Şərq ölkələrində
qanlı olaylar təşkil edən Qərb dövlətləri
ölkəmizdəki müxalifətə niyə qucaq
açır?
Tahir Kərimli:
“Qərb nəyin bahasına olursa- olsun müxalifəti təşkilatlandırıb,
Azərbaycana təsir rıçaqları axtarır”
Son günlər müxalifət təkcə keçirdiyi mitinqlərlə deyil, o mitinqlərdə yaşanan olaylar və digər arzuolunmaz hallarla gündəmə gəlib. “Milli şura”nın keçirdiyi mitinqdən sonra Müsavat partiyasının da mitinq təyin eləməsi, müxalifət düşərgəsindəki fikir ayrılığının nə dərəcədə dərin olmasından xəbər verdi. Digər diqqət çəkən amil isə hər iki siyasi qüvvənin təşkil etdiyi aksiyalara proqnozlaşdırdıqları saydan az adamın gəlməsi oldu. Həmçinin, bu mitinqlərdə bir arzuolunmaz yenilik də yaşandı. Bu da dinin siyasətə qatılması cəhdləri idi. Sirr deyil ki, sosial bazasını itirən müxalifət meydanı doldurmaq üçün həmişə hər cür variantlara əl atıb. Pul ilə mitinqə adamların yığılmasından tutmuş, hər adama bir bayrağın verilməsinə qədər olan variantları yoxlayıblar. Əldə şüar və bayraq çox olanda, axı stadion daha çox dolu görünür ... İndiki halda isə stadiona radikal dindarların da cəlb edilməsi təhlükəli hal kimi dəyərləndirilir. Bundan da, təhlükəli hal isə dini siyasətə qatıb ərəb ölkələrini viran qoyan Qərbin məhz bu mitinqlərdə müxalifətə “dindarlara da meydan verin” tapşırığı olması oldu. Azərbaycanın davamlı inkişafı, onun beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədə təhlükəsizlik və sabitlik ABŞ və Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir. ABŞ və Qərbin anti-Azərbaycan dairələri hər dəfə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən hadisələr ərəfəsində fəallaşır, demokratiya adı altında müxtəlif QHT şəbəkəsi və media vasitəsilə ölkəmizə qarşı çirkin kampaniya təşkil edirlər. Müxalifətin təşkil etdiyi son mitinqlər də Qərbin bu kampaniyasının tərkib hissəsidir.
Bunu deməyə xeyli əsas da var.
Elə
millət vəkili Tahir Kərimli də, müxalifətin
xarici amillərlə daim bağlı olmasının sirr
olmadığını dedi. Müsahibəni oxuculara təqdim
edirik:
-Müxalifətin referendumla
bağlı təşkil etdiyi mitinqlərdə dini
sferanın önə çəkilməsi, radikal
dindarların siyasi çağırışlarla mitinqlərə
cəlb etməsi nə dərəcədə təhlükəli
haldır?
-Doğrudan
da mitinqlərə fikir versək, deyə bilərik ki,
buradakı çıxışların məzmununun heç
beş-on faizi referendumla bağlı deyildi. Ancaq hakimiyyət
kifayət qədər imkan verdi ki, bunlar
referendumla bağlı öz təşviqatlarını
aparsınlar, kütləvi tədbirlərini keçirsinlər.
Müxalifətə öz sözlərini demək
üçün meydan verildi. Amma yalandan
toplaşmaq azadlıqlarının olmadığını
bağıranların başqa mənzərəni
yaratdıqlarını gördük. 11
sentyabr mitinqinin sona çatmasına diqqət çəkmək
istərdim. Bu mitinqin
videogörüntülərinə baxmışam. Videodan aşkar görünür ki, problemsiz
keçirilən mitinq bitsə belə, stadiondan kənarda
xüsusi şüarlar səsləndirilir və aksiya bilərəkdən
ehtiyac duyulmayan bir istiqamətə yönəlir. İcazə verilən məkandan kənarda belə
halların yaradılmasına nə ehtiyac vardı axı?
