“Pambıqçılıq yüngül
sənayeni də inkişaf etdirəcək”
Rauf Sultanov:
“Şirvanda,
Mingəçevirdə yüngül sənaye
inkişaf etdiriləcək, əhalinin
sıx yaşadığı iri şəhərlərdə
sənaye obyektlərinin tikilməsi üçün
şərait yaradılacaq”
Bu gün ölkədə həyata keçirilən tədbirlərin hər biri iqtisadiyyatın inkişafına yönəldilib. Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən davamlı tədbirlər, sahibkarlar üçün imkanların daha da artırılması, yeni aqroparkların, eləcə də yeni zavodların açılması məhz iqtisadiyyatımızın inkişafı istiqamətində atılan addımlardır. Mütəxəssislərimiz də bu gün ölkədə həyata keçirilən tədbirləri ölkəmizin inkişafı üçün vacib və uğurlu hesab edirlər. Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:
- Ölkədə
yüngül sənayenin inkişafı üçün hansı imkanlar
var?
- Bu gün Sabirabad, Saatlı, Bərdə, Ağdamda pambıqçılığı inkişaf etdirmək üçün böyük imkanlar var. Məsələ burasındadır ki, həmin əraziləri yalnız pambıqçılıq sahəsində istifadə etmək olar. Bu gün həmin sahələr istifadə edilmir və boş qalıb. Burada yenə də aqrokomplekslərin yaradılması vacib məsələdir. Eləcə də pambıqçılıqla bağlı qəbul məntəqələrinin yaradılması önəmlidir. Burada yalnız istehsaldan söhbət getmir. Şirvan rayonunda yüngül sənayenin, toxuculuğun inkişaf etdirilməsi nəzərdə tutulur. Nəticədə Şirvanda, Mingəçevirdə yüngül sənaye inkişaf etdiriləcək, əhalinin sıx yaşadığı iri şəhərlərdə sənaye obyektlərinin tikilməsi üçün şərait yaradılacaq. Niyə görə biz yüngül sənayeni inkişaf etdirməyək? Bu gün bizim yüngül sənayemiz Türkiyədən, Avropadan və digər ölkələrdən asılıdır. Nə üçün əhalinin geyimə olan tələbatını təmin etməyə öz imkanımız olduğu halda, başqa ölkələrdən asılı olmalıyıq. Biz pambığı xammal kimi xaricə satmaqla kifayətlənməməliyik, istehsal etməklə onu məhsul şəklində satmaq lazımdır. Eləcə də xammalı emal etdikdə, sənaye müəssisələri yaradılanda işçi qüvvəsi lazımdır. Bunların hamısı əhalinin güzəranının yaxşılaşdırılmasına, gəlirlərinin artmasına təsir göstərən əsas amillərdir. Biz bu sahənin inkişafına nail olmalıyıq, dağıdılmış təsərrüfatlar bərpa olunmalıdır. Yəni bu kiçik fermer təsərrüfatları şəklində yox, iri komplekslər şəklində olmalıdır. Ona görə də ölkə başçısı iri aqrar təsərrüfatların yaradılmasını qarşıya məqsəd qoyub.
-Bu
günlərdə Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən
qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi oldu. Layihənin icrası Bakı şəhərində
ekoloji durumun
yaxşılaşdırılmasına və ümumilikdə
ölkənin sosial-iqtisadi
inkişafına necə təsir göstərəcək?
- Bu gün ölkədə neft, qaz istehsalı ilə yanaşı, onu xam şəklində xarici ölkələrə satırıq. Məsələn, nefti Türkiyəyə satırıq, ancaq orada böyük neft emalı zavodu tikilir. Yaxşı olardı ki, belə bir neft emalı zavodu Azərbaycanın özündə tikilsin. Yəni, xam neftin satışı yox, ondan istehsal olunan məhsulları ixrac edək. Ona görə də bitum zavodunun tikilməsi Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Neftayırma zavodlarının tikilməsi çox önəmlidir. Bu sahəni daha da inkişaf etdirmək üçün böyük perspektivlər var və bu imkanlardan istifadə etmək lazımdır. Ulu öndər Heydər Əliyevin vaxtında Bakı şəhərində neftayırma zavodlarının şəhərin mərkəzindən kənara köçürülməsi layihəsi var idi. Bu gün həmin layihə həyata keçirilir. Bu o deməkdir ki, ölkənin ekoloji mühiti yaxşılaşır, həmin ərazilərdə parklar salınacaq, əhalinin istirahəti üçün şərait yaradılacaq. Əhali şəhərdə ekoloji cəhətdən münbit şəraitdə yaşamalıdır. Bakı dünyada yaşıllıqlara qərq olunaraq, ən yaxşı ekoloji şəraiti olan şəhərə çevrilməlidir. Ölkə başçısı bitum istehsalı qurğusunun təməlqoyma mərasimində çıxışında da bildirdi ki, layihənin icrası Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək: “Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün də bunun çox böyük əhəmiyyəti var. Bu ərazidə külək əsəndə bəzi hallarda hiss olunan iylər aradan qalxacaq, dəniz kənarında yerləşən neftayırma zavodu köçürüləcək, onun yerində gözəl ictimai yerlər salınacaq. Necə ki, indi yeni bulvar və “Ağ şəhər” bulvarı yaradılıb. İndi “Ağ şəhər” bulvarı gəlib neft emalı zavoduna çatıb. Bu yenidənqurmadan sonra o zavod oradan köçürüləcək və beləliklə, Bakı sakinləri üçün əlavə bir neçə kilometr gözəl ictimai istirahət zonası da yaradılacaq. Yəni bu işlər bir-biri ilə bağlıdır - ekoloji təmizlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, şəhərimizin gözəlləşdirilməsi. Bu işlərin bir məqsədi var - Azərbaycanın inkişafı və daha da güclü ölkəyə çevrilməsi”.
Onu da qeyd edim ki,
bitum yol-nəqliyyatın inkişafına da mühüm təsir
göstərir. Asfalt istehsalı ölkəmiz
üçün əsas sahələrdən
biridir. Bu gün ölkəmizdə yol-nəqliyyat strukturu nə qədər inkişaf
etsə də bölgələrdə hələ də bəzi
problemlər qalır. Yol-nəqliyyat strukturunun
inkişafı, əhalinin işlə təmin olunmasına imkan verir. Sovet
dövründə belə bir layihə var idi ki,
istehsal vasitələrini istehsal
edən vasitələrin istehsalını artırmaq. O zaman bu layihə
reallaşmadı. Ölkəmizdə bu
layihəni həyata keçirmək olar.
Belə ki, toxuculuq
maşınları, traktor, kombayn, kibrit istehsal edən maşınlar istehsal
etmək lazımdır. Bu texnikanı
xaricdən almaq yox,
ölkəmizdə istehsal etsək daha yaxşı olar. Bu gün Azərbaycan neft istehsal edir,
enerji ilə özünü təmin edir. Avropanı enerji ilə
təmin edir. Bu illər ərzində
ölkəmiz yüksək
sürətlə inkişaf
edir. Eyni zamanda bu inkişaf gələcək
Azərbaycanın investisiya,
sənaye sahəsində
inkişafını təmin
etməlidir.
Nigar Abdullayeva
Palitra.-2016.-22 sentyabr.-S.6.