Xaricdəki gənclərin İKT fəallığı
“Diaspor
sahəsində aktiv olan
gənclərimiz İKT-dən səmərəli istifadə
etməyi qarşılarına ilk şərt
kimi qoymalıdırlar”
Xaricdə yaşayan və təhsil alan gənclər yeni dövrün tələblərinə uyğun olaraq öz təbliğati işlərində informasiya kommunikasiya texnologiyalarına da üstünlük verirlər. Onlar bunu ən zəruri amil bilərək praktiki işlərində tətbiq edirlər. Gənclərin İKT-yə bu cür maraqlı olması, hər halda, onların təhsillərindən də irəli gəlir. Yəni gənclər təhsil aldıqları xarici universitetlərdə həm də İKT biliklərinə yiyələnirlər. Ayrıca onlar təhsili, əsasən, məhz İKT vasitəsilə alırlar. Bütün bunlar bu və ya digər formada onların ictimai fəaliyyətlərinə də müsbət mənada təsir edir. Elə bunun nəticədir ki, son illər xaricdəki gənclərin bir çox fəaliyyəti effektiv nəticə verir. Əvvəllər diaspor hədəfinə çatmaq üçün 10 ilə gedilən yolu, müasir gənclik çox az müddətə qət edir.
Xaricdəki aktiv gənclərlə əlaqə saxlayıb bu mövzuda fikir mübadiləsi apardıq. Azərbaycan-Kipr Gənclər və Dostluq Alyansının rəhbəri, Diaspor Jurnalistləri Birliyinin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli bildirir ki, İKT, əslində, informasiyanın əldə olunması, saxlanılması, təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahədir: “Bu gün Azərbaycanda İKT sahəsindəki addımlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamət üzrə davam etdirilir. 2003-cü ildə təsdiq edilən Azərbaycanın inkişafı üçün informasiya kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012) bu istiqamətin Azərbaycan Respublikası üçün vacibliyini və önəmini vurğulayan ilk rəsmi sənəddir”.
“İKT sahəsində
uğurlu addımlarımız
göz önündədir”
Onun sözlərinə görə regionun ən dinamik ölkəsi kimi inkişaf edən Azərbaycan bu gün İKT-nin inkişaf etdirilməsi üçün böyük imkanlara malikdir: “Azərbaycanın diaspor təşkilatları və diaspor sahəsində aktiv olan gənclərimiz İKT-dən səmərəli şəkildə istifadə etməyi qarşılarına ilk şərt kimi qoymalıdırlar. Xaricdəki soydaşlarımızın diaspor fəaliyyətində həqiqətlərin cəmiyyətə ötürülməsində İKT-nin vacibliyi əsasdır. İKT sahəsində uğurlu addımlarımız göz önündədir. Bir çox diaspor təşkilatlarımızın internet kanalı və xəbər saytları mövcuddur ki, düzgün məlumatları həm Azərbaycan dilində, həm də təşkilatın yerləşdiyi ölkənin dilində əhaliyə çatdırır. Əlbəttə ki, bunlar yetərli deyil, daha geniş işlər görmək vacibdir. Diaspor təşkilatlarımız gərək həmin ölkənin yerli televiziya kanalları və xəbər portalları ilə sıx əməkdaşlıq etsin ki, istəyimizə yeri gəldikcə layiqli formada çataq. Bir məsələni qeyd edim ki, Kiprdə hər gün səhər saat 5-də radionu açdıqda ilk olaraq Azərbaycan mahnılarının Rübabə Muradova tərəfindən səslənməsi insana xoş təəssürat bağışlayır. Bunu deməkdə məqsədim odur ki, Azərbaycanımız haqqında məlumatların xaricdə radiolarda və televiziya kanallarında səslənməsi gözəl bir addımdır”.
“İKT diaspor
fəaliyyətlərinin
dünyaya açılma yoludur”
Hazırda informasiya müharibəsi dövrünün olduğunu deyən R.Bədirlinin fikrincə, gərək bu müharibədə düzgünlük və səlistliklə qalib gələsən: “Bildiyimiz kimi, bizə qarşı aqressiya və düşmənçiliyi olan Ermənistan informasiya müharibəsində Azərbaycana qarayaxma və yanlış məlumatların ötürülməsinə xidmət edir. Bu məlumatların qeyri-düzgün olmasının dünyaya çatdırılması üçün Azərbaycan diaspor nümayəndələrinə İKT-dən səmərəli faydalanmaq vəzifəsi düşür. Bildiyimiz kimi, sosial şəbəkələrdə aktiv gənclərimizi görmək mümkündür. Çox gözəl haldır, amma bu işi daha da genişləndirmək lazımdır ki, bütün sosial şəbəkələrdə eyni dərəcədə aktivlik olsun”.