Hətta diqqət çəkən məqam odur
ki, bu adamların bəzilərinə belə hallara yol verməməklə
bağlı xəbərdarlıqlar edilsə də, həmin
insanlar öz bildiklərini edirlər. Ən
çox diqqəti cəlb edən isə o idi ki,
sualınızda da qeyd etdiyiniz kimi, müxalifət
yavaş-yavaş dini sferaya yönləndirilib. Bu mitinqdə hicablı, saqqallı insanlar, dini kəsimi
təmsil edənlər daha fəal görünürdülər
və çoxluq təşkil edirdilər. Məsələyə başqa tərəfdən
baxanda isə deyə bilərəm ki, mitinqlə bağlı
fotolardan görünür ki, həmin dini kəsimi təmsil
edənlər əllərində həbsdə olan bəzi
problemli, polis işçilərimizin ölümü ilə nəticələnən
məlum hadisələrin baş verməsinin səbəbkarı
olan dindarların fotolarını tutublar. Əvvəla,
Azərbaycanda din dövlətdən ayrıdır. Yəni,
din siyasət üçün alət ola
bilməz. Din bizim mənəvi tərəfimizdir. Dindən
siyasət adına istifadə edənləri
kəskin şəkildə qınamalıyıq. İkincisi isə nə vaxtdan Qərbə meyillənən
siyasi təşkilatlar dindarlarla qardaş oldular axı? İki ayrı-ayrı ideologiyanın təmsilçisi
bir yerdə necə birləşə bilərdi?
- Bu barədə sualı belə
qoymaq istərdik ki, bəs müxalifəti hansı gizli əl,
hansı qüvvə dini amildən istifadə etməyə
vadar etdi, heç vaxt yaxın buraxmadığı radikal
dindarlarla “qardaş” etdi?
-Ona
görə ki, müxalifət özü sosial bazasını
qura bilmir. Mitinqlərdə say çoxluğunu necə təmin
etmək olardı? Həm də burada Qərb
amili də var idi. Ümumiyyətlə bir
şeyi deyim ki, bu adamların ideologiyası yoxdur. Əgər
ən radikal din xadimlərindən tutmuş, ən liberal,
dünyagörüşlü insanlar bir yerə toplanırsa,
bu o deməkdir ki, artıq müxalifət bütövlükdə
ideologiyadan məhrum vəziyyətə düşüb. Onlar vahid ideologiya, vahid bayraq altında da, birləşə
bilmirlər. Deməli bu adamların məqsədi
odur ki, nəyin bahasına olursa-olsun, insanlar mitinqə gəlsinlər.
Daha o amillərin əhəmiyyəti yoxdur ki,
bura hansı kəsim gələcək, gələnin məqsədi,
məramı, niyyəti nədir, radikaldır ya yox və s.
Amma xalq açıq şəkildə gördü ki, bu
mitinqlər heç də onların arzu elədiyi vəziyyətdə
deyildi. Yəni, müxalifət hakimiyyəti
ciddi tənqid də edə bilmədi, tənqidlərdə isə
qərəz görünürdü. Çünki
ortaya tutarlı səbəblər qoya bilmədilər. Sifarişli mitinq belə də olmalı idi. Özləri də bilirlər ki, hakimiyyətə gəlmək
imkanları yoxdur. Heç, bu adamların
sözünü beynəlxalq aləmdə eşidən də
yoxdur axı. Dindarların arzuları- həbsdə
olan dustaqların azad olunması onların imkanı xaricindədir.
