Yay aylarında Şəkiyə 50
mindən çox turist
gəlib
Qədim Şəki bənzərsiz
gözəlliyi, dünya
əhəmiyyətli tarixi-memarlıq
abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli
və xarici turistləri özünə
cəlb edir. Yay aylarında,
xüsusilə bayram günlərində Şəkiyə
gələn turistlərin
sayında xeyli artım müşahidə
olunur. Builki Qurban bayramı
günləri də istisna təşkil etməyib. Son günlər bu qədim şəhərin
qonaqlarının sayı
nəzərəçarpacaq dərəcədə artıb.
“Yuxarı Baş”
Dövlət Tarix-Memarlıq
Qoruğunun direktoru Təranə Abdullayeva AZƏRTAC-a
bildirib ki, bayram günlərində Şəkiyə gələn
turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biri qoruğun ərazisi olub. Bu da təsadüfi
deyil. Burada yerləşən Azərbaycan
memarlığının nadir incilərindən olan Şəki xanlarının
sarayı, V-VI əsrlərə
aid Dairəvi Məbəd,
XVIII əsrə aid tarixi-memarlıq
abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi, muzeylər, “Sənətkarlar evi”, həmçinin sənətkarların
əl işlərinin,
milli suvenirlərin satıldığı xırda
dükanlar turistlərin
diqqətini daim cəlb edir.
Qoruğun direktorunun bildirdiyinə görə, yay aylarında Şəkiyə
50 mindən çox turist gəlib. Bu il xarici turistlərin sayında nəzərəçarpacaq artım
müşahidə olunur.
Qurban bayramı günlərində
Şəkinin qonaqları
arasında yerli turistlərlə yanaşı,
İrandan, ərəb
ölkələrindən gələn
turistlər üstünlük
təşkil edib.
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı əsasında həyata keçirilən
pilot-layihəyə uyğun
olaraq, yay aylarında qoruğun ərazisində turistlər
üçün gündəlik
mədəni proqramlar
təşkil edilib. Turistlərə
xidmət göstərmək
üçün “Qala
divarları”nın həyətindəki geniş
yaşıllıq ərazidə
asudə vaxt və istirahət guşəsi də yaradılıb.
Şəkiyə gələn turistlər, xüsusilə də əcnəbi qonaqlar onlara göstərilən isti münasibətdən,
xidmətlərdən razılıq
edirlər.
Hans Joaxim Ruks xanımı Barbara Kramerlə
birlikdə Almaniyadan qonaq gəlib. Hans vergi sahəsi üzrə beynəlxalq ekspertdir. Ölkəmizə
səfərləri ilə
bağlı təəssüratlarını
AZƏRTAC-ın müxbiri
ilə bölüşən
alman turist deyib: “Xarici ölkələrə səyahət
etməyi çox xoşlayırıq. İlk dəfədir
ki, Azərbaycandayıq.
Əvvəlcə Bakıda olduq.
Paytaxtınızın gözəlliyi bizi
çox təəccübləndirdi.
Düzü belə gözləmirdik.
Çox
müasir və mədəni şəhərdir.
Ölkəniz tolerant, insanları çox mehribandırlar.
Şəkidə Azərbaycan
mədəniyyətinin, memarlığının
nümunələri ilə
tanış olduq. Xan sarayı, qədim
abidələr, təbiət
mənzərələri çox
xoşumuza gəldi.
Azərbaycana yenə gəlməyi
düşünürük”.
ABŞ-ın Florida ştatından
olan xanım Pegi Deyts də
ilk dəfədir turist
qrupu ilə ölkəmizə gəlib. Azərbaycanlıların qonaqpərvər xalq olduğunu vurğulayan xanım Deyts Şəkinin tarixi məkanları ilə tanışlığın onlarda
böyük təəssürat
yaratdığını bildirib.
Nigar
Palitra.-2016.-15 sentyabr.-S.13.