Hər bir vətəndaşın
İKT-nin imkanlarından faydalanması üçün əlverişli şərait
yaradılacaq
İnformasiya cəmiyyətinin
inkişafına dair Milli
Strategiyanın həyata keçirilməsi üzrə
2016-2020-ci illər üçün
Dövlət Proqramı hazırlanıb. Dövlət
Proqramında Milli Strategiya
ilə müəyyən edilmiş 8
istiqamətdən 7-si üzrə konkret tədbirlər
nəzərdə tutulub
Dövlət başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda proqramla bağlı əsas məqamlara toxunacağıq.
Milli Strategiyanın “elektron hökumət”in inkişafı” istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcək
Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə edilmişdir. Aparıcı beynəlxalq qurumların hesablamalarına əsasən, respublikamızın iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerədək yüksəlib. Prezidentin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən edib. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Prezidentin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003- 2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Mobil sektor sürətlə inkişaf edib, 3G və 4G xidmətləri tətbiq olunub. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılıb və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulub. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilib, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilib və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilib. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb. Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezidentin 2014-cü il 2 aprel tarixli 359 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulub. Milli Strategiyanın “elektron hökumət”in inkişafı” istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcək. Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınıb, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülüb. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.
Gənclərin yeni təşəbbüsləri və “start-up” layihələri dəstəklənəcək
Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf
etdirilməsi üzrə qarşıya qoyulan
əsas məqsəd və vəzifələrin, fəaliyyət
istiqamətlərinin həyata keçirilməsinin təmin
edilməsidir. Dövlət Proqramının məqsədinə
nail olunması bir
sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə
tutulur. Belə ki, İKT infrastrukturunun cari və gələcək tələbatı
nəzərə alınmaqla inkişaf
etdirilməsi, onun əsasında keyfiyyətli
xidmətlər göstərilməsi və onlara
çıxış imkanlarının təmin olunması,
ölkənin tranzit informasiya
dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq
internet magistrallarına
alternativ və yüksəksürətli
birləşmələrin təmin edilməsi, rəqabətqabiliyyətli
və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu
və yüksək texnoloji məhsulların
istehsalı və onların dünya
bazarına çıxışına şərait
yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və
yeni texnologiyaların idxalı və texnoloji transferin təmin
olunması, yüksək texnologiyalar sahəsində
elmi-texniki potensialın gücləndirilməsi,
nüvə, nano və kosmik
texnologiyaların, biotexnologiyaların inkişafı üzrə
elmi tədqiqatların genişləndirilməsi,
informasiya cəmiyyətinin tələblərinə
uyğun yeni bilik və texnologiyaların yaradılması və
yayılması nəzərdə tutulur. Eyni zamanda informasiya cəmiyyəti
şəraitində normativ hüquqi tənzimləmə sisteminin
təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun
səmərəli təmin edilməsi və qorunması,
yüksək texnologiyalar sahəsinin tələblərinə
cavab verən elmi və
ixtisaslı kadrların hazırlanması, alim
və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və “start-up” layihələrinin dəstəklənməsi,
ölkədə işçi qüvvəsinin
keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı
kadr potensialının
formalaşdırılması məqsədi ilə peşə
təhsili sistemində multimedia
texnologiyalarının, distant təhsil və
digər müasir tədris
formalarının tətbiqinin genişləndirilməsi, cəmiyyətin
bütün təbəqələrinin
İKT-dən istifadə imkanlarının genişləndirilməsi,
bilik və bacarıqlarının yüksəldilməsi
və yeni texnologiyalara
inamın artırılması həyata
keçiriləcək. İnformasiya təhlükəsizliyinin
təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin
yüksəldilməsi, milli kontentin zənginləşdirilməsi, müasir texnologiyaların tətbiqi ilə
ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və əhalinin ondan istifadəsinin
genişləndirilməsi, informasiya cəmiyyəti
quruculuğunda dövlət-sahibkar-vətəndaş
tərəfdaşlığının gücləndirilməsi,
həmçinin beynəlxalq əməkdaşlığın
ikitərəfli və çoxtərəfli müstəvidə
genişləndirilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.
A.Miriyev
Palitra.-2016.-22 sentyabr.-S.11.