“Biz Azərbaycanın dünyaya
açılan pəncərəsiyik”
Orxan Həsənli:
“Həm yerli KİV-lərlə əməkdaşlıq edir, həm
də sosial şəbəkələr vasitəsilə öz
fəaliyyətimizi layiqincə yerinə yetirməyə
çalışırıq”
Müsahibimiz
Orxan Həsənli Türkiyənin Uşak Universitetinin
İqtisadiyyat fakültəsində maliyyə ixtisasi üzrə
təhsil alır. Eyni zamanda Uşak Universitetinin Azərbaycan Mədəniyyətini
Tanıtma Klubunun sədridir. Lobbiçilik fəaliyyətləri
ilə məşğuldur
-Uşak
Universitetində tədrisdə nə dərəcədə
inormasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə
olunur?
-Ümumiyyətlə,
Uşak Universiteti Türkiyədə yeni yaradılan
Universitetlərdən biridir. 2006-cı ildə
yaradılan və yaradıldığı tarixdən bu
günədək Türkiyənin ən öndə gedən təhsil
ocaqlarından biri olmağı hədəfləyən
Uşak Universiteti həm təhsilinə, həm də xarici tələbələrinin
sayına görə Türkiyənin digər universitetlərindən
seçilir. Universitetdə keçirilən
dərslərdə informasiya kommunikasiya texnologiyalarının
əhəmiyyəti ön plandadır. Belə
ki, internet xidmətinin təşkili nəticəsində
yüksəksürətli qoşulma üsulundan istifadə etməklə
internetə çıxış imkanı
yaradılmışdır. Gənclərin
yüksək intellektə sahib olması, dünyada baş verən
yeniliklərə və elmə sahib olması, həmçinin
perspektiv informasiya texnologiyaları vasitəsilə təhsilin
keyfiyyətinin yüksəldilməsi üçün
universitetdə hər cür şərait
yaradılmışdır ki, biz tələbələr də
keçirilən dərslərin əksəriyyətində
müasir informasiya kommunikasiya texnologiyalarından (İKT)
bacardığımız qədər yaxşı mənada bəhrələnməyə
çalışırıq.
Uşak Universitetinin rektoru Sait Çelik bəy də
universitetin yüksək səviyyədə fəaliyyət
göstərməsi və digər universitetlərlə rəqabətdə
geri qalmaması üçün əlindən gələn
bütün səyləri göstərir.
-Ümumiyyətlə, bu universitet hansı
keyfiyyəti ilə seçilir?
-Bir az əvvəl qeyd etdiyim kimi, Uşaq Universiteti
Türkiyədə xarici tələbələrə ən
çox üstünlük verən universitetlərdən
biridir. Belə ki, universitet xarici tələbə
sayına görə Türkiyədə 10-cu sıradadır.
Universitet öz səviyyəsini istənilən
sahədə beynəlxalq standartlara
uyğunlaşdırmağa çalışır. Türkiyədə yaxın zamanda açıklanan
yenilikçi universitetlər arasında bizim universitet də
yer almaqdadır.Universitet ərazisi şəhərin yüksək
bir nöqtəsində yaşıl əraziyə və
gözəl bir gölə sahib çevrədə inşa
edilmişdir. Ərazidə üzmə
hovuzu, qapalı idman salonu, teatr və konfrans zalları və
s. kimi, tələbələrə yararlı müxtəlif
sahələr yer almaqdadır. Çox
sayda kitablardan, qrup şəklində və ya şəxsi
çalışmaların edilə biləcəyi otaqlardan və
son model kompüterlərdən ibarət kitabxananı
xüsusi qeyd etmək istərdim. Uşak Universiteti hər
zaman websaytında yer alan anketlərlə
öz tələbələrinə universitetə dair məsələlərdə
qərar vermə fürsəti də verir. Bu
anketlər, həmçinin tələbələrə
keçirilən hər hansı təşkilati işlərdə
istiqamət vermə, eləcə də müəllimlərlə
bağlı müvafiq sorğu, minnətdarlıq və
tövsiyələr bildirmə imkanı da yaradır.
Universitetdə fəaliyyət göstərən laboratoriya
binasında texniki fakültələrdə təhsil alan tələbələrin elmi işlər
görməsi üçün olduqca gözəl şərait
yaradılmışdır. Mənə elə gəlir
ki, yuxarıda sadaladığım göstəricilər hər
bir tələbənin arzusunda olduğu universitet
üçün səciyyəvi göstəricilərdir.
-Yeni yaratdığınız klubun əsas
hədəfləri nədir?
