültəsinin müvəqqəti köçürüldüyü binanın yeni tədris ilinə hazır olduğunu, keyfiyyətli tədrisin təşkili üçün bütün şəraitin yaradıldığını bildirib. Əlavə edib ki, fakültənin yerləşdiyi köhnə bina isə müasir standartlar səviyyəsində yenidən tikilərək, yaxın iki il ərzində tələbələrin ixtiyarına veriləcək. Rektor UNEC-ə bu ilki tələbə qəbulunun sayına münasibətini bildirib. Qeyd edib ki, 2016/2017-ci tədris ilində ən yüksək balla universiteti seçənlərin sayında ciddi yüksəliş qeydə alınıb. Nəticə bizi sevindirməklə yanaşı, məsuliyyətimizi daha da artırır. Ə.Muradov bu göstəricinin qorunub saxlanılması üçün ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsinin vacib olduğunu vurğulayıb. Rektor müəllimlərin dərsə davamiyyətilə bağlı iradlarını bildirib və yeni dərs ilindən etibarən davamiyyət məsələlərinə nəzarət gücləndiriləcəyini deyib. Ə.Muradov bu işə diqqətin artırılması ilə bağlı dekanlara tapşırıqlarını verib.

 

Bütün dərslər valideynlərin üzünə açıq olacaq

 

Rektor bildirib ki, 2016/2017-ci tədris ilində müəllimlərin qiymətləndirilməsinə tələblər artırılacaq. Artıq reytinq sistemi hazırdır. Yaradılan komissiya işini uğurla yekunlaşdırıb. İctimaiyyət nümayəndələri ilə birlikdə yeni sistemin geniş təqdimatı keçiriləcək. Builki tədris ilinin maraqlı layihələrlə yadda qalacağını bildirən Ə.Muradov “lider müəllim-lider universitet”, “Tədrisin keyfiyyəti tələbənin gözü ilə” layihələri barədə ətraflı məlumat verib və bütün dərslərin valideynlərin üzünə açıq olduğunu diqqətə çatdırıb.

 

Universitetdə yeni tədris ilində tətbiq ediləcək “lider müəllim-lider universitet”, “Tədrisin keyfiyyəti tələbənin gözü ilə” layihələri böyük maraq doğurur

 

Rektor magistratura pilləsində ciddi dəyişikliklərin ediləcəyini və bu sektora nəzarətin gücləndiriləcəyini, yeni yaradılan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyətinin genişləndiriləcəyini bildirib. Ə.Muradov yeni tədris ilində görüləcək bir sıra işləri də diqqətə çatdırıb. Bildirib ki, universitetdə struktur dəyişiklikləri davam etdiriləcək, testlərin keyfiyyəti artırılacaq, fakültə elmi şuralarının tərkibi yenidən formalaşdırılacaq, bütün müəllimlərin açıq dərsləri təşkil ediləcək, paytaxt və rayonlarda fəaliyyət göstərən orta məktəblərə səfərlər davam edəcək, regional universitetlərlə ikili diplom proqramlarına başlanılacaq, tyutorların işi ilə bağlı yeni qaydalar hazırlanacaq, UNEC-ə xarici professorlar cəlb ediləcək. Rektor dərsliklərin keyfiyyətinin artırılmasını, onların yüksək səviyyədə tərcüməsinin təşkili məqsədilə universitetdə Tərcümə Mərkəzinin yaradılacağını deyib. Ə.Muradov qeyd edilən yeniliklərin UNEC-də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini bildirib. Sonda struktur bölmələrin rəhbərləri təkliflərlə çıxış ediblər.

 

İKT-nin tətbiqi yüksəkkeyfiyyətli tədris həyata keçirmək üçün zəruri imkanlar yaradır

