“Hollandlar bizim tədbirlərimizdən xoş
təəssüratla ayrılırlar”
Leyla Babayeva: “...Fikirləşdim
ki, əgər diasporun problemlərini Prezident bilirsə, demək,
hamısı düzələcək”
Bir neçə diaspor üzvi ilə tanış olmağım mənə Dünya Azərbaycanlılarının IV Qurultayını daha da yaddaqalan etdi. Ən maraqlısı isə bu diaspor üzvlərinin özəl keyfiyyətləri və fəaliyyətidir. Bu baxımdan müsahibimiz Leyla Babayeva diqqətimi daha çox çəkdi. Onun Hollandiyada yaşamasına baxmayaraq, Azərbaycan dilində Borçalı ləhcəsində danışması mənə çox maraqlı göründü. Qəribədir ki, Leyla xanımın övladları (Coen, Nicolette və Julia) da Azərbaycan dilini Borçalı ləhcəsində anlayırlar. O, Azərbaycanın Avropalı Dostları Mərkəzinin (AADM) sədri olaraq təbliğatda yerli xalqla işləməyə daha çox üstünlük verir. Əsas məqsədi hollandlara Azərbaycanı sevdirməkdir. Qeyd edək ki, L.Babayeva Gürcüstanda anadan olub. Rusiyada ali təhsil alıb. Ailə həyatı ilə bağlı olaraq 1994-cü ildən Hollandiyada yaşayır.
-Hollandiyaya
getdiyiniz ilk illərdə
yad bir həyata uyğunlaşmaq və diaspor
işi görmək çətin
olmadı?
-İlk dəfə bura gələndə çox darıxırdım. Harada azərbaycanlı görürdümsə evə gətirirdim... Mənim diaspor işinə gəlməyimdə rəhmətlik Gülşən Lətiflə tanış olmağımın çox böyük rolu var. Bir də Hollandiyadakı keçmiş səfirimiz Fuad İsgəndərov mənə bu baxımdan çox dəstək olub. İlk olaraq onlarla birgə işlər görmüşük. Bizim ilk təşkilatımız 2002-ci ildə yaradılan Holland Azərbaycan Dostları Cəmiyyəti (Dutch Friends of Azerbaijan - DufoA) idi. Hollandiyanın Haaqa şəhərində Sülh sarayı var. İlk işlərimizdən biri olaraq biz orda kitabxanaya Xocalı ilə bağlı kitablar təqdim etdik. Oraya təcrübəyə gələnlərin hamısı o kitablara baxırdılar. Daha sonra DufoA-nın təşəbbüsü ilə Hollandiyanın Keukenhof parkında xrizantema (payızgülü) gülünün “Azəri”, daha iki gülün birinin Şuşa şəhərinin, digərinin isə Xocalının şərəfinə adlandırılması və yetişdirilməsi də bu sahədə görülən işlərdəndir. Nəzərə çatdırım ki, Şimali Hollandiyada (Nord Holland) 50 ildən artıqdır hər ilin aprel ayında Gül bayramı keçirilir. Amma heç bir xarici ölkə bu bayramda iştirak etmirdi. Biz ilk xarici ölkə olaraq bayrama qatıldıq. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycan haqqında sənədli film çəkmək üçün buradan jurnalistlər göndərdik. Həmin film Hollandiya, Belçika və Almaniya televiziyalarında yayımlandı.
Biz 12 ildən çox DufoA olaraq Hollandiyada bu kimi saysız layihələr keçirdik. 2014-cü ildə isə fəaliyyətimizi ümumən Avropada aparmağa qərar verdik. Ona görə elə həmin il DufoA-nın adını dəyişərək Azərbaycanın Avropalı Dostları Mərkəzi (European Center of Azerbaijan Friends) kimi faliyyətimizi davam etdirməyə başladıq. Eyni zamanda Mərkəzin “www.ecaf.nl ” adlı saytını yaratdıq.
-Azərbaycanın
Avropalı Dostları Mərkəzi (AADM) adı ilə fəaliyyətə
başlamaq hansı zərurətdən irəli
gəldi?
