“Konstitusiyaya əlavə
və dəyişikliklər müasir
zamanın tələbinə hesablanıb”
Konstitusiyada əlavə və dəyişikliklərin olması ilə bağlı sentyabrın 26-da keçiriləcək referendum ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Elə Strateji Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Ramiz Alıyev də bizimlə söhbətində bu haqda fikirlərini bölüşdü. O qeyd etdi ki, Konstitusiyada müəyyən dəyişikliklərin olması xalqın iradəsi və seçimi ilə müəyyən olunur: “Azərbaycanda da bir neçə dəfə Konstitusiyada müəyyən dəyişikliyin olması ilə bağlı xalqın iştirakı ilə ölkə ərazisində referendum keçirilib, seçki hüququ olan vətəndaşların iştirakı ilə dəyişikliklər qəbul olunub və sonra bu maddələr Konstitusiyamızda öz əksini tapıb.
Prezident İlham Əliyevin təklif etdiyi referendum aktı ilə tanış olan və həmin müddəaları incələyən hər kəs bu təşəbbüsü alqışlamalıdır. Ona görə ki, dəyişiklik olacaq həmin müddəalar birbaşa Azərbaycanın müstəqilliyinin qorunmasına, Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə xidmət edir. Belə ki, müstəqillik əldə etdikdən sonra 21 il bundan öncə Konstitusiya qəbul olunub. Düzdür, bir neçə dəfə dəyişiklik olunub referendum yolu ilə, ancaq hazırda dünyada gedən siyasi proseslər, müasir dövlət idarəçiliyi, iqtisadi islahatlar, hərb sahəsində gedən müasir texnologiyalar, insan hüquqlarının qorunması, dövlətin təhlükəsizliyinin təminatı, müasir idarəetmə formaları və s. ona sövq edir ki, ölkənin Konstitusiyasını da bütün bu yeniliklərə uyğunlaşdırmaq lazımdır. Bunun üçün yenə təkrar edirəm ki, Konstitusiyada olacaq dəyişikliyi hakimiyyət nümayəndələri və hakimiyyətdə olan siyasi partiya deyil, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları müəyyən edəcək. Bu gün Azərbaycan Şərqlə Qərbi birləşdirəcək layihələrə rəhbərlik edir. Qədim İpək yolun müasir dəmir ipək yolu ilə bərpa edib və dünyada Şərqlə -Qərbi birləşdirən bir ölkə kimi təqdim olunur, artıq öz təbii sərvətləri ilə deyil, ölkəmiz müasir iqtisadi islahatları və dünyada iqtisadi tranzit mərkəzə çevrilməsi ilə gündəmdədir. Dövlətimiz müxtəlif beynəlxalq konvensiyalara qoşulur və dövlətimizin qorunması müstəqilliyimizə zərərin dəyməməsi üçün idarəçilik formasında da bir çox islahatlara getmək lazımdır. Ölkə başçısının fəaliyyətinə dəstək olmaq, dövlətimizin idarəçilik sütunlarının daha da möhkəmlənməsi üçün mütləq lazımdır ki, idarəçilik mexanizmlərində müasir və müsbət dəyişikliklər olunsun. Buna görə də mən hesab edirəm ki, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum aktı alqışlanmalı və bu dəyişiklik ölkəmizin inkişafına, dövlətimizin qorunmasına hesablanmış mütərəqqi bir addımdır”.
“Azərbaycan iqtisadiyyatının güclənməsi vacib hal kimi qarşımıza qoyur ki, idarəçilik sahəsində müəyyən dəyişikliklər olunsun”
Politoloq dedi ki, irəli sürmüş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum aktı müasir zamanın tələbinə hesablanmış bir təkliflərdir: “Bunu istər idarəçilik sahəsində təklif olunan müddəaları, istərsədə insan hüquqlarına dair müddəaları və digər təklif olunan müddəaları incələsək, aydın şəkildə görə bilərik. Azərbaycan əhalisinin say etibarı ilə artması, iqtisadiyyatımızın güclənməsi buna imkan verir və vacib hal kimi qarşımıza qoyur ki, idarəçilik sahəsində müəyyən dəyişikliklər olunsun. Vitse-prezidentlərlə bağlı təkliflər ölkə başçısının işlərinə və dövlətimizin daha da möhkəm formada idarə olunmasına, beynəlxalq aləmdə ölkəmizin daha da aktiv fəaliyyət göstərməsinə, iqtisadi sahədə, hərbi sahədə və digər sahələrdə ölkəmizin daha da inkişafına gətirib çıxaracaq, ölkə Prezidentinin tapşırıqları zamanında və vaxtında öz həllini tapacaq. Xalqın rifahı, ölkəmizin inkişafı üçün münbit şərait yaranacaq. Prezidentlik müddətinin 7 il olması yalnız ölkəmizdə deyil, bir çox ölkələrdə mövcuddur və bu da ölkənin inkişafına, seçilmiş olan Prezidentin özünün xalqı qarşısında götürdüyü islahatları və verdiyi sözləri vaxtında başa vurmasına imkan verməsi, ölkənin inkişafına daha çox töhfə verə bilməsi, dövlətin təhlükəsizliyinin təminatı baxımından uğurlu bir seçimdir. Zaman-zaman bir çox inkişaf etmiş ölkələrdə Prezidentlik müddəti məhz elə 7 il olub. İnsan hüquqlarına dair təklif olunan müddəaları da xüsusi vurğulamaq lazımdır. Belə ki, artıq hər bir azərbaycanlı seçmək hüququnun müəyyən olunduğu yaşda, yəni 18 yaşında həmdə ölkə ərazisində təşkil olunan seçkilərdə seçilmək hüququ da Konstitusiya vasitəsi ilə tanınacaq. Bildiyimiz kimi, hazırkı Konstitusiyaya görə bələdiyyə seçkilərində namizəd olaraq iştirak etmək üçün 21 yaş, parlament seçkilərində 25 yaş, prezident seçkilərində namizəd olaraq iştirak etmək üçün isə 35 yaş tələb olunurdu. Təklif olunan dəyişikliklər əhali tərəfindən dəstəklənəcəyi təqdirdə isə 18 yaşı tamam olan və seçki qanununa uyğun gələn hər bir Azərbaycan vətəndaşı seçkilərdə seçilmək hüququndan istifadə edəcək və bu da çox demokratik bir təklifdir ki, hər kəs tərəfindən bəyəniləcəyini düşünürəm”.
“Hərb sahəsində olan dəyişikliklər ölkəmizin təhlükəsizliyinin qorunmasına hesablanmış bir təklifdir”
Onun sözlərinə
görə, hərb sahəsində olan dəyişikliklər
də ölkəmizin təhlükəsizliyinin qorunmasına və
hərb sahəmizin daha da
güclənməsinə hesablanmış bir
təklifdir: “Son dövrlərdə dünyada gedən prosesləri yada
salsaq görərik ki,
hərbi sahədə də verilən təkliflər
vaxtında və zamanında verilən bir
təkliflərdir. Hesab edirəm ki, bu
təklif olunan müddəaları hər
bir seçici incələsin
və onda görəcək ki, Konstitusiyaya əlavə
və dəyişikliklərlə bağlı referendum
aktı ölkəmizi daha da
müstəqil, demokratik , qüdrətli,müasir
və təhlükəsiz bir dövlətə
çevirəcək”.
Fuad Hüseynzadə
Palitra.-2016.-22 sentyabr.-S.7.