Təhsildə İKT-nin
tətbiqini dəstəkləyən layihə - “Elektron təhsil” müsabiqəsi
başlayır
Məqsəd
tədris prosesində İKT-dən fəal istifadə edən
müəllimləri həvəsləndirmək, ən
yaxşı elektron tədris vəsaitlərini
geniş istifadəçi auditoriyasına
tanıtmaq, internetin imkanlarından istifadə
yolu ilə həyata keçirilən yeni tədris üsulları barədə təhsil
ictimaiyyətini məlumatlandırmaqdır
Sentyabrın 19-da “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə yolu ilə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda qeyd edilən məqamlara toxunacağıq.
Tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formaları
Qeyd edək ki, “Elektron təhsil” respublika müsabiqəsinin məqsədləri sırasında müəllimləri tədris prosesində informasiya kommunikasiya texnologiyalarından (İKT) fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdir. Üç istiqamət (müəllim, şagird və məktəb ) olmaqla, altı nominasiya üzrə keçiriləcək müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
“Elektron lövhələr”in istifadəsi ilə yaradılan ən yaxşı resurs
“Müəllim” istiqaməti üzrə “elektron lövhələr”in istifadəsi ilə yaradılan ən yaxşı resurs seçiləcək. Bu nominasiya üzrə müsabiqəyə “elektron lövhələr”in proqramları ilə qurulan resurslar təqdim edilə bilər. Eyni zamanda, bu nominasiya üzrə müvafiq proqram təminatını “www.edu.az” və “www.e-resurs.edu.az” portalında yerləşdirilmiş resurslardan istifadə etməklə təqdim etmək olar. Təhsildə ən yaxşı internet resursları nominasiya üzrə müsabiqəyə coğrafiya, kimya, fizika, biologiya, riyaziyyat, Azərbaycan dili və tarix fənləri üzrə işlər təqdim edilə bilər. Təqdim olunan işlərdə yerləşdirilən məlumatlar ümumtəhsil müəssisələrində təlim prosesinə dəstək məqsədi daşımalıdır. Resurslara giriş sərbəst və ödənişsiz olmalıdır. Onlara baxış üçün əlavə qeydiyyat tələb olunmamalıdır. Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd nominasiya üzrə müsabiqədə əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və ümumtəhsil məktəb müəllimləri iştirak edə bilər. Nominasiyaya bütün fənlər üzrə istənilən mövzuda resurs təqdim edilə bilər. Təqdim edilən işlər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Resurslar istənilən proqram təminatından istifadə edilməklə hazırlana bilər. Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası nominasiya üzrə müsabiqəyə müəllimlər tərəfindən məsafədən keçirilən dərs metodikası təqdim edilə bilər. Müsabiqədə ümumtəhsil məktəb müəllimləri iştirak edə bilər. Müsabiqəyə məsafədən keçirilən dərs metodikasının yazılı təsviri və bu metodika əsasında keçirilən dərsin videoyazısı təqdim olunmalıdır. Məsafədən keçirilən dərsdə müəllim və fərqli məkanda olan ən azı 3 şagirdin iştirakı şərtdir. Keçirilən dərs zamanı müəllimin ekranında gedən prosesin videoçəkilişi aparılmalıdır.
Ən zəngin məzmunlu məktəb saytı seçiləcək
Şagird istiqaməti üzrə tədrisdə istifadə üçün ən yaxşı elektron resurs nominasiya üzrə müsabiqəyə təhsil məzmunlu elektron resurslar təqdim edilə bilər. Təqdim edilən işdə müəllifin yaş səviyyəsinə uyğunluq gözlənilməlidir. Məktəb istiqaməti üzrə ən zəngin məzmunlu məktəb saytı seçiləcək. Bu nominasiya üzrə müsabiqəyə ümumtəhsil müəssisələri üçün hazırlanmış saytlar təqdim edilə bilər. Təqdim edilən saytlarda məktəb barədə ümumi məlumatlar, məktəbin İKT və digər sahələr üzrə nailiyyətləri, yeniliklər və tədbirlər barədə informasiya, məktəbəsaslı tədqiqatların statistik icmalı yerləşdirilməli, məktəb icması üçün maarifləndirmə, təşkilatlanma, cəlbetmə funksiyaları qabarıq olmalı, məlumatların dərc edilməsi davamlı xarakter daşımalıdır.