-Bir assosiasiya kimi qeydə alınan bu Mərkəzin yaranması ilə Avropada mərkəzləşdirilmiş və əlaqələndrilmiş əsasda Azərbaycan lobbiçiliyinin bünövrəsi qoyuldu. AADM Hollandiyada yaşayan və çalışan, Avropa ictimai-siyasi sisteminin quruluşu ilə yaxından tanış olan, ölkələrdaxili və ölkələrarası mədəni əlaqələr üzrə müxtəlif təşkilatlarla birgə fəaliyyətdə güclü təcrübəyə malik olan, Avropa dövlətlərinin insan haqları, demokratiya, immiqrasiya, inteqrasiya, kommunikasiya, emansipasiya və demoqrafik siyasəti haqqında dəfələrlə sosioloji və jurnalist tədqiqatlar aparan bir neçə fəal ziyalı azərbaycanlı tərəfindən yaradılıb. Belə bir Mərkəzin hazırkı vaxtda bir çox obyektiv və subyektiv səbəblərə görə labüd olması faktı onun istiqaməti və hədəf yönümü ilə arqumentləşdirilir.
-Mərkəzin əsas
məqsədləri nədir?
-Mərkəzin öz qarşısına qoyduğu əsas məqsədlərdən biri Avropada yaşayan azərbaycanlıların yaratdığı təşkilatlara sosial, mədəni, inteqrasiya və partisipasiya məsələləri ətrafında keçirdikləri tədbirlərdə mənəvi və maddi dəstək vermək, onlara bu tədbirlərin orientasiyasında, koordinasiyasında, ərsəyə gəlməsində yüksək professionallıqla yadımçı və məsləhətçi olmaq, ən başlıcası isə onların həyata keçirilməsi üçün fondları cəlb etməkdir.
İkinci əsas məqsəd isə Avropa cəmiyyətinin diqqətini qədim tarixə, yuksək mədəniyyətə, dərin mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycanla Avropa ölkələri arasında sosial-mədəni körpülər salmaqdır. Bunun üçün ən gözəl vasitə iki ölkə arasında keçirilən tədbirlərdir. Məlum olduğu kimi, Avropanın bir çox ölkələrində məskunlaşmış azərbaycanlıların müxtəlif ictimai təşkilatları, cəmiyyətləri və dərnəkləri fəaliyyət gostərir. Azərbaycan həqiqətlərinin Avropada üzə çıxmasında, olkə haqqında ictimai-siyasi fikrin formalaşmasında ayrı-ayrılıqda rolu həddindən artıq böyük olan bu təşkilatlar əksər hallarda öz maddi və mənəvi vəsaitləri hesabına tədbirlər təşkil edir və hər bir vasitə ilə ictimaiyyətin nəzərini cəlb etməyə çalışırlar. Lakin vəsaitin çatışmaması ucbatından onların layihələri lazım olan miqyasda həyata keçirilmir.
AADM-ın qəbul etdiyi qərara əsasən, Avropada Azərbaycan lobbiçiliyinə xidmət edən, Azərbaycan haqqında Avropada ictimai fikrin formalaşmasına müsbət təsir edə bilən hər bir təşkilat öz işini irəli sürməsi uçün şans əldə etməlidir. Bu şansı əldə etməkdə onlara yardımçı olmaq üçün AADM Azərbaycan ictimai təşkilatları və fondlar arasında mərkəzi koordinator rolunu oynamağı öz öhdəsinə götürür.
Məhz buna görə də AADM öz işini, müstəsna olaraq, hökumət dairələri, müxtəlif Avropa fond təşkilatları və insan haqları institutları ilə qurur. Mərkəz əməkdaşları Avropanın məşhur fond təşkilatları ilə mütəmadi olaraq peşəkar və metodik surətdə əlaqəyə girərək, onların diqqətini Avropada fəaliyyət göstərən Azərbaycan təşkilatlarına cəlb etməyə çalışır.
“Gizli kapital faktoru” adlı daha bir mühüm amil AADM-ın nəzər-diqqətindədir. Hər hansı bir səbəb üzündən Avropaya mühacirət etmış, yüksək elmi və mənəvi potensiala malik olan (ziyalı) azərbaycanlıların özu ilə gətirdiyi mənəvi kapıtalın cəmiyyətin inkişafı yolunda investisiya olunmasına yardım etmək, onların partisipasiyasını gücləndirərək, ictimai həyatda layiqli mövqe tutmasını təmin etmək ən ümdə vəzifələrdən biridir.