Xalq gördü ki, bu mitinqlər hakimiyyət
uğrunda mübarizə deyil, müxalifətin aparıcı
qüvvəsi olmaq uğrunda aparılır. Sadəcə mövqe savaşıdır, mübarizənin
məqsədi budur. Bu xətt
özünü mitinqlərdə də göstərdi. Birinci mitinqə uzun illərin yuxusundan
ayılmış müxalifətin
çağırışına müəyyən qisim
insanlar gəlsələr də, sonradan həmin adamlar bu
düşərgənin tədbirinə qoşulmaqdan imtina
etdilər. Sonrakı mitinqlərdə açıqca
göründü ki, nəinki xalq bunların əməllərindən,
niyyət və yalanlarından bezib, doyub, eləcə də
onlara dəstək olduqlarını göstərən az bir dindar qism də tez zamanda
yanlışlığını anladı. Xalqın
gözü tərəzidir. İnsanlar
gözəl görürlər və bilirlər ki, müxalifət
düşərgəsindəki qüvvələr bir-birinə
qarşı mübarizə aparırlar. Xalq
bunların ambisiyalarından bezib. Dini kəsimi təmsil
etdiklərini iddia edənlərin bu aksiyada iştirakı həm
də mitinqlərin iç üzünü ortaya qoydu. Əgər sual verilsə müxalifətin
keçmişdəki mitinqlərindən bu mitinqlərin fərqi
nə oldu? Deyərdim ki, son mitinqlərdə
dini kəsim ideyası və dini şüarlar dindarların
çoxluğu göz önündə idi. Bunun da təhlükəli və özəl səbəbləri
var.
-Bəs,
mitinqlərdən öncə Qərb ölkələrinin Azərbaycandakı
səfirlikləri ilə qurulan təmasların
çoxalması onu deməyə əsas verirmi ki,
bütün ssenarilər xaricdən hazırlanır?
-Məsələni
çox düzgün qoydunuz. Bu gün ABŞ və
onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə
müstəqil ölkələrin daxili işlərinə
müdaxilə edir, sabit cəmiyyətlərdə xaos
yaradır, hakimiyyət çevrilişləri ssenariləri həyata
keçirir. Müxtəlif ölkələrdə
həyata keçirilən hakimiyyət çevrilişi və
hərbi müdaxilə ssenariləri qanlı müharibələrə,
on minlərlə insanların ölümünə,
sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb
olub.
KİV-lər hətta saatına kimi dəqiqliklə Qərb
ölkələrinin səfirlərinin və nümayəndələrinin
müxalifət liderləri ilə görüşləri
haqqında yazmışdı və maraqlıdır ki, bu
yazıya müxalifətin özündən etiraz gəlmədi. Çünki
bu məlumat, yazı tamamilə faktlara əsaslanmışdı.
Bu amil də onu göstərir ki, Qərb nəyin
bahasına olursa- olsun müxalifəti təşkilatlandırıb,
bəzi müxalif düşüncəli siyasətçilərdən
istifadə edib Azərbaycana təsir rıçaqları
axtarır. Yəni, Azərbaycan hakimiyyətinin ciddi
qüvvə və ölkədə sabitliyin mənbəyi
olmasına, xalqın da bu sabitliyi qəbul etməsinə, eləcə
də xalqın birmənalı şəkildə seçkilər
yolunu seçməsinə, Ərəb ölkələrindəki
variantdan imtina etməsinə pərişan olan Qərb bu
adamları toplayıb onlardan maşa kimi istifadə edir. ABŞ və onun partnyorları bizdən əvvəl
Misir, İraq, Liviya, Suriya və digər ölkələrdəki
qanlı olayları bu tipli müxalifətin əli ilə etdilər.
Odur ki, Şərq ölkələrindəki son
vəziyyətə görə Qərb dövlətləri
birbaşa cavabdehlik daşıyırlar.
Qərb ölkələri bizim səbatsız müxalifətdən
də hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etmək
niyyətində idi, bunun üçün də
görüşlər təşkil olundu. Vaxt o qədər
dar idi ki, əvvəllər görüşlər gizlin aparılırdısa,
indi bu təmasları gizlətmək mümkün olmadı.
Bu işdə tələskənliyə yol verdilər.
Venesiya Komissiyasının indiki rəyi kimi... Vaxt
azlığı bu qüvvələri
çaşdırdı və xalqın gözünün
qabağında belə bir təlimatlar verildi.
“Azərbaycan
hakimiyyətinin ciddi qüvvə və ölkədə
sabitliyin mənbəyi olmasına, xalqın da bu sabitliyi qəbul
etməsinə, eləcə də, xalqın birmənalı
şəkildə seçkilər yolunu seçməsinə,
Ərəb ölkələrindəki variantdan imtina etməsinə
pərişan olan Qərb bu adamları toplayıb onlardan
maşa kimi istifadə edir.”
