“İKT-nin
iqtisadiyyatın bütün sahələrində
tətbiqi günün ən vacib tələbinə çevrilib”
Fikrət Yusifov: “Təcrübə göstərir ki, o ölkələrin
iqtisadiyyatı daha çox
inkişaf edir ki, onlar təbii sərvətlərlə
yanaşı, elm tutumlu
məhsullar istehsal edə bilirlər. Bu baxımdan hazırda dünya
iqtisadiyyatında İKT-nin rolu danılmazdır”
Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib. Bütün bu məqsədlərə çatmaq və nəzərdə tutulan işləri sistemli şəkildə həyata keçirmək üçün ölkədə bu sahədə bir sıra dövlət proqramları qəbul edilib.
Bu günlərdə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planında bir sıra məqamlar öz əksini tapıb. Qeyd edək ki, İKT-nin, o cümlədən internet iqtisadiyyatının inkişaf etdirilməsi ənənəvi iqtisadi sahələrin inkişafında da mühüm rol oynayır. Məhz internet iqtisadiyyatı yeni istifadə və iştirak mühitlərinin yaranmasına, məhsuldarlığın artırılmasına, rəqiblər üzərində strateji üstünlüyün əldə olunmasına, tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsinə, informasiya resurslarından optimal istifadəyə və bütövlükdə cəmiyyətin rifahının yaxşılaşdırılmasına şərait yaradır. Son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib.
İnformasiya texnologiyaları iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur
Dünyanın bir sıra qabaqcıl ölkələrində sürətli iqtisadi inkişaf informasiya kommunikasiya texnologiyalarının yüksək səviyyədə tətbiqi sayəsində mümkün olduğunu deyən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, müasir şəraitdə İKT-nin iqtisadiyyatın bütün sahələrində geniş tətbiqi artıq günün ən vacib tələbinə çevrilib: “Elmi nailiyyətlər artdıqca, yeni-yeni informasiya kommunikasiya texnologiya məhsulları ortaya çıxdıqca dünya iqtisadiyyatının tələbləri də dəyişikliyə məruz qalır. Əgər əvvəllər iqtisadiyyat daha çox neft və qaz üzərində qurulurdusa, indi bu yerə getdikcə daha çox İKT sahib olmağa başlayır. Təcrübə göstərir ki, o ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir ki, onlar təbii sərvətlərlə yanaşı, elm tutumlu məhsullar istehsal edə bilirlər. Bu baxımdan hazırda dünya iqtisadiyyatında İKT-nin rolu danılmazdır”. İqtisadçının sözlərinə görə, hazırda, demək olar ki, dünyanın əksər ölkələrində informasiya texnologiyaları və sistemləri iqtisadiyyatın idarəetmə, maliyyə və bank işlərində daha çox istifadə olunur. Sənaye, kənd təsərrüfatı məhsullarının istehsalında da İKT-dən istifadə günü-gündən artmaqdadır. O da vurğulandı ki, son illərdə kənd təsərrüfatı məhsullarının yeni üsullarla istehsalında, istehsal olunmuş məhsulların saxlanması və qablaşdırılmasında, yeni toxum və becərmə texnologiyalarının işlənib hazırlanmasında informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu da nəticə etibarilə həmən məhsulların maya dəyərinin aşağı, keyfiyyətinin isə daha yüksək olmasını təmin edir.
İKT-nin iqtisadiyyatda tətbiqi yeni iqtisadiyyatın yaranmasına səbəb olub
Mütəxəssislər hesab edir ki, iqtisadi inkişafda İKT-nın rolunun artırılmasında əsas istiqamətlərdən biri də korporativ informasiya sistemlərinin yaradılması və onlardan istifadənin genişləndirilməsidir. Bu istiqamətdə daha yüksək nəticələrin əldə olunması ölkədə informasiya sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edir. Hazırda dünya ölkələri ildə informasiya texnologiyalarına 1 trilyon dollardan yuxarı vəsait xərcləyir. Məhz buna görə də bütün ölkələr üçün, ümumilikdə dünya iqtisadiyyatı üçün bu xərclərin hansı dərəcədə effektiv olması xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, bu, coğrafi mövqeyi və inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir.