Qeyd edək ki, İKT-nin imkanlarından geniş şəkildə istifadə edən UNEC-də “Elektron Universitet” modelinin tətbiqi xeyli üstünlüklər yaradır. “Elektron universitet” modeli tədris prosesinin təşkili və onun nəticələrinin qiymətləndirilməsi və idarə edilməsini təmin edən proqram təminatıdır. Onun tətbiqi bir sıra müsbət cəhətlər və imkanlarla xarakterizə olunur. Tədris prosesinin bütünlüklə elektronlaşdırılması, universitet üzrə dərs cədvəllərinin elektronlaşdırılması, elektron jurnalın tətbiqi edilməsi, tələbələrin semestr ərzində topladıqları balın avtomatik hesablanması, universitet miqyasında fənlər üzrə tədris materiallarının elektronlaşdırılması (mühazirə mətni, təqdimat, testlər və s.), tədrisin metodiki təminatının elektronlaşdırılması (fənn proqramlarının, təqvim-tematik planların və sillabusların), professor-müəllim heyətinin tədris fəaliyyətinin, dərs dediyi qrup tələbələri tərəfindən elektron qaydada qiymətləndirilməsi (differensial əmək haqqı sisteminin kriteriyalarından biri), kollokviumların və sessiya imtahanlarının keçirilməsinin elektron qaydada təşkili və universitet tələbələri üçün onlayn sınaq imtahanların təşkili bu üstünlüklər sırasındadır. EDUMAN - “Elektron universitet” modeli müəllimlər üçün tədris prosesinin təşkilində kompüter, notebook, xarici yaddaş qurğusu (flash kart), sillabus, təqvim-tematik plan, proqram, kağız jurnalların auditoriyaya gətirilməsi və s. bu kimi vasitələrdən “fiziki azadolma” imkanı yaradır. İnternet üzərindən sistemə daxil edilən tədris materialları, müəllimlərə qeyd olunan vasitələrdən istifadə etmədən yüksəkkeyfiyyətli tədris həyata keçirmək üçün zəruri imkanlar yaradır. Bununla yanaşı olaraq, sistem vasitəsi ilə tədris vəsaitlərinin tələbələrə təqdim olunması imkanları yaranır. Belə ki, hər bir müəllim tədris üçün nəzərdə tutduğu bütün materialları “Şəxsi Kabinet”ə daxil etməklə, dərs zamanı buradan özlərinə lazım olan materialları rahatlıqla əldə edə bilirlər. EDUMAN sistemi müəllimlərə auditoriya daxilində, həm də auditoriyadan kənarda istifadə üçün nəzərdə tutulub. Auditoriyadan kənar saatlarda müəllim və tələbələr internet bağlantısı olan istənilən yerdən sistemə daxil olub dərs üçün hazırlığı həyata keçirə bilərlər. Auditoriya daxilində isə müəllimlər öz mühazirə və seminar məşğələsi üçün hazırlanmış materiallarını - slayd, audio və video formatda tələbələrə təqdim edə bilərlər. Tələbələr də auditoriyadan kənar saatlarda internet bağlantısı olan istənilən yerdən sistemə daxil olmaqla, müəllimlərin verdiyi tapşırıqlara hazırlığı həyata keçirə, kollokvium və imtahanlarla bağlı zəruri informasiyaları əldə edə bilərlər. Tələbələr auditoriya daxilində isə əvvəlcədən hazırladıqları materialları - slayd, audio və video formatda müəllimlərinə və tələbə yoldaşlarına təqdim edə bilərlər.

 

UNEC-də ilk gün

Qeyd edək ki, dünən UNEC-də “Oriyentasiya Günü” keçirilib. Dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nün məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır. Universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü”ndə I kurs tələbələrinə UNEC-in tarixi barədə məlumat verilib. Tədris prosesi, “Elektron Universitet Modeli”, ikili diplom proqramları və təqaüd imkanlarından söz açılıb, məlumat vərəqələri paylanıb. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbələri maraqlandıran suallara cavab verib, onlar üçün universitet ərazisində infoturlar təşkil ediblər. Tələbələr “Elektron Universitet Modeli”, Maliyyə laboratoriyası və İnnovativ Biznes İnkubatoru (İBİ) maraqla qarşılayıblar. Tələbələrə bildirilib ki, onlar İnnovativ Biznes-İnkubatora müraciət etməklə, öz “start up” layihələrini reallaşdıra bilərlər. Karyera Mərkəzinin əməkdaşları tələbələrə seçdikləri ixtisasın əhəmiyyəti, gələcək perspektivi, təcrübə və təqaüd proqramları haqda məlumat çatdırıb, onların peşəkar kadrlar kimi yetişmələri üçün tövsiyələr veriblər. I kurslara asudə vaxtlarının təşkili ilə bağlı bildirilib ki, xüsusi istedadı ilə seçilən tələbələr Yaradıcılıq Mərkəzinin vokal, instrumental ifa, rəsm, rəqs və bədii qiraət dərnəklərinə üzv ola bilərlər. Eləcə də Radio UNEC-də universitet haqda məlumatları, xəbərləri dinləməklə bərabər, burada öz layihələrini də reallaşdıra bilərlər. Tələbələr gün ərzində idman zalları, yeməkxana və poliklinika ilə də tanış olublar. “Oriyentasiya Günü”ndə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. I kurs tələbələri üçün universitetdə ilk gün stolüstü tennis və “ip çəkmə” oyunları ilə davam edib. Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı artıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayıb. II qrup üzrə ən yaxşı nəticə göstərərək 700 bal toplayan iki abituriyentdən biri, Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçib.

 

A.Miriyev

Palitra.-2016.-15 sentyabr.-S.11.