“Xalq bunların xaricdən
sifarişlə hərəkət etmələrini 90-cı illərdə
gördü”
“Bu
səbatsızlar heç vaxt,
heç nə edə bilməyəcəklər!”
“Milli şura”nın xarici antiazərbaycan dairələrin təhriki ilə ölkədə siyasi vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq cəhdləri ziyalılar, siyasət adamları, ümumilikdə cəmiyyətdə kəskin etirazla qarşılanıb. Təsadüfi deyil ki, eks-prezident Ayaz Mütəllibov da daim onlar haqqında tənqidi fikirlər səsləndirib və bu adamların iç üzlərini açıb ortaya qoyub. O indi “milli şura”da aparıcı qüvvə olan cəbhəçilər və onların sələfləri haqqında deyib: “AXCP 1990-cı illərdəki səviyyələrində qalıb. Necə ədəbsiz idilərsə, elə də qalıblar. Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib. Erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın. Həbslər başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub. Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar”.
Ayaz Mütəllibovun fikirlərində, əslində, böyük həqiqət var. 90-cı illərin düşüncəsi, taktikaları bu adamların beyinlərindən silinməyib. Buna sübut kimi AXCP fəallarının daim radikal çağırışlar etməsini, hədələrlə, ya müsavatçıları, ya da hakimiyyət nümayəndələrinə qarşı çıxmalarını göstərmək olar. Təsadüfi deyil ki, belə son bəyanat və çağırışlarla sosial şəbəkələrdə rastlaşdıq. AXCP fəalları statuslarında “hakimiyyətə gələcəkləri” təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildiriblər.
Bu qədər absurd və təhdid, hədə dolu fikirlər səsləndirən siyasətçilərdən necə idarəçi olar axı? Bu adamların beynində hələ də 90-cı illərdə olduğu kimi, dağıtmaq, atmaq, kəsmək, xaos yaratmaq, hədələmək yaşayırsa, onlar siyasi arena üçün, doğrudan da, böyük təhlükə sayıla bilərlər. Media nümayəndələri siyasi partiyaları haqlı olaraq tənqid edirsə, onları hədələmək ən azından anormallıqdır. “Solçulara qarşı, çıxmalarına gəldikdə isə bu da heç şübhəsiz ki, AXCP fəallarının növbəti anormallığıdır”. Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadə dedi və solçularla bağlı siyahı tutulmasını, hansısa hakimiyyətə gəlmək nağıllarının danışılmasını AXCP üçün bədbəxtlik adlandırdı. O, yatıb yuxularında planlar quran cəbhəçiləri “xəstə təxəyyüllü insanlar” adlandırdı:
-Çox təəssüf ki, bu təhdidlər yağdıran səbatsızlara ağır formada verdiyim cavabı özləri oxuya bilməyəcəklər. Çünki o fikirləri qələmə almaq olmaz. Onlar mənə və ya solçulara heç nə edə bilməzlər və ən ağır formada deyirəm ki... Gələcəkdə hakimiyyətə gələcəklərini xəyal edənlər kimlərisə cəzalandıracaqlar deməklə bir daha xəstə düşüncələrini ortaya qoymuş olurlar. Bu adamlara dəfələrlə demişəm ki, xülyalarla yaşayan insanlardılar. Onlara ən ağır formada təhqiramiz fikirlərimi çatdırıram.
-Qısası, solçular adından AXCP fəallarına qırmızı xətti keçməmələrini tövsiyə edirsiniz...
-Bəli. Həddi aşmasınlar. Əvvəla, bu adamlar, “bəlkə də, qaytardılar” xülyası ilə yaşayırlar. Amma heç vaxt bu reallaşmayacaq, heç vaxt da heç nəyi qaytara bilməyəcəklər. O, bir təsadüf idi, müəyyən tarixi və siyasi boşluqdan yararlandılar və böyük kütləni aldadıb hakimiyyətə gələ bildilər. Hərçənd bu, çox qısa çəkdi. Mən vaxtilə də bu adamlara öz sözümü demişdim. Onlar hakimiyyətə gələndə öz fikrimi açıq formada ifadə etmişdim. Bir qədər loru çıxsa da, bu səbatsızlara demişdim ki, kimin də pişiyi bir daha miyoldasa, sizin pişiyiniz yenidən miyoldamayacaq. Mənim haqqımda təhqiramiz, söyüşlə fikirlər səsləndirəndə həmişə demişəm ki, əbləh adamların cavabı susmaqdır. Bunlar üçün isə açıq deyirəm, heç vaxt heç nə edə bilməyəcəklər!