Dünya ölkələrinin inkişafında İKT-nin rolunun əhəmiyyəti ildən-ilə dəyişir. Bunu İKT-nın tətbiq istiqamətlərinin dəyişməsi və yeniləşməsində də görmək olar. ABŞ-da İKT-nin geniş tətbiq sahəsi hərbi sahə olub. Lakin illər keçdikcə mülki sahədə İKT-nin tətbiqi və onun inkişaf etdirilməsi üçün büdcə xərcləri artırılıb və ümumi iqtisadi inkişafda yüksək nəticələrin əldə olunmasının təməli qoyulub. 2008-ci ildə aparılan araşdırmalara görə, 1998-2007-ci illərdə ABŞ-da İT-nin inkişafına çəkilən ümumi büdcə xərcləri 39 mlrd. dollardan 65 mlrd. dollara qədər artırılıb. Lakin mülki sahədə İKT-nin inkişafına büdcə ayırmaları ilə hərbi sahəyə büdcə ayırmaları 1998-2000-ci illərdə eyni olsa da, sonrakı 2001-2007-ci illərdə mülki sahəyə ayrılan xərclər hərbi sahədən çox olub.
Büdcə xərclərinin bölgüsünün bu cür dəyişməsi mütəxəssislər tərəfindən ölkədə iqtisadi inkişafın İKT-dən asılılığının artması və müasir tələbatda bu sahənin aparıcı rolunun yüksəlməsi ilə izah edilir. İKT-nin istehsalında aparıcı rola malik ölkələrdə bu inkişaf və təsir daha güclü hiss edilir. Digər ölkələr isə həmin texnologiya və məhsulları idxal etdiklərindən ölkənin iqtisadi inkişafında onların rolu aşağı səviyyədədir. Bu, hər şeydən əvvəl, texnologiyaların istifadəsinin daha baha başa gəlməsi, beləliklə də xərclərin yüksəkliyi ilə izah edilir. Ümumilikdə dünya İT bazarında İT xidmətləri daha çox üstünlüyə malikdir. İndi ölkədə İKT-nin inkişaf səviyyəsi, əslində, həmin ölkədə İT xidmətlərinin inkişaf səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş Yaponiya, Cənubi Koreya, Sinqapur kimi dövlətlərlə yanaşı, son illərdə Çin, Hindistan, bir çox ərəb ölkələri və digərlərində də İKT-nin inkişaf tempi yüksəkdir.
Bunun nəticəsində XXI əsrin əvvəllərindən başlayaraq yeni texnologiyaların tətbiqi, avadanlıqların istehsalı, güclü proqram vasitələri və məhsullarının istehsalında müvəffəqiyyət əldə olunub. Bunun nəticəsi olaraq son illərdə Asiya ölkələri proqram təminatı sahəsində ABŞ və Qərbi Avropa ölkələri ilə güclü rəqabət aparır. Həmin ölkələrdə İKT sahəsində çalışan mütəxəssislərin və ixtisaslı kadrların sayı durmadan artır. Son illərdə Şərqi Avropa ölkələrində, eləcə də MDB məkanında olan ölkələrdə də informasiya texnologiyalarının avadanlıqlar istehsalı və proqram təminatı məhsullarının istehsalına xüsusi diqqət verilir.
Bütün sahələrdə İKT-nin geniş tətbiq edilməsinə və informasiya xidmətlərinin müasir
tələblərə uyğun
qurulmasına diqqət artırılır. İnkişaf
etmiş dünya
ölkələrinin təcrübələrindən yararlanaraq informasiya cəmiyyətinin
tələbatlarının yerinə yetirilməsi, elektron
dövlət və hökumət, elektron
idarəetmə, elektron ticarət, təhsil
və digər sahələrin ən müasir
tələblərə uyğunlaşdırılması üçün qərarlar qəbul edilir, yeni sistem
və fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
İKT-nin iqtisadiyyatda
tətbiqi yeni iqtisadiyyatın
yaranmasına, onun qloballaşmasına, təsiredici
faktorların tərkibinin dəyişməsinə,
iqtisadiyyatın inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə
səbəb olub. Eyni zamanda
müasir dövrdə İKT-nin
tətbiqi hər bir müəssisə rəhbərinin
qarşısında vəsaitlərin istehsalın
artırılmasına və ya informasiya sistemlərinin yaradılmasına
qoyulması problemini meydana
çıxarır. Çünki bu gün istənilən
müəssisə bazarda öz
yerini saxlamaq üçün effektiv
işləyən informasiya sisteminə
malik olmalıdır. Eləcə də bütün bunlar onu göstərir ki, İKT-nin iqtisadiyyatda mühüm rolu var, onun iqtisadiyyatda
tətbiqindən faydalanmaq lazımdır.
Nigar Abdullayeva
Palitra.-2016.-29 sentyabr.-S.11.