“Şahdəniz-2“ platformalarının iki üst tikilisinin inşasının 93 faizi tamamlanıb

 

"Şahdəniz-2" platformalarının iki üst tikilisi hazırda ATA (Amec-Tekfen-Azfen) konsorsiumu tərəfindən Bibiheybət ərazisindəki "Azfen" tikinti quraşdırma sahəsində inşa edilir. Üst tikililərlə bağlı işlər qrafikə uyğun davam edir və onların 2017-ci ilin yay aylarında dənizdə quraşdırılması planlaşdırılır.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrellin iştirakı ilə üst tikililərin inşası üzrə zavodda keçirilən təqdimatda bildirilib. Üst tikililərin inşası üzrə layihə meneceri Rəhman Rəhmanov qeyd edib ki, "Şahdəniz-2" platformasının üst tikililərin ümumi çəkisi 28 min 500 ton təşkil edir. O, 16 min 500 boru qovşaqlarının və 881 kilometr kabel xəttindən ibarətdir. İki üst tikili çəkisi 12 min ton təşkil edən yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsindən, çəkisi 16 min 500 ton olan hasilatdikborular platformasının göyərtəsindən ibarətdir. Hazırda iki üst tikilinin inşasının 93 faizi tamamlanıb. Yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsi üzrə işlərin 98 faizi, hasilatdikborular platformasının göyərtəsi üzrə işlərin isə 91 faizi başa çatıb. Artıq yaşayış blokları və texnoloji təchizat platformasının göyərtəsində 50 yaşayış modulu quraşdırılıb. "İşlərin bu cür irəliləyişi bizə imkan verdi ki, planlaşdırılmış tarixi üç ay qabaqlayaraq "Şahdəniz-2" üzrə üst tikilinin istismar sınağı fəaliyyətlərinə bu ilin martında başlayaq. Hazırda istismar sınağı fəaliyyətlərinin ümumilikdə 40 faizdən çox hissəsi tamamlanıb", - deyə layihə meneceri əlavə edib. Qeyd edək ki, Azərbaycandakı dünya səviyyəli tikinti sahələrinin tarixində ilk dəfə olaraq "Şahdəniz-2" platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. BP-nin "Şahdəniz-2" üzrə vitse-prezidenti Yuan Dramond məlumat verib ki, "Cənub Qaz Dəhlizi"nin icrası çərçivəsində "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işlərinin 82 faizi tamamlanıb. O qeyd edib ki, bu iki layihənin icrası üzrə indiyədək 18 milyard dollarlıq müqavilələr imzalanıb. Hazırda layihələrin icrası uğurla davam edir. SOCAR prezidenti Rövnəq Abdullayev deyib ki, Avropaya qaz nəql edənədək Azərbaycan tam qazlaşdırılacaq: "Bu işlər müvafiq dövlət proqramı çərçivəsində həyata keçirilir. Bu proqramın icrası ölkə başçısının xüsusi nəzarəti altında reallaşdırılır. Mütəmadi olaraq görülən işlər barədə Prezidentə hesabat verilir". O əlavə edib ki, SOCAR qazlaşdırma işləri ilə bağlı kifayət qədər böyük həcmdə görüb: "Bəzi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. 2010-cu ildə aktiv abonentlərin sayı 780 minə yaxın olduğu halda, bu gün 1 milyon 980 minə yaxındır. Bu isə o deməkdir ki, təsərrüfat subyektlərinin 92%-ə qədəri qazlaşdırılıb. Bu gün bu sahədən bizim böyük gəlirimiz yoxdur". Rövnəq Abdullayev deyib onu da qeyd edib ki, yaxın vaxtda Yunanıstanın rəhbərliyi ilə DESFA-nın özəlləşdirilməsi məsələsi müzakirə ediləcək: "Tez bir zamanda görüşümüz nəzərdə tutulub. Görüş Yunanıstan rəhbərliyi ilə olacaq. Məsələyə aydınlıq gətirəcəyik. Yəqin ki, bu ayın sonu Yunanıstana gedəcəyəm və biz məsələləri konkretləşdirəcəyik".

 

Anar

Palitra.-2016.-23 sentyabr.-S.10.