“Kənd təsərrüfatının
inkişafı yeni iş
yerləri yaradacaq”
Rauf Sultanov: “Regionlarda aqroparkların yaradılması,
pampıqçılığın,
fındıqçılığın inkişafı daxili tələbatı ödəmək və
xarici bazara
çıxmağa imkan deməkdir”
Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir və bunun nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatının təxminən 70 faizini bu sektor təşkil edir. Bunun çox böyük nailiyyət olduğunu deyən ölkə başçısı qeyd edib ki, biz artıq neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır.
Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Qeyd edək ki, Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışı zamanı bildirib ki, son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə həyata keçirilən işləri bu aqroparkın timsalında əyani şəkildə görürük: “Çünki burada iş yerlərinin yaradılması təmin edilib. Bir aqroparkda bizim iqtisadi inkişafla, xüsusilə sahibkarlıqla, kənd təsərrüfatının inkişafı ilə bağlı olan bütün istiqamətlər cəmləşib”. Eləcə də bugünlərdə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahənin inkişafının vacib olduğunu deyən ölkə başçısı bildirib ki, pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək: “Biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Mütəxəssislərimiz də son vaxtlar qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən, o cümlədən son tədbirlərin də mühüm əhəmiyyət kəsb etdiyini deyirlər. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:
- “Yalama” Südlük-Maldarlıq üzrə
Damazlıq Dövlət Kənd Təsərrüfatı
İstehsalı Müəssisəsinin bazasında
yaradılmış Yalama
Aqroparkının fəaliyyətə başlamasının
heyvandarlığın inkişafında rolu
barədə nə deyərdiniz?
- Prezident İlham Əliyev bu yaxınlarda Yalama qəsəbəsində olarkən böyük bir kompleksin açılışında iştirak etdi və çıxışında bildirdi ki, heyvandarlıq regionların inkişafında ən mühüm məsələlərdən biridir. Bununla əlaqədar olaraq regionlarda belə aqrokomplekslərin açılması böyük əhəmiyyət kəsb edir. Nəticədə xaricdən süd məhsullarının gətirilməsinin qarşısı alınır və Azərbaycanın özünün süd məhsulları ixrac etməsi üçün potensial imkan yaranmalıdır. Bu istiqamətdə də mühüm işlər görülür. 1991-ci ildə ölkəmiz blokada vəziyyətinə düşdü. Həmin vaxt özəlləşdirmə prosesi başladı, kolxoz və sovxozlar dağıldı, bazası məhv oldu, mal-qara isə özəlləşdirildi. Sovet dövründə elə bir kənd yox idi ki, orada heyvandarlıq ferması olmasın. Tərəvəzçilik, bağçılıq, fındıqçılıq, üzümçülük, pambıqçılıq, çayçılıq inkişaf etmişdi. Azərbaycan belə bir inkişaf yolu keçib. Beləliklə, o dövrdə baş verən proseslər Azərbaycanın kənd təsərrüfatını 30 il geri saldı. Bütün bunlar ölkə iqtisadiyyatına təsir göstərən amillərdən biridir. İndi Azərbaycan öz neftini satmaqla, əldə olunun gəlirləri qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatına sərf edir. Bu, ən önəmli məsələlərdən biridir. Ölkə başçısı orada çıxışında da bildirdi ki, Yalamada təşkil edilmiş bu kompleks ölkədə ən böyük komplekslərdən biridir. Yaxın vaxtlarda yerlərdə 10 belə kompleks yaratmaq lazımdır ki, əhalinin süd məhsullarına olan tələbatı tam ödənilsin və xarici bazara çıxmaq imkanı əldə edək. Onu da vurğulamaq lazımdır ki, 1991-ci ildə əhalinin sayı 5,5 milyon nəfər idisə, indi 10 milyona yaxınlaşıb və işçi qüvvəsinin miqdarı, eləcə də kənd təsərrüfatı məhsullarına olan tələbatı iki dəfə artıb. Yəni bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi çox vacibdir. Ona görə də bütün regionlarda bu istiqamətdə iş aparılmalıdır. Düzdür, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün işçi qüvvəsi çoxdur. Məsələn, Amerikada əhalinin 5-10 faizi kənd təsərrüfatı işi ilə məşğul olur və həm ölkəsini, həm də bütün dünyanı məhsullarla təmin edir. Bu inkişaf müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməlidir. Ona görə də Yalamada müasir texnologiyalara uyğun aqroparkların yaradılması kənd təsərrüfatının inkişafına böyük təkan verə bilər. Bu, ölkənin inkişafına böyük təsir göstərən amillərdən biridir.
