“Azərbaycan gəncləri İKT-nin imkanlarından lazımi səviyyədə
yararlanırlar”
Elvin Hüseynov: “Virtual məkanda Rusiyada yaşayan Azərbaycan gəncləri kifayət
qədər həmrəydirlər”
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) gənclərimizə ictimai fəaliyyətdə təcrübə toplaması və kariyera qazanması baxımından da geniş imkanlar yaradır. Artıq RAGT-də özünü təsdiq etmiş bir çox gənclər yaşadıqları ərazilərdə dövlət orqanlarında da işlə təmin olunurlar. Müsahibimiz Elvin Hüseynov RAGT təmsilçisi olaraq Rusiyanın Həştərxan səhər administrasiyasında gənclər siyasəti üzrə baş inspektor vəzifəsini icra edir. Qeyd edək ki, E.Hüseynov 1988-ci ildə Ağstafa rayonunda anadan olub. 1999-cu ildə Həştərxana köçüb və Həştərxan Humanitar Akademiyasını bitirib. 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) yerli nümayəndəliyinin sədri kimi fəaliyyət göstərir. Həştərxan vilayəti Dumasının yanında gənclər parlamentinin deputatıdır. 2012-ci ildə Rusiya Kazaklar Cəmiyyətinin, 2009-cu ildə isə Qafqaz Xalqları Assosiasiyasının medallarına layiq görülüb. 2014-cü ildə Həştərxan vilayətində yaşayan xalqlar arasında sülh və birliyin yaradılmasında xidmətlərinə görə fəxri diplomla təltif olunub.
-Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı (RAGT) Rusiyadakı gənclərimizi
nə dərəcədə bir araya gətirə bilib?
-RAGT-in məqsədlərindən biri gəncləri bir araya gətirməkdir. Ümumiyyətlə, təşkilat elə bu məqsəd üçün yaradılıb. Məsələn, bizim təşkilat bir sıra azərbaycanlıları bir araya gətirib. Gənclər birgə milli bayramlar, tədbirlər və s. keçirirlər. Hətta ailə qururlar. Rusiyadakı gənclərimizin bir araya gəlməsində RAGT-in əvəzolunmaz rolu var.
-Həştərxanda
azərbaycanlı gənclərin ictimai fəallığı
hansı səviyyədədir?
-Həştərxanda RAGT Azərbaycan gənclər komitəsi əsasında 2009-cu ildə yaradılıb. İlk günlərdən buradakı RAGT böyük layihələrə imza atıb. Milli geyimlər festivalı “Etnopodium”, beynəlxalq gənclər festivali “Premiya Kaspiya”, xalqlararası minifutbol üzrə “Dostluq kuboku”, “Miss Etno” müsaqibəsi və s. qeyd etmək olar. Həştərxanda RAGT bütün digər gənc etnik azlıqların təşkilatları ilə əməkdaşlıq qurub. Onların tədbirlərində Azərbaycan gəncləri də iştirak edirlər. Yuxarıda göstərdiyim kimi, azərbaycanlı gənclərin buradakı fəaliyyəti çox aktivdir. İctimai fəaliyyətə görə Həştərxanda RAGT hər il vilayət və şəhər rəhbərliyi tərəfindən fəxri diplomlar və digər mükafatlarla təltif olunur.
-Yerli
gənclərlə həmrəy layihələr keçirə
bilirsizmi?
- Qeyd etdiyim kimi, azərbaycanlı gənclər vilayətdə çox aktivdirlər. Biz digər ictimai təşkilatlarla sıx əməkdaşlıq edirik və birgə layihələrimizi keçiririk. Məsələn, Milli mətbəx günü, müxtəlif sərgilər və tədbirlər. Vilayətin və şəhərin rəhbərliyi təşkilatı daim fərqləndirir. Həmçinin yerli ali məktəblərdə Azərbaycandan oxuyan tələbələrə Rusiya ictimaiyyətinə inteqrasiya olmağa RAGT böyük köməklik göstərir.
-Sizcə, gənclər
təbliğatda İKT-dən lazımi səviyyədə yararlana bilirmir?
-RAGT-in Həştərxan nümayəndəliyinin sosial şəbəkələrdə öz səhifələri var. Bütün tədbirlər də orada işıqlandırılır. Həmçinin Azərbaycan tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, musiqisi haqqında orada məlumat yerləşdirilir. Hesab edirəm ki, Azərbaycan gəncləri İKT-nin imkanlarından lazımi səviyyədə yararlanır.
-Yaşlı diaspor üzvləri ilə əlaqələriniz
hansı formadadır?
-Bizim gənclər yerli Azərbaycan icmasının ağsaqqallarının müdrik nəsihətlərinə diqqət yetirir. Onların həyat təcrübəsi, təşkilati bacarıqlarına və s. gənclər təşkilatında qiymət verilir. Bundan əlavə, bizim ağsaqqallarımız daim gənclərin tədbirlərində iştirak edirlər.
-Rusiyada
yaşayan azərbaycanlı gənclər
təhsilə nə dərəcədə önəm verirlər?