-Hakimiyyətə gəlməmiş hansısa cəzalardan söz açırlar. Özü də təkcə medianı yox, solçuları da məhv edəcəklərini deyirlər.
-Bu AXCP fəallarının, rəhbərlərinin bədbəxtliyi ondadır ki, onlar hələ də anlamırlar ki, dünəndə qalıblar. Bəlkə də, öz aləmlərində, daxillərində səbatsızlıqlarını qəbul edirlər, dünəndə qaldıqlarını anlayırlar. Sadəcə olaraq, öz himayədarlarına-xaricdə yaşayan bəzi oğru oliqarxlara, siyasi dəlilərə və Qərbdəki havadarlarına bildirirlər ki, biz də varıq. Bir daha loru misal çəkəcəyəm - qorxaq uşaq həmişə durub deyər ki, “mən qorxmuram”. Bunlar da, eynilə belədirlər. Özləri qorxurlar, amma hamını qorxudurlar. Həmişə hamıya hədə gəlirlər, guya heç kimdən, heç nədən qorxmurlar, qısası, mənasız qalmaqallarla gündəmə gəlirlər. Ona görə də, hər hansı boş-boş siyahı tutmalar, hədələr mənim üçün yalnız gülüş doğurur.
-Siyasi
səbatsızlıqlarını və özlərini
havadarlarına göstərdiklərini dediniz.
Bəs xalqdan dəstək
almadıqlarını görə-görə hansı üzlə
xalqa çağırışlar edirlər?
-Bəli, guya mitinq də keçirdilər və
çağırışlar da etdilər.
Heç stadionu doldura bilmədilər də... Xalq bunların səbatsızlığını,
xaricdən sifarişlə
hərəkət etmələrini
hələ 90-cı illərdə
gördü. Özləri də bunu etiraf
ediblər. Onların
dediyi bir sözü yadınıza
salmaq istərdim: “Biz səkkiz dövlətin icazəsi ilə hakimiyyətə gəlmişik” . İndi onu- bunu hədələyən Əli
Kərimli isə o dövrdə ikinci cərgədə yox, üçüncü cərgədən
olan adamlardan biri idi. Heç kimin saymadığı bu adam sonradan
onun-bunun başının
üstündən aşaraq,
gəldi oldu “dövlət katibəsi”. Bəli, katibəsi! Sonradan isə bu adam çıxdı bəyan
etdi ki, AXC-nin Azərbaycanı viran qoyan hərəkətlərində,
əməllərində heç
bir məsuliyyəti yoxdur. Amma konstitusion
olmasa da, faktiki olaraq bu adam
o vaxtkı iqtidarda ikinci şəxs sayılırdı. İndi
baxın görün,
bu insan sonradan hansı oyunlardan çıxıb,indi gəlib müxalifət lideri adına iddia edir. Bütün dostlarından üz
döndərdi, ya da bu adamlar
yalançı bir oyun oynadılar. Bunu, bu siyasi oyunlarını
da unutmaq lazım deyil. Bunlar hamısı tarixdir.
Hələ tələbəlik
illərində bir-biri
ilə çox yaxın olan, dost olan insanların sonradan bir-biri ilə düşmən olmaları, ya bir siyasi oyundur,
ya da elə
səbatsızlıqlarının növbəti nümunəsi.
İndiki halda isə bir daha
qeyd edirəm ki, mövzu tapmayanda kimlərisə hədələməklər gündəmə
gəlmək istəyirlər
Tural TAĞIYEV
Palitra.-2016.-15 sentyabr.-S.5.