-Bəs AADM olaraq hansı layihələr həyata keçiribsiz?
-AADM bir təşkilat kimi, bir çox beynəlxalq miqyaslı layihələrin müəllifidir. “Change Makers” adlı ilk layihəmizi Hollandiyanın Daxili İşlər Nazirliyi və VON təşkilatı ilə həyata keçirdik. Bu layihəni on nəfər azərbaycanlı gəncdən ibarət bir qrupla icra etdik.
- Dünya Azərbaycanlılarının IV Qurultayında siz də iştirak edirdiz. Necə fikirləşirsiz, belə qurultayların keçirilməsi diasporumuzun problemlərinin həllinə nə kimi kömək olur?
-Hər bir xalq
kimi, bizim diasporun da bir
sıra problemləri
var. Fikrimcə, bunları
gizlətmək lazım
deyil. Yeri gələndə bu problemləri qabardıb həlli yollarını tapmaq lazımdır. Çünki
bunlar qaldıqca digər problemlərə də yol açır...
Mən əvvəllər elə bilirdim ki, bizim
diaspor olaraq qarşılaşdığımız problemlərdən Azərbaycan
dövlətinin xəbəri
yoxdur. Amma Qurultayda Prezident
çıxış edəndə
bütün problemlərimizə
toxundu. Mən fikirləşdim ki, əgər bunları Prezident bilirsə, demək, hamısı düzələcək.
Mən buna ümid edirəm.
-Yerli xalqın diasporumuza münasibətinin dəyişməsi
üçün nə
etmək olar?
-Gərək hollandlarla birgə işləyəsən.
Bizdə
bir çox diaspor təşkilatları
öz tədbirlərinə,
əsasən, azərbaycanlıları
çağırılar. Necə deyərlər, özümz
çalıb, özümüz
oynayırıq. Ona görə
də tədbirlər
istənilən effekti
vermir. Lakin biz bütün tədbirlərimizi
yerli xalqla edirik. Azərbaycanlıları da çağıranda
deyirəm ki, hərə özü ilə başqa bir millətin nümayəndəsini gətirsin.
Təəssüf ki, bir-iki nəfərdən başqa
kimsə bunu etmir. Hollandlar bizim tədbirlərimizdən
xoş təəssüratla
ayrılırlar. Hətta eləsi
var ki, deyir
ki, Azərbaycana gedəndə onu da özümüzlə aparaq. İstəyirəm ki, mən Azərbaycanı necə sevirəmsə, hollandlar da elə sevsinlər.
-Başqa xalqların diasporundan hansı təcrübəni
götürməyə ehtiyac
var?
-Mən türk diasporunun təcrübəsindən yeri gələndə yararlanmağı üstün tuturam. Onlar ən kiçik tədbirlərinə belə, 400 nəfərə yaxın insan toplaya bilirlər. Türk diasporunda birlik çox güclüdür. Amma, təəssüf ki, bizim birliyimiz zəifdir. Burada çoxlu diaspor təşkilatları var, amma bəziləri bir-biri ilə düşmən kimidir. Mən çalışıram ki, hamısı ilə münasibət qurum. İstərdim ki, milli diaspor təşkilatları arasında həmrəylik olsun.
-Hollandiyada diasporumuzun yetişən yeni nəslinin dil problemi varmı?
-Əlbəttə, əgər ailədə Azərbaycan
dilində danışılmasa, yeni nəsildə
dil problemi yaşanacaq. Çünki
uşaqlar vaxtın çoxunu
məktəbdə keçirir. Daha sonra idmana,
rəqsə və s. dərnəklərə
gedirlər. Evə də gələndə televizorda
holland dilində danışılır. Bu da onların dili yadırğamasına gətirib
çıxarır. Ümidvaram ki, yeni nəsil Avropa azərbaycanlıları üzərinə
düşən məsuliyyəti və vətəndaşlıq
borcunu layiqincə icra
edəcək. Onlar ilk
növbədə dilimizi, dinimizi
və mədəniyyətimizi təbliğ etməkdə böyük rol oynayacaqlar.
Fuad Hüseynzadə
Palitra.-2016.-20 sentyabr.-S.7.