- Bizim sinifdə məndən başqa bir azərbaycanlı oğlan və qız da təhsil alırdı. Onlar dili mənimsəməkdə çətinlik çəkdikləri üçün müəyyən müddətdən sonra məktəblə vidalaşmalı oldular. Amma azərbaycanlılar içərisində bunu nadir hadisə hesab etmək olardı. İndi elə dövrdür ki, gənclərimiz, ilk növbədə biliyə can atırlar. Artıq təhsil gənclərin həyatında əsas meyara çevrilib. Onlar dərk edirlər ki, şəxsinə, ölkəsinə yalnız təhsil alaraq töhfə verə bilərlər. Əvvəllər düşünürdülər ki, azərbaycanlılar yalnız bazarda işləyə bilərlər, amma indi elə deyil. Bizim gənclərimiz daha çox polis sistemində çalışırlar. Mən özüm gənclər deputatı seçilmişəm. Gənclərimizin bu uğurları bizi sevindirir. Aprelin 15-də 5 ölkənin iştirakı ilə beynəlxalq gənclər festivalı keçirdik. Bu festivalda Azərbaycan Dövlət Flarmoniyasının solisti Lətifə Soyuöz Azərbaycanı təmsil etdi. Yəni bu onu göstərir ki, Azərbaycan gəncliyi ölkə hüdudlarından kənarda belə, ölkəmizin adına layiq şəkildə beynəlxalq tədbirlər təşkil edirlər. Onu da qeyd etmək istəyirəm ki, bizim “Xalqlar dostluğu” adlı layihəmiz var. Bu layihədə də bir çox ölkələrin təmsilçiləri iştirak edirlər. Biz hər il RAGT sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təşkil edirik. Bu kampaniya çərçivəsində tədbirlər təşkil edirik, KİV-ləri ora dəvət edirik, elektron poçtlara məlumatlar göndəririk.
-Xüsusən, sosial şəbəkələrdə
lazımi qədər virtual həmrəylik
varmı?
-Hesab edirəm ki, virtual məkanda Rusiyada yaşayan Azərbaycan gəncləri kifayət qədər həmrəydirlər. Virtual məkan daha sıx əməkdaşlıq yaratmaq, yeni dost və həmfikir qazanmaq imkanı yaradır.
-Sizcə, virtual təbliğatda əsas nəyə üstünlük verilməlidir?
-Məncə, virtual məkanda üstünlük Azərbaycan həqiqətlərini Rusiya ictimaiyyətinə düzgün formada çatdırmağa verilməlidir. Əsas diqqət mərkəzində bizim zəngin mədəniyyətimizi və tariximizi Rusiya cəmiyyətinə lazımi formada təqdim etməkdir. Bu istiqamətdə uğurlu layihələrdən biri “Xocalıya ədalət” kampaniyasıdır. Bu kampaniya çərçivəsində Rusiyanın KİV-ləri ilə sıx əməkdaşlıq edirik.
-Perspektiv planlarınızı da bilmək istərdik.
- Mən indi Həştərxan vilayətinin gənclər parlamentində təmsil olunuram. Əlbəttə, gələcəkdə dövlət dumasında da təmsil olunmağımı istəyərdim. Amma mənə indi RAGT-də olmaq daha yaxşıdır. Burada millətimə, dövlətimə xidmət etməkdən xoşum gəlir.
Sonda onu da əlavə
etmək istəyirəm ki, çox sevincliyəm. Çünki
Azərbaycan hakimiyyəti bizim gördüyümüz işləri təqdir
edir. İştirak etdiyim Dünya Azərbaycanlılarının
IV Qurultayında ölkə Prezidentinin
çıxışı məndə fərəh hissi oyatdı. Prezident İlham Əliyevin hərbçilərimizdən,
şəhidlərimizdən danışarkən əlini
yuxarı qaldırıb alovlu
çıxış etməsini görmək çox
xoş idi. Bu mənzərə qurultay
iştirakçılarına enerji verdi. Ümumiyyətlə, biz
xaricdə məskunlaşan azərbaycanlılar fəxr edirik ki, Azərbaycan belə
inkişaf edir,
çiçəklənir, dünyanın lider
dövlətinə çevrilir. Hər il ölkəyə ayaq basanda fərqli mənzərənin şahidi olursan. Və bu mənzərə səni daha
da heyrətləndirir, valeh
edir. Bir də Həştərxanda
yaşayan həmyerlilərimiz sevinir ki, orada
ümummilli lider Heydər
Əliyevin adını daşıyan park
və məktəb var. Həmçinin Rusiya və Azərbaycanın adına dostluq körpüsü, doğma Bakımızın adını
daşıyan küçə də var. Bundan başqa, həmin parka Heydər Əliyevin büstü
də var. Həmvətənlərimizlə
yanaşı, yerli əhali də həmin
büstü ziyarət edir,
gül dəstələri qoyur.
Onlar Heydər Əliyev şəxsiyyətinə
sonsuz dəyər verirlər.
Fuad Hüseynzadə
Palitra.-2016.-21 sentyabr.-S.11.