İsa Həbibbəyli:
“İnkişafın hər yeni mərhələsi
növbəti islahatlara tələbat doğurur”
AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda 26 sentyabr tarixdə keçiriləcək
ümumxalq səsverməsi – referenduma hazırlıq iclası
keçirildi. AMEA-nın YAP təşkilatı
və Gənc Alim və Mütəxəssislər
Şurasının təşkilatçılığı ilə
keçirilən iclas AR Konstitusiyasına
təklif olunan əlavə və dəyişikliklərlə
bağlı baş tutacaq
referendum haqqında elmi
müstəvidə fikir mübadiləsi aparmaq məqsədi daşıyırdı.
Bu prosesdə Akademiya
gəncliyinin yüksək səviyyədə
iştirakının təmin olunması üçün
qarşıda duran vəzifələrin
müzakirəsi də tədbirin hədəflərindən idi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanda müstəqil dövlətçiliyin sürətlə və hərtərəfli inkişaf etməsi, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda dünya birliyində gedən müasir proseslər dövlət idarəetməsində və cəmiyyət həyatında daim yeni islahatları meydana çıxarır. Ölkəmiz müstəqillik dövründə cəmiyyətin inkişafından doğan, zamanın sifarişi kimi meydana çıxan çağırışların işığında məqsədyönlü şəkildə keçirilən ardıcıl və genişmiqyaslı islahatların sayəsində irəli gedərək bugünkü yüksək inkişaf mərhələsinə gəlib çatıb: “İnkişafın hər yeni mərhələsi növbəti islahatlara tələbatları doğurmuş və həmin islahatların həyata keçirilməsi də, öz növbəsində, böyük inkişafa təkan verib”. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktından söz açan alim bu layihənin geniş miqyasda ictimaiyyətin müzakirəsinə təqdim edilməsini cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurəti kimi qiymətləndirdi. Qeyd etdi ki, ölkə rəhbərinin irəli sürdüyü dəyişikliklər Azərbaycanda müstəqil dövlətçiliyin 25 ili ərzində əldə olunmuş nailiyyətlərin inkişaf etdirilərək daha da möhkəmləndirilməsinə, bütün sahələr üzrə mühüm uğurlar və yeniliklərin əldə edilməsinə meydan açır. Konstitusiyaya dəyişikliklərin dünyanın inkişaf etmiş, öncül, sabit ictimai mühiti olan ölkələrdə aparıldığını vurğulayan alim Azərbaycanda da həyatın bütün sahələrində - həm dövlət və özəl sektorlarda, həm də ictimai-sosial sahələrdə sürətli inkişafın müşahidə olunduğunu bildirdi.
AMEA-nın vitse-prezidenti son illərdə AMEA-da elmin təbliği, gənc kadrların Akademiyaya cəlb edilməsi, elm və təhsilin inteqrasiyası, o cümlədən beynəlxalq əlaqələrin inkişafı istiqamətində kompleks tədbirlərin görüldüyünü də diqqətə çatdırdı. Çıxışının sonunda İsa Həbibbəyli qarşıdakı referendumda 29 maddə üzrə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edərək, hər kəsi bu səsvermədə iştirak etməyə, öz vətəndaşlıq mövqeyini nümayiş etdirməyə dəvət etdi.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov qeyd etdi ki, Dəyişiklik aktında yaş senzinin aradan qaldırılması Azərbaycan dövlətinin öz gəncliyinə inamını ifadə edir: “Müstəqilliyimizin 25 illiyində məhz demokratik, hüquqi dövlət quruculuğumuzun möhkəmləndirilməsinə hesablanmış referendum seçkiləri mütərəqqi hadisədir. İstənilən bir cəmiyyətdə xalqın firavan yaşaması üçün daima verilən təkliflər tələblərdən irəli gəlməlidir”. Azərbaycan dövlətinin hər bir sahədə apardığı siyasətin ilk növbədə vətəndaşın xeyrinə hesablandığını qeyd edən alim bildirdi ki, konstitusiyada təklif olunan dəyişikliklər ölkədə aparılan siyasi və iqtisadi islahatların davamlılığını təmin edəcək. Dəyişikliklər vahid idarəetmə modelinin yaradılmasına əhəmiyyətli təsir göstərməklə yanaşı, daxili hərbi təhdidlərin yaranmasına son qoyacaq. Yeni institutların yaradılması islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edəcək: “Bir gənc olaraq, xüsusi ilə qeyd etmək istərdim ki, bu dəyişikliklər icra orqanlarında gənclərin təmsil olunmasına, gənclərin bilik və potensialının ölkənin inkişafı naminə daha səmərəli yönləndirilməsinə şərait yaradacaq”.
İclasda, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Cahid İsmayıloğlu, Dilçilik İnstitutunun elmi işçisi Rasim Heydərov, Ədəbiyyat İnstitutunun YAP təşkilatının sədri Xədicə İskəndərli və digərləri mövzu ətrafında çıxış edərək, rəy və təkliflərini səsləndirdilər.
Nigar Abdullayeva
Palitra.-2016.-21 sentyabr.-S.6.