Təbii ki, Qərbin hakimiyyətə təzyiq
üçün tətbiq etdiyi belə metodlar uğur qazana
bilməzdi. Çünki xalq məsələnin mahiyyətini
anladı və əslində, xalq gözəl bilir kimin
ardınca getmək lazımdır. Xalqın
bu qüvvələrə əks hərəkət etməsi
mitinqlərin kütləvi olmamasından aşkar
göründü. Bu təmasların ortaya
çıxması müxalifətin hakimiyyətə
qarşı və ümumilikdə dövlətçiliyə
qarşı xarici faktorlardan yararlanmaq cəhdidir ki, bu da pislənməlidir.
Birmənalı şəkildə siyasi partiyalar
haqqında qanun xaricdən maliyyələşməyi və
xarici amillərdən təlimatlanmağı qəbul etmir.
-
Müxalifətin ayrı-ayrılıqda aksiya təşkil etməsini
vurğuladınız. Vahid məxrəcə gələ
bilməyənlərə Qərb necə inanır axı?
Bunların öz aralarındakı davaları heç bitmir, nəinki
təşkilatlanmaları ola...
-Elə məsələ də ondadır ki, Qərb
bunlardan oyuncaq kimi istifadə edib atır. “Milli
şura” heç cür Müsavat partiyasının bu qurumdan
çıxmasını bağışlaya bilmir və
oradakı siyasətçilər bunu həzm etməyəcəklər
də. İndiyə kimi də “milli şura”dakılar
Müsavatı sıradan çıxardıb özlərini
vahid cəbhə kimi ortaya qoymaq istəyirlər. AXCP və
onun əsasındakı qüvvələrlə yeni müxalifət
anlayışı gətirmək istəyirlər. Ard –arda
alternativ mitinqləri təşkil etmələri də bu
amilin göstəricisidir. İkinci bir tərəfdən
“milli şura”dakılar Müsavatın zəifliyini də
önə çəkməyə çalışırlar.
Onlar istəyirlər ki, müxalifətdə ən
güclü özlərinin olduqlarını isbatlayalar.
Belə olan halda xaricdən də diqqətləri özlərinə
çəkə bilirlər axı... Yəni,
ölkədə müxalifət mənəm, əsas
müxalif qüvvə bizik, nə işiniz,
tapşırığınız, yardımızın olsa,
yalnız bizimlə təmasa girin. Hər
iki qüvvə keçmişdə gücünün doxsan
faizini itirib. Amma müəyyən qədər
gücləri də qalıb. Dirənməyə,
çoxluğun onların tərəfində olduğunu
göstərməyə çalışırlar. Burada xalqın da diqqəti bir daha o amilə yönəldi
ki, bu qüvvələr mitinqlərlə bir-birinə
qarşı mübarizə apardılar. Arif Hacılı
və ya Əli Kərimli, Müsavatla AXCP sanki yarışa
çıxdılar ki, hansımız daha çox müxalifət
adına iddialı ola bilərik. Müsavatdan çıxan Tural Abbaslı belə bu hərəkətlərdən,
daxili intriqalardan bezib bu amilə görə sözügedən
qüvvələrdən uzaq durduqlarını nümayiş
etdirdi. Hətta, öz içlərindən
özlərinə nifrət oyada bildilər, nəinki xalqdan.
Sadiq fəalları bu gün bu adamlardan imtina etməkdə
davam edirlər. Çünki onlar da bezirlər
və görürlər ki, liderlərinin niyyətləri
heç də dövlət və hakimiyyət istəyinə
bağlı deyil. “Kim daha
güclüdür?” prinsipi ilə davranırlar. Ona görə də geniş kütlə bu qüvvələri
dəstəkləmədi və dəstəkləməyəcək
də. Get-gedə rəzil olurlar axı.
Birləşə bilməyən qüvvələr
hakimiyyətə gəlib xalqa nə verə bilərlər
axı? Qısası, sadaladığımız amillər
xalqa gün kimi aydın oldu deyə, xalq arasında olan az qismli narazı elektorat bu adamları dəstəkləmədi.
Tural TAĞIYEV
Palitra.-2016.-23 sentyabr.-S.5.