- Azərbaycan Mədəniyyətini Tanıtma Klubu
(“Azerbaycan kültürünü tanıtma topluluğu”)
adı altında fəaliyyət göstərən klubumuz
2014-cü ilin fevral ayında yaradılmış və bu
gün də fəaliyyət göstərməkdədir. Klubumuzun əsas hədəfi
həm universitet daxilində, həm də Uşak şəhərində
Azərbaycan mədəniyyətini, onun milli-mənəvi dəyərlərini,
tarixini, ədəbiyyatını, mədəni irsini yerli və
xarici tələbələrə və Uşak əhalisinə
çatdırmaq, tanıtmaq və sevdirməkdir.
Biz, əsasən, Qarabağ həqiqətlərini
Uşak ictimaiyyətinə çatdırmaqla məşğul
oluruq.
-Virtual dünyada təbliğat
üçün hansı layihələr nəzərdə
tutubsuz?
-Virtual
dünyada təbliğat üçün nəzərdə
tutduğumuz layihələr, əsasən, mədəni
irsimizlə əlaqəlidir. Belə ki, gələcək
günlərdə bu mövzuda qısametrajlı film çəkməyi
planlaşdırırıq. Əlavə
olaraq elektron jurnal dərc etdirməyi də nəzərdə
tutmuşuq.
Hər zaman öz “Facebook” səhifələrimizdə Azərbaycan-Türkiyə
qardaşlığı tarixi bağlılıqlarımız
haqqında önəmli bilgilər paylaşırıq və
bununla da sosial mediyada öz aktivliyimizi
artırırıq.Yaxın zamanlarda mədəni irsimizlə
bağlı çəkəcəyimiz qısametrajlı film
üçün indidən hazırlıqlar
görürük. Ssenarini hazırlamağa
çalışırıq, əlavə materiallar
toplayırıq. Bu filmi Azərbaycan
türkcəsində deyil, Türkiyə türkcəsində
çəkməyi düşünürük, ona görə
ki, hədəf kütləmizin ortaq dili Türkiyə
türkcəsidir.
Gələk e-jurnal məsələsinə. E-jurnalı 2
ayda bir dərc etməyi düşünürük. Jurnalımızın adını hələ tam dəqiqləşdirməmişik,
ancaq hazırlıq işlərimiz gedir. Mövzularımız
ümumi olacaq, yəni Azərbaycan-Türkiyə arasında
olan strateji əlaqələrdən tutmuş bütün sahələrdə
olan əməkdaşlıqlar, tarixi köklərimiz
haqqında və s.
-Klubun tələbələri bir
araya gətirməkdə nə kimi rolu olacaq?
-Klub azərbaycanlı
tələbələr arasında birlik və bərabərliyi
nümayiş etdirməklə, bir az əvvəl
qeyd etdiyim kimi, Azərbaycanımızın mədəniyyətinin,
milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının,
mədəni irsinin təbliğ edilməsində böyük
rol oynayır. Əlavə olaraq qeyd edim ki, azərbaycanlı
tələbələrin birlik nümayişi yerli və xarici
tələbələr arasında yüksək qiymətləndirilir
və bu da onlarda Azərbaycanı daha yaxından tanımaq
üçün maraq oyadır.
Biz boş vaxtlarımızı səmərəli
keçirmək üçün azərbaycanlı tələbələrlə
ya kitabxanada, ya kafedə, ya da ki, bizim üçün
uyğun olan yerlərdə toplaşıb istər öz
doğma Azərbaycanımız, istərsə də dünya
haqqında olan müxtəlif mövzular ətrafında
diskussiyalar təşkil edirik. Əsas mövzumuz
Qarabağımızın hələ də şovinist ermənilər
tərəfindən işğal olunduğu və
dünyanın bunu kor-koranə izləməsi olur. Bəzən mübahisəli mövzularımız da
olur. Məsələn, “Azərbaycanlıların
dünyaya inteqrasiya etməsi” mövzusu ətrafında biz
çox danışırıq. Ümumiyyətlə,
xaricə gedib təhsil alan tələbələrimiz
ixsisaslaşmış kadr olduqdan sonra vətənə geri
qayıtmırlar və biz bunun səbəblərini müzakirə
edirik. Biz istəyirik ki, ilk növbədə
işğal olunmuş ərazilərimiz qaytarılsın və
doğma Azərbaycanımız dünyanın ən öndə
gedən inkişaf etmiş ölkələrindən olsun.
Təbii ki, bunun üçün də biz
öz üzərimizdə çox
çalışmalıyıq və vətənimizə
layiqli bir övlad olmaq üçün yaşamalıyıq.
Biz hər zaman getdiyimiz yerlərdə Azərbaycanın
başını uca tutmuşuq və belə də davam edəcəyik.
Ümummilli liderimiz Heydər Əliyevin dediyi “Mən
fəxr edirəm ki, azərbaycanlıyam!” kəlməsini biz də
özümüzə rəhbər alaraq deyirik “Biz fəxr
edirik ki, azərbaycanlıyıq! Burada mən,
sən, o, yox, burada biz varıq!” deyirik və Azərbaycanımızı
yüksək səviyyədə təmsil etməyə
çalışırıq.
