İKT-dən istifadədə mənfi amillərlə bağlı maarifləndirmə yüksəldilməlidir

 

Pedaqoqların fikrincə, İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompüter asılılığının əmələ gəlməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması neqativ amillərdəndir

 

İnformasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Bu gün ölkədə ən son texnoloji yeniliklər tətbiq edilib, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilib. Evlərdə, yerlərində istifadə edilən kompüterlərin sayı artıb. Bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, bu yaxınlarda ölkə başçısının sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Burada bir çox məqamlar öz əksini tapıb. Dövlət Proqramından gözlənilən nəticələrdən biriodur ki, təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək, informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq, ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək. Eyni zamanda Dövlət Proqramının məqsəd və vəzifələrindən biri kimi informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi də öz əksini tapıb. Hazırda təhsildə və digər sahələrdə çalışanlar da İKT-dən istifadənin mühüm amil olduğunu, lakin mövcud problemlər və onun qaldırılmasının vacib olduğunu deyirlər:

132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova bildirdi ki, təhsil müəssisələrində mövcud olan texnologiyadan, o cümlədən kompüter və internetdən səmərəli istifadə olunmaması elektron təhsil quruculuğuna ləngidici təsir göstərir: “İKT-nin sağlamlığa zərər vurması, uşaqlarda kompüter asılılığının əmələ gəlməsi barədə cəmiyyətdə mənfi fikirlərin olması neqativ amillərdəndir. Uşaqlar daha çox oyunlar oynamaq xatirinə ondan istifadə edirlər. Nəzərə alsaq ki, artıq 3 yaşlı körpə kompüterə can atırsa bu uşaqlarda olan marağın həddən artıq ifrat dərəcəyə çatmağından danışılır. Bunlardan əlavə, bəzən məktəblilərin, xüsusən yuxarı sinif şagirdlərinin kompüterdən istifadə qaydalarını müəllimlərdən daha yaxşı bilməsi dərs zamanı uşaqların əylənməsinə yol aça bilər. Artıq belə problem MDB məktəblərində ortaya çıxır. Məlum olub ki, bəzi məktəblərdə interaktiv rejimdə aparılan tədrislərdə şagirdlər dərslə deyil, bir-birlərinə mesaj göndərməklə və ya oyun oynamaqla məşğul olurlar. İnformatik savadı aşağı olan müəllimlərin isə şagirdlərin belə “hiylələrindən” xəbəri olmur. Ona görə də bu gün pedaqoqların Microsoft Windows XP əməliyyat sistemi, MS Office paketi, multimedia, qrafika, dizayn proqramları ilə yaxından tanış olması, interaktiv lövhədə işləmək və internetdən səmərəli istifadə etmək qaydalarını yaxşı bilməsi artıq zamanın tələbidir. Kompüterin bütün incəliklərinə dərindən bələd olmaq üçün pedaqoqlar dərsdənkənar əlavə vaxtxeyli enerji sərf etməlidir”.

 

Sosioloq Gülnar Nəzərova isə deyir ki, bu gün uşaqların kompüterdən daha çox istifadə etdiyininmüasir dövrün tələbləri sırasında olan kompütermobil telefonlardan bir çox hallarda uşaqların da istifadə etdiyinin şahidi oluruq: “Bəzən hətta 3-4 yaşlı uşaqların telefondan istifadəsinin şahidi oluruq. Övladını düzgün tərbiyə etməyi bacarmayan valideynlər asan çıxış yolunu mobil telefonlarda görürlər. Valideynlər “təki uşaq sakitləşsin” düşüncəsiylə hələ yenicə dil açmış uşaqların fiziki və mənəvi inkişafına necə ağır zərbə vurduqlarını bəzən anlamırlar. Bəzən isə “bir dəfə ilə bir şey olmaz” deyə düşünsələr də, zamanla uşaqlarda telefondan asılılıq yaranmazı qaçılmaz olur. Eyni zamanda məktəbyaşlı uşaqların da kompüterdən istifadəsi onların dərslərini həll etməkdə köməkçi vasitə kimi görünsə də, bunun uşaqların dərs xaricində bütün vaxtını aldığını da müşahidə edirik. Bu səbəbdən valideynlər qadağa qoyaraq deyil, övladlarını düzgün istiqamətləndirməklə bunu bacarmalıdırlar. Bunun üçün valideynlər övladları ilə lazımi qədər vaxt keçirməli, onların dərslərini hazırlayıb-hazırlamadıqlarına nəzarət etməli, istirahət və dərs vaxtlarını bölüşdürməkdə, vaxtdan düzgün istifadə etməkdə onlara istiqamət verməlidirlər. Uşaqların evdə vaxt keçirməsi kompüterdə vaxt keçirməsi deməkdir. Bu səbəbdən uşaqların həmyaşıdları ilə ünsiyyətinə şərait yaradılmalıdır. İstənilən vasitənin zərərli və ya xeyirli olması ilk olaraq öz əlimizdədir. Bu səbəbdən digər vasitələr kimi informasiya kommunikasiya texnologiyalarından da düzgün şəkildə istifadə edərək kifayət qədər faydasını görə bilərik”.

