Həkimlərin maaşında artım olacaq

 

Zaur Əliyev: “Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”

“Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.

Bunu APA-ya Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub: “Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”. Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq: “Əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq”. Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişiləcək: “Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişlər adambaşına olacaq. Bu isə həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstəsi çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”.

 

“Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək”

 

Zaur Əliyev qeyd edib ki, icbari tibbi sığorta paketinə daxil olan xəstəliklərin siyahısı ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Baza zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Onun sözlərinə görə, bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr tibbi sığorta təminatına daxil ediləcək: “Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq”. Z. Əliyev qeyd edib ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları, müəyyən bahalı əməliyyatlar da daxil edilib: “Araşdırmalarımızdan məlum oldu ki, ölkə vətəndaşlarının ən çox əziyyət çəkdiyi və daha çox vəsait tələb edən ürək-damar xəstəlikləridir. Ona görə də, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil edilib. Məlum olduğu kimi, bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyi nəzərdən keçiririk”.

 

Palitra.-2016.-21 sentyabr.-S.15.