-Bu vaxta kimi hər hansı tədbiriniz
olubmu?
-2014-cü ildən 2016-cı ilin yaz aylarına qədər
olan təhsil dövründə biz bir çox tədbirlər
həyata keçirmişik. Bunlardan, müharibə şəraitində
olan Azərbaycanımızın başına gətirilən
XX əsrin faciəsi sayılan Xocalı soyqırımı, qəhrəmanlıq
tariximizin 20 Yanvar səhifəsi, 9 Noyabr – Azərbaycan
Respublikasının Dövlət Bayrağı Günü,
Türkiyə-Azərbaycan arasındakı münasibətlər,
həmçinin milli-mənəvi dəyərlərimizin əbədiyaşar
rəmzi sayılan Novruz bayramı tədbirlərini misal gətirə
bilərəm. Bundan əlavə, Türkiyədə hər il təşkil olunan “Beynəlxalq tələbələrin
görüşü” adlı tədbirdə də fəal
iştirak etmişik. Tədbirlərimizə
Uşak şəhər icra başçısı, Bələdiyyə
sədri, universitet rektorumuz və bir sıra rəsmilər
qatılıb iştirak ediblər. Bundan əlavə,
azərbaycanlı tələbələrimiz də tədbirlərimizdə
fəal iştirak edir, əllərindən gələn
bütün səyləri göstərirlər və aktiv
iştirak edirlər.
-Univetsitet rəhbərliyi sizə nə
kimi dəstək göstərir?
-Maddi
olaraq rəhbərlik təşkilati işlərdə fəaliyyətimizi
həyata keçirmək üçün bizi tədbir salonu
ilə təmin edib. Ümumiyyətlə isə
universitet rəhbərliyi bizə, əsasən, mənəvi
olaraq dəstək verir və fəaliyyətimizi hər zaman tədqirəlayiq
hesab edərək yüksək qiymətləndirir. Amma biz universitet rəhbərliyi ilə
görüşlər keçirəndə bizə hər
zaman maddi və mənəvi dəstək verəcəklərini
əminliklə qeyd edirlər. Universitet ərazisində
klubların daha yaxşı işləməsi
üçün yeni bina tikilir. Orada klubların fəaliyyəti
üçün hər bir şərait yaradılacaq...
-Lobbiçilik işində İKT-dən
hansı formada yararlanmaq olar?
-Biz –
xaricdə təhsil alan tələbələr
Azərbaycanın xaricə açılan pəncərəsi
rolunu oynayırıq. Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında
diaspor təşkilatları ilə yanaşı, xarici ölkələrdə
təhsil alan biz gənclərin də
xüsusi rolu olmalıdır. Çünki biz tələbələr
təhsil aldığımız ölkələrdə vətənimizin
qeyri-rəsmi səfirləri missiyasını
daşıyırıq. Biz bunun fərqindəyik
və buna görə də, sadəcə, tədbirlər
keçirməklə kifayətlənmirik. Biz texnologiya əsrində yaşayırıq.
Biz həm yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq
edir, həm də sosial şəbəkələr vasitəsilə
öz fəaliyyətimizi layiqincə yerinə yetirməyə
çalışırıq və əsas məqsədlərimizdən
biri olan Qarabağ həqiqətlərini, şovinist ermənilərin
bizim əzəli düşmənimiz olduqlarını və
işğal olunmuş ərazilərimizin, həqiqətən,
bizim ərazilər olduğunu Uşak əhalisinə
çatdırmaqdır.
-Oradakı qeyri-azərbaycanlı tələbələrlə
görüşləriniz olurmu?
-Əlbəttə ki, olur. Biz qeyri-azərbaycanlı tələbələrlə
tez-tez görüşlər keçirir, istər Azərbaycanla
bağlı bütün reallıqları çatdırmaq,
istər Dağlıq Qarabağ problemi barədə obyektiv rəyin
formalaşdırılması, istərsə də zəngin
tarixi-mədəni irsimizin təbliğ olunmasında fəal
iştirak edərək ölkəmizin həqiqət
carçısına çevrilmiş oluruq. Xarici
tələbələri təşkil etdiyimiz tədbirlərimizə
də dəvət edirik və onlar da bu tədbirlərdə
yaxından iştirak edirlər. Bundan əlavə,
biz Uşakta Beynəlxalq tələbələr dərnəyi
ilə də əməkdaşlıq edirik. Onlar da bizi öz tədbirlərinə dəvət
edirlər və bizdə sevə-sevə gedib iştirak edirik.
Həm onlar bizim mədəni irsimizlə, tariximizlə tanış olur, həm də biz onların
hansı mədəniyyətə sahib olduqlarını öyrənirik...
Sonda müsahibə üçün sizə həm
öz klubumuz, həm də öz adımdan dərin minnətdarlığımı
bildirirəm.
Fuad Hüseynzadə
Palitra.-2016.-28 sentyabr.-S.11.