 

Azərbaycan TurizmMenecment Universitetinin İctimai fənlər kafedrasının baş müəllimi, kulturoloq Vüsalə Məmmədzadə isə bildirdi ki, gənclərimiz, virtual həyat tərzinə çox alışmasından irəli gələrək kitab oxumaq həvəsləri, demək olar ki, yox dərəcəsindədir: “Məlumat üçün sizə deyim ki, hər yarımil semestrin əvvəlində tələbələrə mühazirələrimin tam elektron versiyasını mütləq göndərirəm, əlavə olaraq ədəbiyyat siyahısını da göndərirəm. Seminar vaxtı tələbələrimə müraciət edəndə ki, kitabxanalardan hansı kitabları əldə etdiniz? Təəssüflə qeyd edə bilərəm ki, əgər qrupda 30 nəfər tələbə varsa, onlardan maksimum 1-3 nəfəri dərslərinə kitabdan oxumaqla hazırlaşdıqları məlum olur. Bu gün tələbələrin kompüterdən istifadə səviyyələri o qədər də qənaətbəxş deyil. Məsələn, tələbələrə dərsləri ilə bağlı hər hansı bir ev tapşırığı verdikdə onlar internet vasitəsilə məlumatları tam araşdırmadan necə gəldi, yanlış məlumatlar olsa belə oxuyub kifayətlənirlər”.

 

Psixoloq- pedaqoq Ruhiyyə Rüstamova bildirdi ki, artıq biz çoxdan əmin olmuşuq ki, internet bir tərəfdən bizim ən yaxın köməkçimiz, işimiz, əyləncəmizdir, digər tərəfdən isə bilirik ki, açıq havada gəzməyi, mütaliə etməyi, sağlam ünsiyyəti, saatlarla monitor qarşısında oturub ətraf aləmdən tədric olmaqla əvəzləyirik: Kompüter qarşısında oturan ən kiçik uşaqda belə, hər düymə hansı sirr gizlənib marağı yaranır və beləliklə beş dəqiqə yarım saata, yarım saat bir saata və beləliklə, bütün günün əyləncəsinə düymələri basmaq çevrilir. O zamana qədər ki, uşaq azyaşlıdır internetdən istifadə böyüklərin gözündə əyləncəli görünür. Sonralar isə, uşaq internetdən düzgün istifadə etmir problemi valideynlərin qlobal probleminə çevrilir. İlk növbədə valideyn bilməlidir ki, kompüter qarşısında başını qatışdırdığı uşağın onurğa sütununda problemlər yaranır, saatlarla başını aşağı əyib oturması qan dövranı sistemini pozur. Bunun qarşısını almaq üçün ən azı hündürlüyü idarə edilə biləcək oturacaq əldə etmək lazımdır. Azyaşlı uşağın öz yaşına uyğun olmayan saytlara daxil olması böyük psixoloji travmalara səbəb olur. İnsanlarla ünsiyyət azlığı nitqin zehnin inkişafına mənfi təsir göstərir. Müasir dövrün İKT- tələbinin böyük olduğunu nəzərə alsaq, onun mənfi təsirlərini sadaladığımız qədər müsbət təsirlərini gizlədə bilmərik. Belə ki, uşaq dövrümüzün tələbi olan kompüter biliklərinə yiyələnir, bir çox dilləri internet vasitəsilə öyrənir, müxtəlif onlayn dərslərin iştirakçıları olaraq bilik əldə edirlər.

 

Nigar Abdullayeva

Palitra.-2016.-30 sentyabr.-S.11.