İKT infrastrukturunun
inkişaf etdirilməsi
Ümumiyyətlə, təhsil
haqqında, “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq təhsil sisteminin informasiyalaşdırılması sahəsinin
başlıca fəaliyyət istiqamətləri təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron
təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi,
təhsil sistemində idarəetmənin
informasiyalaşdırılması və kadr
potensialının gücləndirilməsidir. Təhsil
sisteminin
informasiyalaşdırılması üzrə işin
başlıca təşkili vəzifələri
respublikanın təhsil sisteminin
informasiyalaşdırılmasına dair fəaliyyətinin
ümumi əlaqələndirilməsi, təşkili
və nəzarət, təhsil sisteminin informasiyalaşdırılması
sahəsində yeni texnologiyaların və
həllərin axtarışı,
seçilməsi, uyğunlaşdırılması və tətbiqin
təşkili, təhsil sistemində informasiya
komunikasiya texnologiyalarının səmərəli
tətbiq metodların və yanaşmaların
axtarışı və həyata keçirilməsi, pedaqoji, inzibati-idarəetmə və texniki işçilərin yeni
informasiya komunikasiya
texnologiyalarından öz fəaliyyət
sahələrində istifadə bacarıqlarının
öyrədilməsinin təmin edilməsi üzrə işlərin
təşkili və beynəlxalq təşkilatlar və maliyyə
qrumlarından vəsaitin cəlb edilməsi və onun təhsil sahəsində İKT-nin
inkişafına yönəldilməsinin təşkilidir. Bu vəzifələrin icra
edilməsi üçün bir çox işlərin
görülməsi vacibdir. Təhsil
sisteminin
informasiyalaşdırılması sahəsi üzrə təhsil
müəssisələrinin informasiya kommunikasiya üzrə maddi-texniki
bazasının təkmilləşdirilməsi, kompüter
avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqla təminat işinin
yaxşılaşdırılması, təhsil müəssisələrində
İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin
təkmilləşdirilməsi, intrenet xidmətlərinin
işlənilməsi və İnternet
şəbəkəsinə çıxışının təmin
olunması, bütün fənlər
üzrə müasir elektron
elmi-metodiki vəsaitlər kompleksinin
işlənilməsi və yayılması, elektron
təhsil resursları bazasının yaradılması və
tədris prosesinə inteqrasiyası, ölkə daxilində distant təhsilin inkişaf
etdirilməsi üzrə tədbirlərin həyata
keçirilməsi, vahid təhsil
portalının yaradılması və mütəmadi dəstəklənməsinin
təmin olunması həyata keçirilir.
Eyni zamanda təhsildə dünya
informasiya resurslarından səmərəli
istifadənin təşkili və interaktiv
tədris imkanlarından daha geniş istifadə olunmasının dəstəklənməsi,
təhsil sahəsinin idarə olunmasında və tənzimlənməsində
vahid informasiya infrastrukturunun yaradılması, təhsilin idarə
olunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi və "elektron hökumət" prinsiplərinin tətbiqinin
genişləndirilməsi, təhsil sisteminin
pedaqoji və inzibati-idarəetmə heyətinin
İKT üzrə savadlılığının
artırılmasına yönəldilmiş kompleks
tədbirlərin həyata keçirilməsi, yeni
metod, texnologiyalar vasitəsilə
pedaqoji heyətin hazırlanma və
ixtisasartırma sisteminin təkmilləşdirilməsi
və yaradıcı, innovativ müəllimlərin
obyektiv qiymətləndirilməsi və səmərəli
motivasiyası sisteminin yaradılması
işləri reallaşdırılır.
A.Miriyev
Palitra.-2016.-17 sentyabr.-S.11.