O, insan kapitalına daha çox önəm verməyin vacib olduğunu bildirdi: “Belə olduğu halda, İKT bizim üçün daha rahat yol olacaq. Diaspor təşkilatlarımızın xarici ölkələrdəki media, təşkilatlar, rəsmi qurumlar və digər önəmli şəxslərlə sıx əməkdaşlığı vacibdir. Əgər bir azərbaycanlı həmin ölkədəki rəsmi qurumlardakı şəxslərdən biri ilə yaxın işbirliyində olarsa, bu o deməkdir ki, bir addım öndəyik. Media və digər təşkilatlarla əməkdaşlıq isə həqiqətlərin və məlumatların daha geniş şəkildə yayılmasına dəstək olacaq amildir. Əgər təşkilat olaraq bu gün hər hansısa layihələrimizlə həmin ölkədəki nazirlə görüşə biliriksə, demək, sənin təkliflərin və anlatdığın həqiqətlər həmin ölkələrin mediasında geniş yer alacaq”.
R.Bədirliyə görə diaspor nümayəndələrimiz həm Azərbaycan, həm də yaşadıqları ölkələrin xəbər saytları ilə sıx əlaqədə olmalıdır: “Xaricdəki fəaliyyətlərin Azərbaycan saytlarında da yayılması vacibdir. Çünki bu gün mənim gördüyüm işlər sabah hansısa gəncimizə açılan yol ola bilər. Xaricdəki tələbələrimiz görülən işlərimizdən təsirlənərək ölkə xaricində Azərbaycan naminə bizlərdən də önəmli addımlar ata bilərlər. Çalışmaq lazımdır ki, hər xaricdəki diaspor təşkilatlarımızın nəzdində xəbər saytları fəaliyyət göstərsin və bu xəbər saytları həmin ölkədəki media birlikləri ilə iş birliyində olsun. İKT diaspor sahəsində fəaliyyətlərin motivasiyaverici və dünyaya açılma yoludur. Bir gənc diaspor nümayəndəsi kimi istərdim ki, xaricdəki aktiv həmvətənlərim öz fəaliyyətlərində İKT-dən səmərəli istifadəyə meyilli olsunlar”.
“Bir
çox hallarda sosial
şəbəkələrdə
məlumatı paylaşdıqda düzgün
auditoriya seçilmir”
Azərbaycan Tələbə Şəbəkəsinin Almaniya üzrə nümayəndəsi Asif Məsimovun fikrincə isə, İKT müasir dövrün ayrılmaz hissəsidir: “Artıq bu sahə getdikcə şaxələnir və insanları daha da özünə bağlayır. Müasir dövr artıq informasiya mübarizəsi və mübadiləsi dövrüdür. Biz deyə bilmərik ki, diaspor və ya digər təşkilatlar İKT-dən istifadə etmir, əsas sual, necə istifadə edir və edə bilər? İKT getdikcə yenilənir və hər bir nəsil ilə əlaqə qurmaq üçün həmin nəslin maraq və istifadəsində olan İKT-dən istifadə olunmalıdır, böyük ehtimalla bizdən sonrakı nəsillərin istifadə edəcəyi İKT-lər indikindən fərqli olacaq. Diaspor və digər təşkilatların da ən əsas problemi burdadır. Çünki yeni nəsil İKT-dən tam səmərəli istifadə edə bilmir. Məsələn, hal-hazırda yeni formalaşan və getdikcə dəbə minən “videoblogging”dən istifadə edən təşkilatlar azdır, diaspor isə görməmişəm. Hətta bir azərbaycanlının belə, maraqlarını tam çəkə bilmiriksə, necə inteqrasiya edə bilərik?! Və ya daha geniş kütləyə çıxış əldə edə bilərik?! Bir çox hallarda sosial şəbəkələrdə məlumatı paylaşdıqda düzgün auditoriya seçilmir. Ölkədə olan KİV-dən lazımi şəkildə istifadə olunmur və yerli xususiyyətlər nəzərə alınmır”.
“Yeni
yaranan İKT-lər
diqqətdə
saxlanılmalıdır”
A.Məsimov diasporun
İKT-dən necə istifadə etməsi forması
haqqında da danışdı: “Aktiv peşəkar qruplar
formalaşmalı və daim fəaliyyət
göstərməlidir. Yeni yaranan İKT-lər diqqətdə
saxlanılmalı və dəbə minəcək olanları
müəyyənləşməlidir. Passiv
fəaliyyət göstərən kadrlar bilikli aktiv kadrlarla
əvəz olunmalıdır. Görülən fəaliyyətdən
çox, onun ictimaiyyətdə
təbliğ olunmasına yönənilməlidir. Bu sahədə təlim və mübadilə
proqramları təşkil olunmalıdır. Bu
sahədə uğur qazanmış diaspor dairələri ilə əlaqə
saxlanılmalı və onların təcrübəsindən yararlanmaq lazımdır. Artıq yeni bir dövr
formalaşır, bu dövrə ayaq uydurmaq məcburiyyətindəyik,
əks təqdirdə etdiklərimizin heç
biri nəticəsini verməyəcək.
Keyfiyyəti olmayan kəmiyyət önəmsizdir!”.
Fuad Hüseynzadə
Palitra.-2016.-29 sentyabr.-S.11.