Baxmayaraq ki, orada südçülük kompleksinin açılışı ilə bağlı tədbir keçirildi, ölkə başçısı ölkədə həmin zonada fındıqçılıq sahəsinin inkişaf etdirilməsini də qabartdı. Eyni zamanda kənd təsərrüfatının inkişaf etdirilməsinə sərmayə qoyulması, eləcə də inkişafı stimullaşdırmaq üçün dövlət tərəfindən subsidiyaların verilməsi, düzgün aqrar texnoloji layihələrin həyata keçirilməsi, əhalinin işlə təmin edilməsi mühüm məsələlərdən biridir. Bunu yalnız alqışlamaq lazımdır. Bu, nəinki Yalamada, istərdik ki, belə layihələrin sayı daha çox olsun və həm əhali işlə təmin olunsun, həm də ekoloji cəhətdən keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunması həyata keçirilsin. Bu gün xaricdən bir sıra məhsullar alırıq. Biz onun mənşəyini bilmirik, geni dəyişdirilmiş məhsullar alırıq ki, bu da insanların sağlamlığı üçün mənfi şərait yaradır. Bu baxımdan kənd təsərrüfatının inkişaf etdirilməsi, eyni zamanda əhalinin sağlamlığı deməkdir. Yalamada müzakirə olunan məsələlər çox önəmlidir. Onu da qeyd edim ki, belə aqroparklarda texnikanın geniş istifadə edilməsi önəmlidir, yəni az işçi qüvvəsi ilə çox məhsul istehsal etmək, rentabellik səviyyəsini yüksəltmək önəmlidir. Həmin regionda yem bazası ilə əlaqədar taxılçılıq inkişaf etdirilməlidir, çuğundur, ot, yonca istehsalı üçün əkin sahələrinin əkilməsi işçi qüvvəsidir, boş qalmış sahələrin istifadə edilməsidir. Eləcə də bu sahədə tədbirlər ölkədə bazar iqtisadiyyatına təsir edir, əhalinin ucuz məhsullara olan tələbatının ödənməsinə gətirib çıxaracaq. Ümumiyyətlə, regionlarda aqroparkların yaradılması, pampıqçılığın, fındıqçılığın inkişafı daxili tələbatı ödəmək və xarici bazara çıxmağa imkan deməkdir.
- Bugünlərdə
Sabirabadda
pambıqçılığın inkişafı məsələlərinə
dair respublika
müşavirəsi keçirilib. Bu sahənin inkişafını necə qiymətləndirirsiniz?
- Son vaxtlar ölkədə
pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Ötən il 50 min
ton idisə, bu il 100 min ton pambıq istehsal ediləcək. Ölkəmiz üçün
pambıqçılığın inkişafının bir sıra əhəmiyyəti
var. Belə ki, bu sahədə
çalışan əhalinin
sayı artacaq, birə on nisbətində
işə cəlb olunacaq, bu da
insanların öz güzəranını daha
da yaxşılaşdırmağa
imkan verəcək.
Ümumiyyətlə, pambıqçılıq bir sıra ölkələrin
kənd təsərrüfatında
mühüm yer tutur. Məsələn, Özbəkistan bu sahədə daha da inkişaf
edib, 5 milyon ton pambıq istehsal edir və ölkə
iqtisadiyyatında mühüm
rol oynayır. Meliorasiya təsərrüfatı,
suvarmanın düzgün
aparılması, sudan səmərəli
istifadə edilməsi
pambıqçılığın inkişafına gətirib
çıxarır. Eləcə də
pambıqçılıq yalnız
pambıq məhsulunun
istehsalı ilə məhdudlaşmır. Pambıq yığıldıqdan
sonra onun kollarından sənayedə
müəyyən məqsədlər
üçün istifadə
etmək mümkündür.
Bu gün Azərbaycanda
pambıqçılığın inkişaf etdirilməsi üçün olduqca geniş imkanlar var. Sovet dövründə 500
min tona qədər pambıq istehsal edirdik və bunu bərpa edə bilsək regionların inkişafına
çox yaxşı nəticələr verər.
Həmin dövrdə
bu sahənin inkişafı ilə əlaqədar olaraq insanlar ev
tikir, avtomobil alır və güzəranını daha
da yaxşılaşdırırdılar.
İnanıram ki, pambıqçılığın
aran bölgələrində
inkişaf etdirilməsi,
meliorasiyanın düzgün
aparılması bu sahənin daha da inkişafına təkan verəcək.
Nigar Abdullayeva
Palitra.-2016.-21 sentyabr.-S.2.